Heydər Əliyev Fondunun layihəsi olan  Müharibə tarixi mədəniyyət abidələrimizkitabının təqdimatı

 

Aprelin 20-də “Heydər Əliyev Fondu təqdim edir...” seriyasından nəşr olunan “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabının təqdimat mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə açan icraçı direktor Anar Ələkbərov fondun yarandığı vaxtdan öz fəaliyyətində ümummilli liderimiz Heydər Əliyevin ideyalarını rəhbər tutaraq, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mədəni irsimizin qorunması və təbliği sahəsində bir sıra mühüm layihələr həyata keçirdiyini bildirmişdir.
Fondun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən danışan icraçı direktor 2004-cü ildə müxtəlif bölmələrdən ibarət olan və 4 min səhifədən artıq məlumatı birləşdirən “Azərbaycan” internet portalının yaradıldığını, “Qarabağ həqiqətləri” toplusu hazırlandığını və onun ingilis, fransız, alman, macar və rus dillərində çap edildiyini xatırlatmışdır. Bildirilmişdir ki, fondun prezidentinin tapşırığına əsasən, qurumun dəstəyi ilə cari ilin fevral-mart aylarında dünyanın müxtəlif şəhərlərində, nüfuzlu beynəlxalq təşkilatlarda Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmiş, “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmiş, soyqırımına dair fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdur. “Qarabağ həqiqətləri” silsiləsinin davamı olaraq, Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” adlı nəşr hazırlanır. Kitaba Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dağıdılmış və zərər çəkmiş mədəni sərvətlərimizin geniş siyahısı, fotoşəkillər, kosmik çəkilişlər, xəritələr, film və multimedia diski əlavə olunacaqdır.
Heydər Əliyev Fondunun köməyi ilə nəşr edilmiş “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabının hazırlanmasında köməyə görə Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun kollektivinə təşəkkür edən A.Ələkbərov, belə layihələrin fond tərəfindən gələcəkdə də dəstəklənəcəyini bildirmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, akademiklər Bəkir Nəbiyev, Fuad Qasımzadə, AMEA-nın müxbir üzvləri Vasim Məmmədəliyev, Şahbaz Muradov, Məşədixanım Nemətova, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev, Rusiya Kulturologiya İnstitutunun direktoru Kirill Razloqov çıxış etmişlər.
Kitabda işğal altında qalan Azərbaycan ərazilərindəki 400-dən çox tarixi mədəniyyət abidəsi, ziyarətgahlar, məscid və məbədlər haqqında maraqlı, zəngin məlumatlar verilməsi, həmin siyahının genişləndirilməsi, erməni işğalçılarının viran qoyduqları abidələrin, inanc yerlərinin müəyyənləşdirilməsi və mədəniyyətə, mənəviyyata qarşı soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində araşdırma və tədbirlərin davam etdirilməsi çıxışlarda razılıq hissi ilə vurğulanmışdır. Azərbaycan həqiqətlərinin dünyaya yayılması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin tərəqqisi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüskar fəaliyyəti yüksək qiymətləndirilmişdir. Mehriban xanımın kitaba yazdığı ön sözdə vurğuladığı əsas məqamları xatırladan natiqlər “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabının nəşrinə dəstəyinə görə Azərbaycanın birinci xanımına elmi ictimaiyyət, ziyalılar adından təşəkkürlərini bildirmişlər.
Mərasim iştirakçıları fondun foyesində təşkil olunmuş sərgiyə, fondun nəşrlərinə də baxmışlar.

Xalq qəzeti.- 2007.- 21 aprel.- S. 1