Qaliboğlu E.

Kvazimodo

 

Tamaşada insan faciələrinin çeşidləri sıralanır

Elçin Qaliboğlu

Bugünlərdə Akademik Milli Dram Teatrında Viktor Hüqonun "Paris Hotrdam kilsəsi" romanı əsasında hazırlanmış "Kvazimodo" adlı bir pərdəli faciənin premyerası oldu. Tamaşanın tərcüməsi və səhnə variantı həm də tamaşanın quruluşçu rejissoru olan Samir Qulamova məxsusdur.

Rolları əməkdar artist Ayşad Məmmədov (Keşiş), Aslan Şirin (Kvazimodo), Vəfa Rzayeva (Esmeralda), Cəlal Məmmədov (Qrequar), Sərdar Rüstəmov (Baş təlxək), Lüdovik (Ramil Zeynalov), əməkdar artist Firuz Xudaverdiyev (Qoca təlxək), Elnar Qarayev (dövlət naziri), Mahir Mirişli (Hakim), Ramil Zeynalov (zindan rəisi), Rada Nəsibova (Qara təlxək) və başqaları ifa edirlər.

Tamaşada 1480-ci il Fransasının qarışıq dövrü təsvir edilir. Ümumiyyətlə, tamaşadakı hadisələr dolayısı ilə bəşər həyatının bütün məqamlarını ifadə edir. Fransanın həyatında, insanlarının yaşamında yeni bir dövrün başlandığı təsvir edilir. Amma həmişə yenilik gələndə ona heç də qucaq açılmır; Fransada yeni sözə, ictimai tərəqqiyə, insanın azad düşüncəsinə daha kəskin sədd qoyulur. Fransaya almanların ixtira etdikləri çap maşınının gətirilməsinə qəti qadağa qoyulub. Bu işdə kilsə dövlətdən daha səylidir. Kilsə dövləti inandırmağa çalışır ki, əgər Fransada çap maşını olarsa, az vaxtdan sonra bu, artar; beləliklə, nəticədə yeni fikirlər, insan azadlığına çağıran vərəqlər təsəvvürəgəlməz dərəcədə daha sürətlə nəşr edilib yayılacaq; camaat artıq kilsənin kitablarına meyl etməyəcək.

Tamaşanın başlanğıcında küçə səfillərinin, qaraçıların şənlənməsi təsvir edilir. Sonra ildırım çaxır, göy guruldayır. Budur, kilsənin qabağında səbətdə bir körpə ürək parçalayan bir səslə ağlayır. Qara niqablı bir kişi gəlir, azca fikirləşəndən sonra uşağı götürür. Bu, sonralar əsərin qəhrəmanına çevriləcək Kvazimododur. Keşiş onu öz oğlu kimi böyüdüb, boya-başa çatdırıb. Kvazimodo ağlı kəsəndən həyatın müxtəlif sahələrinə dair ədəbiyyat oxuyub. İndi yaşının bu vaxtında onun dünya, insanlıq haqqında müəyyən təəssüratları var. Kvazimodo insanlığa daim təşnədir: anadangəlmə insanı sevməsinə baxmayaraq daim fiziki eybəcərliyindən əzab çəkir. Ağlına çatır ki, təbiətin insanı zahirən çirkin yaratması fəlakət deyil, əsas odur ki, insanın daxili aləminə yetməyə, insaniiyini aşkarlamağa hünəri olsun. Amma Kvazimodonun ətrafındakılar onu daim lağa qoyur, hər addımda eybəcərliyini üzünə deyirlər. İnsanın bunca ələ salınması, əzaba düçar edilməsi dəhşətdir. Kvazimodonun bu məqamda çəkdiyi əzabları aktyor Aslan Şirin məharətlə yaradır. İri donqabelli, həyatın çəkdirdiyi əzabdan daim az qala yerlə sürünən Kvazimodo bütün başına gələnlərə baxmayaraq qətiyyən insanlara olan inamını itirmir. O, keşişin oğurlatdırmaq istədiyi Esmeraldanı qorumaq üçün döyüşəndə belə halına, şikəstliyinə uyuşmayan cəldliklə hərəkət edir. Bu, Kvazimodonun ruhunun fitrətən güclü olduğunun göstəricisidir. Sonralar Kvazimodonun insana qarşı daha da inamlı olmasına səbəb onun nahaqdan günahlandırılaraq şallaqlanması səhnəsində Esmeraldanın bir udum su verməsidir. Bu, Kvazimodoya bəsdir: o, insanın başqası tərəfindən dəyərləndirildiyini gördükcə yaşamağa sevgisi artır.

Tamaşadakı əsas rollardan biri Esmeraldadır. Vəfa Rzayeva qaraçı qızının surətini yarada bilib. Daim sevmək, sevilmək istəyən, insana qarşı olan haqsızlığa hiddətlənən Esmeralda qətiyyən keşişin yalvarışlarına məhəl qoymur, onun cismani nəşə aləti olmur. Tale Esmeraldadan üz döndərəndə belə Kvazimodo talenin səhvini düzəldir, onu sonacan qoruyur. Esmeralda bir təsadüfən taleyini Qrequarla bağlayıb.

O, dar ağacında olarkən artıq hər şeydən əlini üzüb. Bu dəm meydana atılan Kvazimodo aranı qarışdırır, Esmeraldanı dar ağacından qurtararaq kilsədə gizlədir. Kvazimodonun ac Esmeraldaya yemək gətirməsi səhnəsi yaxşı alınıb.

Esmeralda bu məqamda bir daha Kvazimodonun ürəyinin böyüklüyünü anlayır.

Esmeraldanın başına gələn bütün fəlakətlərin səbəbkarı olan keşiş isə yenə onu ələ keçirəcəyinə ümid bəsləyir.

Esmeralda kilsəyə dua etməyə gələrkən ona sevgisini bildirən keşiş rədd cavabı alır. Qaraçı qızı keşişin gözlərindəki insansızlıqdan dəhşətə gəlir. Onun baş yaylığı bu zaman kilsədə qalır. Az sonra kilsəyə gələn dövlət nazirinin qadağan olunmuş kitablardan birini oxuduğunu görən keşiş onu bu yoldan döndərməyə çalışır, mümkün olmadıqda isə Esmeraldanın yaylığı ilə boğur.

İndi Esmeralda dar ağacından qurtulub yenidən sığındığı kilsədə ölümünü gözləyir. Keşiş indi daha da güclüdür. Ölkədə azadlığa çağırış şüarlarının artması gənc kralı qorxuya salıb. O, əvvəllər camaatın azadlıq istəklərinə dəstək olacağını desə , indi gördükərindən dəhşətə gəlir. Keşişə yalvararaq kömək istəyir, ona müstəsna səlahiyyətlər verir. Keşiş gənc krala az vaxta gizli vərəqələri çap edənləri tapacağına söz verir. Bir təsadüf nəticəsində o, bu işi Qvazimodonun etdiyini öyrənir. Lakin Qvazimodo etdiyi işdən qətiyyən qorxmur, hətta keşişə nifrətini ifadə edir. Keşiş düşdüyü vəziyyətin baiskarı kimi daim Esmeraldanı görür, onu öldürmək qərarına gəlir. Amma Kvazimodo ona istəyini reallaşdırmağa imkan vermir, keşişin zərbəsindən ölümcül yaralansa da, onun zərbəsilə özünü öldürür. Keşiş son nəfəsində dövlət nazirini öldürdüyünü etiraf edir. Kvazimodonun ölümündən sonra Esmeralda kilsə zənglərini vurur.

Tamaşadan çıxan qənaət isə budur: qədər ki, insan öz xeyir imkanlarını aşkarlayıb özünü yaratmayıb, o, dəbdəbəli görünən hansı quruluşu yaradır-yaratsın, yenə bunların heç birində xoşbəxt olmayacaq.

 

Xalq cəbhəsi.-2007.-14 aprel.-S.15.