Səfərov İ.

On beş pyes

 

Əli Əmirli hələ Azərbaycan Dövlət Universitetində tələbə ikən “İrs”, “Görüş” “Qağayı” kimi hekayələri ilə ədəbi aləmə atılmışdır.
O, Ağdamın 1 saylı orta məktəbini bitirdikdən sonra Bakıda elektrik maşınqayırma zavodunda fəhləlik etməklə yanaşı, ADU-nun filologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır. Onun ədəbiyyata olan marağı zavodun çoxtirajlı “Elektrik” qəzetində kiçik oçerk və hekayələrdə əksini tapmışdır. İlk irihəcmli “Meydan” romanı 1992-ci ildə “Azərbaycan” jurnalında dərc olunmuşdur.
Doğrudur, Əli Əmirli buna qədər artıq işıq üzü görmüş dörd kitabın müəllifi idi. Onun “Bir qış günü”, “Yeddi hekayə”, “İtkin ər” və “İldırımötürən” kitablarına hekayə və povestləri daxil edilmişdir.
“Axirətdən qabaq gəzinti” kitabındakı romanda müəllif bir elmi-tədqiqat institutunun timsalında durğunluq dövründəki idarələrin ümumiləşdirilmiş modelini yaratmağa çalışmışdır.
“Haram” kitabına “Köhnə bağ” romanı və “Haram”, “Bir il” povestləri daxil edilmişdir.

.
“Köhnə bağ” romanı Azərbaycan kəndinin sosial-iqtisadi inkişafındakı yanlış və zərərli meyllərə qarşı mübarizəni əks etdirir. Azərbaycanı başdan-başa üzüm plantasiyasına çevirmək və absurd dövlət planını ödəmək üçün milli abidə timsalında olan qədim bağları buldozer qabağına verənlər düşmən adlandırılır.
Ədəbi yaradıcılığa nəsrlə gəlmiş Əli Əmirli 1990-cı ildən başlayaraq teatr dramaturgiyası ilə məşğuldur. Dramaturqun Azərbaycan teatrının çoxunda tamaşaya qoyulmuş pyeslərinin böyük bir hissəsi yenicə işıq üzü görmüş “15 pyes” kitabına daxil edilmişdir. Onun bu kitaba salınmamış “Ərizə” adlı pyesi 1990-cı ildə Dövlət Gənc Tamaşaçılar Teatrında, “Səhnədə məhəbbət” lirik komediyası 2000-ci ildə Dövlət Musiqili Komediya Teatrında, “Müqəddəs Valentin günü” komediyası İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.
“15 pyes” kitabına daxil edilmiş əsərlər 1990-2005-ci illərdə Bakı və digər şəhərlərin teatrlarında oynanılmışdır.
Əli Əmirlinin qısa bir müddətdə bir-birinin ardınca, bir-birindən maraqlı, məzmun və məna etibarilə bir-birindən seçilən, mövzu cəhətdən həm müasir, həm tarixi hadisələri işıqlandıran kitabının sonunda, şəklinin altında belə bir avtoqraf vardır: “Hər dəfə növbəti pyesimi yazmağa başlayanda istəyinə və zövqünə kökləndiyim hörmətli tamaşaçıya təşəkkür hisi ilə Ə.Əmirli”.
Bəli, Əli Əmirli oxuculara, özünün qədirbilən tamaşaçılarına müraciət edərkən onların istəyinə və zövqünə köklənən bir yazıçı olduğunu nümayiş etdirir.
“Meydan” pyesi 1992-ci ildə Ə.Əmirlinin “Azərbaycan” jurnalında dərc edilmiş romanı əsasında yazılmış və elə həmin ildə Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulmuşdur. Kitaba “Tiran və Aktyor” adı ilə daxil edilmiş pyes 1992-ci ildə həmin teatrda “Cəza” adı ilə tamaşaçılara göstərilmişdir.
1993-cü ildə yazdığı “Bala bəla sözündəndir?” komediyası əməkdar artist Ağaxan Salmanovun quruluşunda tamaşaya qoyulmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyası bu pyes əsasında “Bala-başabəla” adı altında teletamaşa hazırlamış, martın 22-də ilk dəfə efirə verilmiş və böyük uğur qazanmışdır. Dəfələrlə Dövlət Televiziyası ilə göstərilən bu teletamaşa ANS və Lider TV-ləri ilə də nümayiş etdirilmişdir.
Sonralar pyes Mingəçevir, Şəki Dövlət Teatrlarında, habelə Cəlilabadın xalq teatrında tamaşaya qoyulmuşdur.
1997-ci ildə komediya müəllifin tərcüməsində “Ne xoçu stat jenşinoy” adı altında Dövlət Gənc Tamaşaçılar Teatrının rus truppası tərəfindən tamaşaçılara təqdim olunmuşdur.
1993-cü ildə yazılmış “Ağqoyunlular və Qaraqoyunlular” pyesi Əli Əmirlinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş ilk əsəridir. 1995-ci ilə təsadüf edən bu dramın quruluşunu Bəhram Osmanov vermişdir. Lakin dramaturqun quruluşçu-rejissor Hüseynağa Atakişiyevlə əməkdaşlığı daha çox nəzərə çarpır. Belə ki, “Xoşbəxt gün” pyesinin “İyirmi ildən sonra” melodramasının, bir teatr mövsümündə 47 dəfə oynanmış “Onun iki qabırğası” komediyasının, “Yeddi məhbusə” əsərinin, “İtkin ər və ya ufoloji ehtiraslar”, “Varlı qadın”, “Kişi və qadın” komediyalarının səhnə həllinin müəllifi Hüseynağa Atakişiyevdir.
Müəllifin Bəhram Osmanovla yaradıcılıq əlaqələri də təqdirəlayiqdir. Bəhram Osmanov ilk dəfə 1993-cü ildə Ə.Əmirli yaradıcılığına müraciət etmiş və “Ağqoyunlular və Qaraqoyunlular”ı, “Köhnə ev”i, “Varlı qadın”ı və nəhayət, iki hissəli ailə dramı “Mesenat”ı tamaşaçılara təqdim etmişdir.
Yüksək sənətkarlıqla və tarixi faktlar əsasında yazılmış “Mesanat” pyesi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Xeyirxah işləri və mesenatlığı ilə xalqın dərin hörmətini, böyük məhəbbətini qazanmış Hacı Zeynalabdin Tağıyevin ailə dramına həsr edilmiş bu əsər 2001-ci ildə yazılmış və 2005-ci ildə Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Bu, mədəniyyət tariximizdə böyük bir hadisə idi. Çünki Hacı buna layiq idi. Hələ 1995-ci ildə akademik Ziya Bünyadov “Ədəbiyyat qəzeti”ndə “Allah sənə rəhmət eləsin, Hacı” sərlövhəsi məqaləsində yazmışdı: “27 mart 1920-ci ildə milyoner H.Z.Tağıyev 28 aprel 1920-ci ildə başlanan talan həftəsi günlərində və aylarında başqa milyonerlərimiz kimi dilənçi halına salındı, general-leytenant Balakişi bəy Ərəblinskinin qızı, milyoner H.Z.Tağıyevin həyat yoldaşı Sona xanım və övladları Bakı və Mərdəkandakı mülklərindən qovuldular. Sona xanım ruhi xəstəliyə tutuldu və bu gün İstiqlal küçəsi adlanan küçədə dilənçilik etdi... Qızı Sara nə qədər ki, ayaqlarında taqət, gözlərində nur vardı, atasının hüquqları uğrunda mübarizə apardı. Atasının büllur kimi saf, Günəş kimi parlaq adının bərpasına çalışdı”.
H.Z.Tağıyev 1908-ci il fevralın 12-də “Təzə həyat” qəzetində yazmışdı: “Kasıb olduqlarından ata-anam mənə sevgi, məhəbbət, nəvazişdən başqa heç nə verə bilməyiblər, məndə olan bütün yaxşı cəhətlər üçün onlara — məhəbbət və nəvazişlərinə borcluyam. Şübhəsiz, bu da Allah-taalanın iradəsi ilə olub. Bütün işlərimlə yanaşı, fikrim-zikrim xalqımı xoşbəxtliyə çatdırmaqdır. Buna görə gecə-gündüz əlləşirəm, məqsədə çatmaq üçün çoxlu məktəb açmaq lazımdır. Çoxlu kitab, məcmuə və qəzet çap etdirib, hər yerə — uzaq kəndlərə də göndərilməlidir”.
Bax, budur yazıçı-dramaturq Əli Əmirlinin “Mesenat” pyesinin leytmotivi, əsərin məna və məzmunu, yüksək vətəndaşlıq ruhu bundan bəhrələnmişdir.
“Mesenat” pyesinin personajlarından biri Nəriman Nərimanov H.Z.Tağıyevə həsr etdiyi “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişət və cəmiyyətə xidmətləri” adlı əsərində yazırdı: “Ümumi xeyirdən ötrü bu əsəri — hazırda insafımız rəva görmüyor ki, cənab H.Z.Tağıyevi nəzərimizdən keçirməyək, ta gələcəkdə millətin balaları bu cənabın millətə qeyrətini, vətənə məhəbbətini, insana himmətini və həmiyyətini tarixdə oxuyub, gözləri rövşən və qəlbləri şad olsun”.
Şübhəsiz ki, yazıçı Ə.Əmirli Hacının obrazını yaradarkən bu cür mənbələrdən bəhrələnmişdir.
Ə.Əmirlinin hələlik son əsəri “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tarixi dramıdır. Əsər Cəlaləddin Rumidən götürülmüş “İnsan bir-birinə zidd olan elə əməllərdən rəsm edilib ki, bəzən xeyir mələyi onun saflığına həsəd aparır, bəzən də şeytan onun tutduğu əməllərə mat-məəttəl qalır” — sözlərlə başlanır. Pyes 2005-ci ildə yazılmış və hələlik heç bir teatra təqdim olunmamışdır. Oxucular məhz əsərlə “15 pyes” kitabından tanış ola bilərlər.
Hazırda Azərbaycan Dövlət Milli Dram Teatrında “Mesenat” və “Varlı qadın” tamaşaları oynanılır.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı “7 məhbusə”ni tamaşaya hazırlayır. Baş rolda Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızı çıxış edir.
Lənkəran Teatrında “Köhnə ev” tamaşası hazırlanır. İctimai televiziya “Cənnətin qapıları” televiziya tamaşasının çəkilişinə başlayıb. “Azərbaycan” jurnalının 2006-cı il dekabr sayında “Əli və Nino” pyesi oxuculara təqdim olunub. Əli Əmirli hələ bundan sonra da özünün çox-çox məzmunlu pyesləri ilə oxucuları və tamaşaçıları sevindirəcəkdir.

Ədəbiyyat qəzeti.-2007.-13 aprel.-S.6.