Xəlilzadə F.

 

Azərbaycan teatrının parlaq ulduzu

 

Xalq artisti Nəsibə Zeynalovanın sənəti bənzərsiz olub. Tamaşaçıların, teatr tənqidçilərinin gəldikləri bu fikir qətidir. Unudulmaz sənətkarın hansı roluna diqqət yetirsək, hamısı bir-birindən mükəmməl maraqlıdır. Nəsibə xanım ömrü boyu şit hərəkətlərlə gülüş yaratmağın əleyhinə idi. Son dərəcədə təbii oynamağı bacarırdı. Böyük sənətkar deyərdi ki, güldürmək içdən gəlməlidir, əldən yox. Bu səbəbdən Nəsibə Zeynalovanın tamaşaçı ürəyində yaratdığı sevginin kökü gülüşlə, gülməklə, gülə-gülə dəyişdirməklə bağlı idi.
Nəsibə Zeynalova 20 aprel 1917-ci ildə Bakıda anadan olub. Nəsibə xanım Azərbaycan professional teatrının yaranmasında böyük xidmətləri olan Cahangir Zeynalovun qızıdır. Cahangir Zeynalov Azərbaycanda realist aktyor məktəbinin banisidir. Məlumdur ki, o özü bir tərəfdən həm aktyorluq edib, həm ilk dəfə "Ev teatrı" yaradaraq var-dövlətinin böyük bir qismini sənət yolunda qoyub. Kərbəlayi Cahangir elə bir dövrdə fəaliyyət göstərirdi ki, Azərbaycan səhnəsində aktrisalar yox idi. Ən böyük arzusu idi ki, övlad sarıdan qızı olsun o da səhnədə aktrisalıq etsin. Başqa cür teatrı bığlı-saqqallı "aktrisa"lardan xilas etmək olmurdu. Tanrı sanki Cahangir Zeynalovun səsini eşitdi ona qız övlad bəxş etdi.
Nəsibə Zeynalova 1937-ci ildə səhnəyə gəlib. Müqtədir aktrisa səhnə fəaliyyətinə ilk dəfə rəqqasə kimi başlayıb. Amma cəmi altı ay rəqs edə bilib. Gözlənilmədən "işə yaramadığı üçün" onu rəqs ansamblından çıxarıblar.
Nəsibə xanım təbiəti etibarilə maraqlı şəxsiyyət idi. Təsəvvür edin ki, o, işdən çıxmağı haqqında verilən əmrin surətini ömrü boyu arxivində saxlayıb. Bir dəfə müsahibə vaxtı bunun səbəbi ilə maraqlananda qəribə fikir söylədi: "Həmişə məni sevməyənlərə minnətdar olmuşam. Çünki o əmr olmasaydı, bəlkə adi rəqqasə kimi qalardım, ya da vaxtsa yorulub sənətdən səssizcə gedərdim. Amma o cür işdən çıxarılmağım qüruruma toxundu. Daxilimdə mübarizə hissi baş qaldırdı. Əslində o kağız parçası məni sənətə bağlayan bir vasitə oldu. Kimin səhv etdiyini, kimin yanlış addım atdığını zaman özü göstərdi".
Nəsibə Zeynalovanın ilk rolu "Evli ikən subay" tamaşasında Qaraçı qızı olub. Əllidən çox tamaşada oynayıb, 20- yaxın filmə çəkilib, müxtəlif səhnəciklərdə iştirak edib. Zəngin obrazlar qalereyası ilə seçilən xalq artisti Nəsibə Zeynalova müxtəlif surətlərin mahir yaradıcısı idi. Mənə elə gəlir ki, onun təqdim etdiyi obrazların içində məhz Cənnət xala Nəsibə xanımın sənət zirvəsidir. O, bütün daxili gücünü, imkanını bu obrazda daha qabarıq şəkildə göstərə bilib. Fikirləşirsən ki, əgər Nəsibə xanım tamaşaçılara başqa rollar təqdim etməsəydi , təkcə Cənnət xala kifayət idi ki, o, teatr tariximizdə mahir ifaçı kimi qalsın. Nəsibə xanım bu rola elə bir möhür vurub ki, indi ona yaxın düşməyə çəkinirlər. Sanki bu tamaşanın ömrü Nəsibə xanımla bağlı idi. Bir dəfə özündən bu barədə soruşanda sifətində qəribə təbəssüm duyuldu. İndi o söhbəti unuda bilmirəm: "Ay bala, bu Cənnət xalada görübsüz? Yaratdığım obrazların hamısının sənət taleyimdə öz yeri var". Böyük sənətkarımız haqlı idi. Onun yaratdığı obrazların adlarını çəksək, uzun bir siyahı əmələ gələr. Özünün çox xoşladığı, istədiyi iki əziz obrazı var idi: "Altı qızın biri Pəri" tamaşasında Cəhrə arvad, "Ögey ana" filmində Fatmanisə qarı.
Nəsibə Zeynalova böyük bir şəxsiyyətin övladı olması ilə həmişə fəxr edərdi. Atası varlı, nüfuzlu, sayılıb-seçilən Bakı ziyalılarından idi. 12 dükanı, 2 hamamı, 3 mülkü, bağı, daha nələri var imiş. "Nicat" cəmiyyətinin üzvü olan, kasıb-kusuba əl yetirən, Azərbaycan mədəniyyətinin, xüsusilə teatr sənətinin inkişafına çalışan Kəblə Cahangir Zeynalov sovet dövrünün repressiyasına məruz qalmış ziyalılarımızdandır. Onun bütün var-dövlətini əlindən alıblar. Hətta adının da uzun müddət çəkilməsini yasaq ediblər. Dövr, quruluş hələ dəyişməmişdən öncə xeyirxah qədirbilən insanlar sətiraltı mənalarda da olsa, Cahangir Zeynalovun adını çəkir, onun nəcibliyindən danışırdılar. Həyatı müxtəlif çətinliklərdən keçən Nəsibə Zeynalova Allahın ona bəxş etdiyi istedadı sayəsində atasının işığını yandıra bildi. Ən fərəhlisi odur ki, zahirən baba Cahangirə bənzəyən nəvə Cahangir bu çırağın daha gur parlaq olmasında öz köməyini əsirgəmədi. Ailə ənənəsi davam etməkdədir. Bu gün nənənin arzularını həyata keçirən nəvə Nəsibə Cahangirqızı da sənətdə öz sözünü deməyə çalışır.
Altmış ildən artıq bir zaman kəsiyində insanları güldürən, onlara sevinc bəxş edən Nəsibə Zeynalovaya ümummilli liderimiz Heydər Əliyev həmişə xüsusi diqqət qayğı göstərər, sənətini yüksək qiymətləndirərdi. Xalq artistimiz "Şöhrət" ordeni ilə təltif edilmişdi, prezident təqaüdü alırdı. Hər yerdə ona məhəbbət ehtiramla yanaşılırdı. Ulu öndər Heydər Əliyev deyirdi ki, Nəsibə Zeynalovanın yaradıcılığı mədəniyyət tariximizdə hadisədir. Həqiqətən böyük sənətkarımızın iştirak etdiyi tamaşalar həmişə rəğbətlə qarşılanardı. Onun zəngin yaradıcılıq irsi mütəxəssislər tərəfindən dərindən araşdırılmalıdır. Çünki o, böyük bir məktəb yaradıb. Bu məktəbdən öyrənmək gənc sənətçilərə daha çox vacibdir. Nəsibə Zeynalovanın istər teatrda, istərsə kinoda can verdiyi obrazlar elə bir zirvədə dayanıb ki, bu gün unudulmaz aktrisamızın yeri hər iki sahədə boş qalmaqdadır.
Böyük sənətkar həmişə mənalı düşündürücü gülüşün tərəfdarı idi. Təəssüf, indi səhnəmizdə elə "aktyor aktrisalar" peyda olublar ki, hər cür yüngüllük edirlər, şit sözlər danışırlar. Özlərindən başqa heç kim gülmür. Halbuki biz nəsil tamaşaçıların müşahidə etdiyi korifeylər - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev Nəsibə Zeynalova səhnədə heç zaman gülməzdilər. Onlar ciddi gülüşün ən böyük yaradıcıları idilər. Bu səbəbdən teatr sənəti üçün gələcək kadrlar hazırlayan ali orta ixtisas məktəblərinin üzərinə xüsusi məsuliyyət düşür. Çünki hər bir gənc sənətkarın yetişməsi üçün gərəkli zəngin mənbə əsl nümunə var. Onlardan biri məhz Nəsibə Zeynalovanın yaradıcılığı, mədəni irsidir.

Azərbaycan.- 2007.- 20 aprel.- S. 7.