Kamiloğlu V.

 

Afaq Bəşirqızı: “Həyatda ən qorxduğum unudulmaqdır”

 

Müsahibimiz xalq artisti Afaq Bəşirqızıdır
-Afaq xanım, hazırkı aktyorların səhnə potensialı sizi qane edirmi?
-İndi yüngül gülüş dalınca qaçan, maddi durumu yaradıcılıqdan üstün tutan aktyorlar gülüş yaratmaq üçün qorxuram sabah geyimsiz səhnəyə çıxsınlar. Tamaşaçı bəzən fikirləşir ki, mən nəyə güldüm, nə üçün güldüm. Siz elə bilirsiniz ki, güldürmək bu qədər asandır? Xeyr. Sən gərək əvvəl özün güləsən, sonra güldürəsən. Çox təəssüflər olsun ki, hazırda bayağı gülüş ayaq tutub yeriyir.
-Artıq xeyli vaxtdır “Afaq gülür, güldürür”, “ Afaq şou” efirdə yoxdur. Bu şouların yayımlanmamasına səbəb nədir?
-”Afaq şou” efirdə olanda heç bir teleməkanda şou yox idi. Həmin o lent yazıları 1995-ci ilə təsadüf edir. Elə həmin il “Bəşir” Teatrı da fəaliyyətə başladı. 2003-cü ildən televiziyada şou hazırlamıram. Bir sənətkar kimi özümə cığır açmışamsa o cığıra yenidən qayıda bilmərəm. Bu təkrarçılıq olar. Etiraf edim ki, Moskvadakı “Bəşir” Teatrı məni çox yorur. Mən eyni zamanda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında müqavilə ilə işləyirəm. Molla Nəsrəddinin yaxşı bir məsəli var. Deyir aş istəyəndə düyü, düyü olanda yağ , yağ olanda qazan, qazan olanda isə arvad olmur. Yəni bu bir aktyorun işi ilə başa gələn bir şey deyil. Bunun üçün rəssam, rejissor, ssenarist olmalıdır.
-Bildiyimizə görə, siz həm də biznesmensiniz. Maraqlıdır, neçə ildir bizneslə məşğul olursunuz?
-Mən bizneslə 1989-cu ildən məşğulam. Bu mənə həm sənətdə, həm də şəxsi həyatda köməklik edir.
-Afaq xanım cəmi iki filmə çəkilmisiniz. “Bəxt üzüyü” və “Girov”. İki film bir aktrisa üçün az deyil?
-”Girov” filmində epizodik rola çəkilmişəm. Filmin ssenarisini mənə göstərmək istəmirdilər. Çünki epizodik rol idi. Eldar Quliyevin filminə çəkilmək mənim üçün şərəfdir. Bundan əlavə 5 dəfə “Mozalan”a çəkilmişəm. Kinoya çəkilməyi bir o qədər də sevmirəm. Teatrda istədiyin sərbəstliyi edə bilirsən. Kinoda isə bu mümkün deyil.
- Çıxışlarınızdan həmişə razı qalırsınız?
-Afaq Bəşirqızını hamı bəyənmir. Bu artıq tamaşaçının zövqündən asılıdır. Mən özümə həmişə tənqidi yanaşmağa çalışmışam.
-Moskvadakı “Bəşir” Teatrı hansı ölkələrə dəvət alır?
-Almaniya, İsveçrə, İzrailə dəvət alıram. Rusiyaya gəlincə bu ölkənin ən böyük şəhərlərində qastrollarımız olur.
-Aktrisa kimi həyatda ən çox qorxduğunuz şey nədir?
- Həyatda ən qorxduğum şey unudulmaqdır. Aktyor gərək həmişə diqqətdə olsun. İstərdim peşəsindən asılı olmayaraq insanlar bir-birinə qayğı ilə yanaşsınlar.

 

İki sahil.-2007.-5 aprel.-S.6.