Xarakterik rolların
bənzərsiz ifaçısı
Milli
teatrımızın inkişafı yolunda sənət
fədailərindən biri də teatrı
varlığından artıq sevən, obrazlar qalereyası
yaradan, tamaşaçı alqışı qazanan,
dövlət mükafatlarına, fəxri adlara layiq
görülən Ağasadıq Gəraybəyli olmuşdur. Sənətsevərlər onun 110 illik
yubileyini, 80 illik səhnə fəaliyyətini
qeyd etməyə hazırlaşırlar. Ağasadıq
Gəraybəylini səhnədə,
ekranda, həyatda çox görmüşük.
Bilirik ki, roldan-rola girməyini elə səhnədəcə qoyub
evinə bəy kimi daxil olardı.
Ağasadıq Gəraybəyli
ömrünün ixtiyar
çağında da
ötən günlərini
tez-tez xatırlayar və deyərdi:
"1897-ci ildə, Novruz
bayramı qabağı
Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə "gəl-gəl" deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin
anlarımda Yaradanımz
imdadıma yetişdi.
İndi də xatırlaya bilmirəm ki, necə oldu
Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin
dedikləri hələ
də qulaqlarımda səslənir: "Get, a bala, canın
zəlzələdən qurtaracaq.
Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən,
bəhrəsini də
görərsən". Sahibsiz
uşaq idim. Tanımadığım bir
darvazanı döydüm.
Gülərüz, mehriban
baxışlı, nurani,
ahıl bir kişi qapını üzümə açdı.
Elə bil məni çoxdan tanıyırdı. "Gəl
görüm, nə istəyirsən?" Kimsəsiz
olduğumu ona danışdım. Qəfil
dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin
gündən Əlisəttar
kişidən atalıq,
Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə
gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən
çox mətləbləri
öyrəndim. Mirmahmud
Kazımovskinin təşkil
etdiyi teatr dərnəyinə gedərdim.
Ən çətin günlərim 1905-1907-ci illərdə
oldu. Ermənilər Bakıya, bakılılara
divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar.
Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da
yuxuda teatr, səhnə görərdim.
Hüseyn Ərəblinskinin
sayəsində "Nicat",
sonra "Səfa"
həvəskar teatr dərnəklərinə getdim.
İlk dəfə yazıçı-dramaturq
Əbdürrəhim bəy
Haqverdiyevi 1913-cü il
martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam".
Ağasadıq Gəraybəyli
dahi Üzeyir bəy Hacıbəyovun adı çəkiləndə
ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. Deyərdi: "Üzeyir bəy peyğəmbər
xislətli şəxsiyyət,
düha sahibi idi. Onun bircə
amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi,
teatrı ilə dünyada tanınsın.
1921-ci ildə Cəlil
Məmmədquluzadənin "Ölülər" pyesində
kefli İsgəndərin
monoluqunu söyləyib
səhnədən düşəndə
məni yanına çağırdı. Əllə
görüşdü, üzümdən
öpdü, saçımı
tumarladı. "Sənin
kimi azərbaycanlılarla fəxr etmək lazımdır"
- dedi. Üzeyir bəyin qayğısı
sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü
xeyirxahımın dediyi
kəlamı dönə-dönə xatırlayıram:
"Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir".
Milli teatrımızın
klassiklərindən, fədailərindən
biri olan Ağasadıq Gəraybəylinin
səhnə fəaliyyətinə
aid faktları xatırlayanda heyrətlənməyə
bilmirik. O, 200 müxtəlif
rollarda, qrimlərdə,
qiyafələrdə səhnəyə
çıxıb: N.Nərimanovun
"Nadir şah",
Ü.Hacıbəyovun "Arşın mal alan", C.Cabbarlının
"Sevil", "Od
gəlini", "1905-ci ildə",
sonralar "Vaqif",
"Həyat", "On
ikinci gecə",
"Xanlar"... Yaratdığı
obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə
yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə,
rejissor quruluşlarına,
mizanlarına görə
səhnəyə çıxmayıb,
oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk
edib. Hər bir obrazın amalını, məqsədini
tamaşaçılara çatdırmağa
çalışıb. Bu
cəhətlərinə görə
də sevilib, hörmət qazanıb. Xalq şairi Səməd Vurğun yazıb: "Hər dəfə Ağasadığı
səhnədə görəndə
həyatın özü,
yaratdığı obrazın
canlı təsvirləri
gözlərim önündən
keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm". Görkəmli
teatr xadimi Mehdi Məmmədov isə deyərdi: "Aktyorluq onun alın yazısıydı.
1940-cı ildə respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü. Onu
bir dəfə də olsun özündən
razı görmədim.
Məşqlərə həmkarlarından
tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı.
Can deyib, can eşidərdi". Xalq artisti, ömrünün
60-cı baharında dünyasını dəyişmiş
Əliabbas Qədirov danışardı: "İnstitut
bitirmək, ali təhsil almaq azdır. Həyat təcrübəsinin yerini
heç bir diplom, kitab verməz.
Ağasadıq Gəraybəyli
bizim mənəvi müəllimimiz idi. Onun qədrini bildikcə özümüz
də şöhrət
zirvəsinə ucalırdıq".
Unudulmaz sənətkar,
sevilən aktyor haqqında xoş xatirələr çoxdur.
Dünya şöhrətli
ifaçı Rəşid
Behbudov deyərdi:
"Bəxtiyar" filmində
çəkiliş meydançasında
Ağasadığı klub
müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi
də, aktyor kimi də əsl
xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir
neçə filmdə
çəkilib. Ancaq Ağabalanı
elə həvəslə
oynayırdı ki, sanki kamera qarşısında
deyildi, ekranda görünənlər real
təsvirlər təki
baxılırdı".
91 il yaşayan, unudulmaz iz qoyan
Ağasadıq Gəraybəyli
çox mükafatlara,
fəxri adlara, orden-medallara layiq görülmüşdü. Ən
böyük sevinci
"O olmasın, bu olsun" filmində Rüstəm bəy rolunu oynamaq idi.
Aktyor Rüstəm bəy obrazının taleyini - həm keçmişini, həm də mövcud vəziyyətini olduqca inandırıcı yaradıb.
Tanınmış teatr-kino
xadimi Adil İsgəndərov dəfələrlə
qeyd etmişdi: "Əgər Ağasadıq
Gəraybəyli təkcə
Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı".
Ağasadıq Gəraybəyli təvazökar
insan, nümunəvi ailə başçısı
idi. 1933-cü ildən
ömrünün son gününə qədər
Azərbaycan Dövlət
Akademik Dram Teatrında çalışmış,
alqışlarla qarşılanan
səhnə xadimlərindən
biri olmuşdu.
O, şəhərin mərkəzində,
Xaqani küçəsi
19-da yaşayırdı. Məşhur
müğənni Bülbüllə,
xalq yazıçısı
Mirzə İbrahimovla,
xalq şairi Süleyman Rüstəmlə
qonşu idi. Bir gün Süleyman
müəllim ona deyib: "Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım
səni teatra aparıb gətirəcək".
Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır.
Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən
yüzlərlə adam
mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət
olar?!"
Həyatın, zamanın bütün
sınaqlarından üzü
ağ çıxmış
insan, dönə-dönə xatırlanan sənətkar, örnək
olası ailə başçısı, sadiq,
sədaqətli dost-sirdaş
Ağasadıq Gəraybəyli
xarakterik rolların bənzərsiz ifaçısı
kimi daim yad olunur.
Azərbaycan.- 2007.- 7 aprel.- S. 5.