Məhərrəmova T.

 

Reyissor öz işində despot olmalıdır

 

Loğman Kərimov, reyissor: "Reyissor heç vaxt aktyorlardan tamlıqla razı olmur"

 

Bu yaxınlarda İrəvan Dövlət Azərbaycan Dram Teatrı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesi əsasında hazırlanan "Boy çiçəyi" tamaşasının uğurlu premyerasını keçirdi. Əsəri səhnələşdirmək Gənc Tamaşaçılar Teatrının baş reyissoru Loğman Kərimova həvalə olunmuşdu.

Tamaşadan sonra reyissorla görüşüb təəssüratlarımızı bölüşdük:

 

- "Boy çiçəyi" tamaşasını hazırlamaq sizin öz ideyanız idi, yoxsa dövlət sifarişi?

- Bu tamaşa dövlət sifarişi ilə hazırlanmırdı. İrəvan Teatrının plan tamaşası idi. Teatrın direktoru İftixar Piriyev bu işi mənə təklif etdi, mən də hazırladım.

- "Sən həmişə mənimləsən" indiyə qədər bir çox teatrlarda səhnələşdirilib, həmçinin əsərin televiziya tamaşası da çəkilib. Ancaq sizin təqdim etdiyiniz versiyada dəyişən təkcə tamaşanın adı deyildi, ixtisar olunan müəyyən səhnələr, obrazlar da vardı. Bu, sırf reyissor yozumu ilə bağlı idi, yoxsa oynadığınız məkanın darlığı ilə?

- Məkanla bağlı deyildi. Mahnı Teatrının səhnəsi var, yəni bu tamaşanı səhnədə də oynamaq olardı. Bu, tamaşaçılarla ünsiyyətdə olmaq üçün mənim öz fikrim, ideyam idi. Özünüz gördünüz ki, tamaşaçı dörd tərəfdə oturmuşdu. Mən tamaşada insani hissləri qabartmağa çalışmışam. Ona görə də səhnədə buna başqa bir tamaşa kimi baxmaq istəmirdim. Mən sadəcə, o hissləri zalda oturanların öz hisslərinə qarışdırmışdım. Hansısa bir insanın həyatında da elə bir hadisə ola bilər.

- İstədiyinizə sonadək nail oldunuzmu?

- Mənə elə gəlir ki, uğurlu tamaşadır... Özünüz gördünüz ki, tamaşa boyunca zalda heç kəsin əl telefonu işləmədi. Fasilədən sonra heç kəs çıxıb getmədi, hamı yenidən yerinə qayıdıb 5 aktyorun oyununa baxdısa, demək tamaşa alınıb. Tamaşanın digər uğuru səhnədə tərtibatın olmaması ilə bağlı idi. Mən bütün məişət problemlərini tamaşadan kənara atmış, yalnız hissləri saxlamışdım. Heç bir rekvizit, əlbəsə yox idi. Səhnədə cəmi üç kreslo qoyulmuşdu, adi işıqlar qurulmuşdu. Aktyorlar da öz paltarlarında idilər. Bütün tamaşanın taleyi cəmi iki musiqi ilə həll olunmuşdu.

- Sizə elə gəlmirmi, bu yozum tamaşanın ənənəvi qaydalarını pozur?

- Bu sadəcə, tam ayrı tamaşa idi. Ənənəvi teatrda biz tamaşaya səhnədə baxırıq. Burda isə tamaşaçı zalda izləyirdi. Ona görə də tam ayrı quruluş, tam ayrı baxış idi. Mənə də o lazım idi və tamaşanı da elə qurmuşam.

- Tamaşada müəyyən ixtisarlar nə ilə bağlı idi?

- İlyas Əfəndiyevin bu əsəri hələ 60-cı illərdən oynanılır. Əsərdə başqa obrazlar da var. Məsələn, Sarısaç qız, Fərəcov, zavod fəhlələri və b. Mən bu obrazların hamısını kənara qoyub özülü - Nargilə, Həsənzadə, anası, atalığı və Həsənzadənin ölmüş arvadı Xurşud obrazlarını saxladım. Mənim üçün maraqlı 5 nəfər idi. İnsan hissləri bu beş obrazın içindədir. Əgər bütün obrazları saxlasaydım, onda gərək o tərtibatı etməyəydim və tamaşa adi səhnədə oynanılaydı.

- Aktyorların oyunundan necə, razı qaldınızmı? Ümumiyyətlə, bir reyissor kimi həmişə istədiyinizi aktyorlardan ala bilirsinizmi?

- Sözsüz ki, reyissor heç vaxt aktyorlardan tamlıqla razı olmur. Hər halda istədiyimi 80 faiz onlardan ala bildim.

- Tanınmış reyissor Boris Pokrovskinin belə bir sözü var: "Reyissor heç vaxt xeyirxah ola bilməz. O, xeyirxah olsa, qurduğu tamaşa uğurlu alınmaz". Bu fikirlə razısınız?

- Yox, reyissor xeyirxah olmalıdır. Sadəcə o fikir bir az yəqin başqa cürdür. Yəni, reyissor işində despot olmalıdır. Bu fikirlə razıyam. Reyissor istədiyini aktyordan almağı bacarmalıdır.

- Sizin iş üsulunuzda aktyorlara simpatiyanız rol oynayır?

- Söhbət əgər insan münasibətlərindən gedirsə, ola bilər ki, mən hər hansı bir aktyoru insan kimi bəyənmirəm, ancaq o, aktyor kimi mənə çox lazımdır. Mən istedadlı, nizam-intizamlı, öz işinə can yandıran aktyorlarla işləməyi xoşlayıram. Görürsünüz ki, indi sizə müsahibə verdiyim vaxt məşqdə olan aktyorların hamısı pıçıltı ilə danışır. Baxmayaraq ki, biz söhbət edirik, heç kəs çıxıb getmir. Hamı gözləyir ki, Loğman Kərimov nə vaxt məşqin başlandığını deyəcək. Mən belə aktyorları xoşlayıram və onlarla işləmək mənə ləzzət verir.

- Təzə təyin olunduğunuz vaxtlarda aktyorlarla aranızda anlaşılmazlıq yaranmışdı, indi vəziyyət necədir?

- Siz 6 il əvvəli nəzərdə tutursunuz. Bu, təbiidir. Aktyor var ki, reyissoru bəyənmir, reyissor da aktyoru. Bu təbii haldır. İndi işlər qaydasında gedir. Bizdə iki bölmədə - Azərbaycan və rus bölməsində 90-a yaxın aktyor çalışır. Sözsüz ki, baş reyissor üçün bu qədər aktyorla işləmək çətindir. Baş reyissor həm də adminstrativ işçidir. Yəqin, mənimki onlarla tutur ki, birgə işləyirik.

- Quruluş verdiyiniz hər hansı bir tamaşaya qarşı tənqid eşidəndə hansı hissləri keçirirsiniz?

- Əgər tənqid obyektivdirsə, onu normal qəbul edirəm. Yox, əgər yalandan, ləkə yaxmaq üçün deyilirsə, qəbul etmirəm. "Oho" var dağa qaldırar, "oho" var dağdan endirər". Sözü deməyin də qaydası var.

- Çox vaxt aktyorlar "bizi görə bilən reyissor lazımdır" deyə öz fəaliyyətsizliklərində reyissorları günahlandırırlar.

- Gəlin belə danışaq. Stəkanın içində dalğa yaratmaq olmaz. Dalğanı, fırtınanı dənizdə yaratmaq mümkündür. Aktyor var deyir ki, reyissor məndən istedadı "çıxartmalıdır". Əgər səndə yoxdursa, reyissor nəyi çıxartmalıdır? Məsələnin bu tərəfi də var. Traktor heç vaxt "Mersedes"in və ya "Tayota"nın sürətini gedə bilməz. Raketin də, təyyarənin də öz sürəti var.

- Bu gün teatrların problemlərindən danışanda ən çox dramaturyi problemlə bağlı məsələ qabardılır. Deyirlər ki, məhz bu problem üzündən repertuarda kasadlıq yaranır.

- Necə yoxdur ki, əsərlər? Əsərlər boldur. Məhəmməd Füzulidən, Nizamidən tutmuş Elçin, Anar da daxil olmaqla, bugünkü xalq yazıçılarımıza qədər. Bəhanə lazım deyil. Adil İsgəndərov deyib ki, reyissor reyissor olsa, ütünün pasportu ilə tamaşa hazırlayar. İstər klassika, istər müasir olsun, bizim öz yazıçı-dramaturqlarımız var. Onların əsərlərinə müraciət etmək lazımdır. Necə olur ki, Anarın, Elçinin əsərlərini dünya teatrları hazırlayır? İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsərini 67-ci ildə Tofiq Kazımov hazırlayıb. Bu günə qədər hər iki ildən bir teatrlar bu əsərə müraciət edirlər. Əsər çoxdur, sadəcə istək, təşəbbüs lazımdır. Şekspir, Şiller, Balzakın əsərləri var. Məgər bunlar dramaturgiya deyil?

- Sizə daha çox hansı əsərlər yaxındır - hisslər, yoxsa, fəlsəfi dramaturgiya?

- Fərqi yoxdur. Mənə hisslər dramaturgiyası da, fəlsəfi dramaturgiya da yaxındır. Bu yaxınlarda Elçin Hüseynbəylinin "Hamının günahı" əsərini səhnələşdirdim. Bu əsərdə fəlsəfə də var. Ona görə də mənimçün dramaturgiyanın fərqi yoxdur.

- Deyirsiniz ki, teatrlarda dramaturyi material problemi yoxdur. Elə isə bu gün teatrlarda başqa hansı problemlər yaşanır? Məsələn, bu gün publikanın teatrlardan çox şoulara üz tutması teatrlar ətrafında yaranan problem deyilmi?

- "KVN"-nin, şounun öz tamaşaçısı, teatrın da öz tamaşaçısı var. Heç kəsə güclə demək olmaz ki, gəl mənə bax. Hər məkanın öz tamaşaçısı var. İnsan var ki, futbol azarkeşidir, insan var üzgüçülüyə və ya bədii gimnastikaya meyllidir. Biri nərgiz gülünü, biri qərənfili, biri qızılgülü xoşlayır.

Zövqlər müxtəlifdir. Hər kəs də öz zövqünə uyğun tamaşa zalını seçir.

- Siz bir vaxtlar səhnəyə aktyor kimi çıxmısınız. Tamaşaçıların yadında da daha çox "Ağ atlar üçün vals"dan qalmısınız.

- Mən ümumiyyətlə, məktəbdə oxuduğum illərdən reyissor olmaq istəmişəm. Sadəcə o vaxt alınmadı və aktyor oldum. Sonra yenidən reyissorluğa keçdim.

- Heç aktyor kimi səhnədə gözünüz qalmadımı?

- Artıq 10 ildir peşəkar teatrda reyissorluqla məşğulam. Məni reyissorluq daha çox maraqlandırır. Aktyor səhnədə bir rol oynayır. Reyissor isə tamaşa hazırlayır və onun içində 10 aktyor var. Reyissor içində 10 rol oynayır.

- Bəzən deyirlər ki, aktyorlar oynadıqları rola öz xarakterlərindən nəsə əlavə edirlər. Tamaşaya yozum verən reyissor haqqında da bu sözü demək olarmı?

- 22-23 yaşım olanda "Lenfilm" kinostudiyası "Barat" adlı filmdə mənə baş rollardan birini həvalə eləmişdi. Reyissor dedi ki, hər bir reyissorun xarakteri onun çəkdiyi filmdə və ya hazırladığı tamaşada görünür. Eləcə də hər bəstəkarın xarakteri bəstələdiyi musiqidə üzə çıxır.

- İndi soyuq zalda məşq edirsiniz. Şəraitsizlik işinizə mane olmurmu?

- Bu mənə müsbət təsir edir. Bilirsiniz ki, prezidentin sərəncamı ilə teatrlar Avropa standartında təmir olunacaq. Bu, hamımızı sevindirir. Mən həmişə deyirəm ki, oturmuşduq qəşəng binanın içində, bir az rahatlanmışdıq. İndi isə bir az narahatlıq var. Yaxşı, təmir olunmuş binaya qayıtmaq üçün burada işləmək lazımdır ki, bizə veriləcək qəşəng binanın da qədrini bilək. Ancaq gördüyünüz kimi indi işləyəcəyimiz şəraitin bizim işimizə dəxli yoxdur. Məşqlər gedir, aktyorlar yerindədir. Çox xoşdur ki, teatrımız 15 gündən sonra ilk dəfə Türkiyəyə yola düşür. Kollektiv Nizami Gəncəvinin "Pəri cadu" və İsgəndər Coşqunun "Çal, oyna" nağıl tamaşaları ilə "çocuq" bayramında iştirak edəcək. Hal-hazırda "Çal, oyna"nın məşqləri gedir. Planlarımız yalnız tamaşalar hazırlamaqdır. Professor Fikrət Sultanov bizim teatrda Nəcəfbəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsərini, Ağaxan Salmanlı isə "Tıq-tıq xanım"ı səhnələşdirir.

- Sizin haqqınızda deyirlər ki, çox işlək adamsınız.

- Düz deyirlər... Mən bu sənəti sevirəm və işləməyi sevən adamam. Ona görə də sənətə canımı qoyuram.

- Əvəzində nə qazanırsınız?

- Yəqin nəsə qazanıram. Mənəvi ehtiyaclarım ödənirsə, kifayətdir.

- "Qəzəlxan" filmindən sonra reyissorlar sizi görmədilər?

- "Qəzəlxan"dan sonra "Yük", "Köpək" və daha bir filmə çəkildim. Yəqin, reyissorlar görmürlər ki, çəkmirlər. Düzdür, sonradan iki filmə də çəkilmək təklif olundu. Ancaq ssenari maraqsız olduğundan razılıq vermədim. Mən kinonu sevirəm. Çox adam var ki, teatrla kinonu ayırır. Mənim üçünsə kino ilə teatr eynidir.

- Saçlarınız zamanın yaşla bağlı hökmü ilə, yoxsa, güzəran qayğısından belə erkən ağarıb?

- 48 yaşım var. Ancaq saçım 15-16 yaşımdan ağarıb. Bir hadisə baş vermişdi və mən onda diksinmişdim. Onun nəticəsində saçlarım ağardı.

- Sizcə, yaradıcı adama utopiya lazımdırmı?

- Bəlkə də... Ancaq mənə elə gəlir ki, bir az utopiyadan kənar olmaq, reallığı qiymətləndirə bilmək lazımdır. Sovet hökuməti bir vaxtlar arzularla yaşadı - kommunizm gələcək, filan şeylər olacaq... Reallıq lazımdır. İnsan bu gün yaşayır. Heç kəs deyə bilməz ki, mən bu gün evdən çıxacam və salamat qayıdacam. Bu, Allahın əlindədir.

 

Kaspi.-2007.-12 aprel.-S.16.