Mehdixanlı T.

Zirvədən eşidilən soraq

 

Xalq artisti Fatma Qədir qızı Qədrinin haqqında yazmaq çətindir, amma şərəfdir. Ona görə çətindir ki, üzünü, canlı ifasını görməmişik. Ancaq lent yazılarından məlahətli, bəzən pıçıltılı, bəzən coşqun, çılğın səsini, gülüşünü eşitmişik. Şərəfdir ki, onun keçdiyi sənət yolu tədricən zirvələrə doğru ucalıb, çəkdiyi cəfalar, əzab-əziyyətlər hədər getməyib. İnamla demək mümkündür ki, həmin yol bu gün örnəkdir.
F.Qədiri yüz il əvvəl aprel ayının 14- Odessa şəhərində çoxuşaqlı, kasıb ailədə dünyaya göz açmışdı. Atası şəkər zavodunda fəhlə işləyər, cüzi əməkhaqqı alardı. Ailənin dolanışığı, güzəranı həddən artıq ağır idi. Azyaşlı körpələrin üzləri gülməzdi, eyinləri açılmazdı. Çarəsizlikdən Fatmanı 9 yaşında verirlər bir dindar qadının himayəsinə. O da uşağı aparır mədrəsəyə təhvil verir. Yeniyetmə qız orada iki il təhsil alır, dini adət-ənənəni, şəriət qayda-qanunlarını öyrənir. Ancaq yenə üzü gülmür, könlü açılmır. 11 yaşında rus xalq məktəbinə gedir. Şagird yoldaşları arasında yaddaşı, diksiyası ilə seçilir. Onu tərifləyirlər, həmyaşıdlarına nümunə göstərirlər. Həmin dövrü xatırlayan Fatma xanım deyərmiş: "Həmyaşıdlarım al-əlvan geyinib gəzintiyə çıxanda mən evimizdə için-için ağlayardım. Gecə-gündüz Allaha yalvarardım ki, ya canımı alsın, ya da bəxtimi açsın".
Ulu Tanrıdan istədiyi kömək axır ki, onun qismətinə çıxdı. On dörd yaşında Bakıya gəldi. Yeni yaradılmış Bakı Dövlət Teatr Texnikumuna daxil oldu. Məktəbin ilk direktoru Şövkət Məmmədova ona analıq qayğısı göstərdi. Qismən olsa cari ehtiyacını ödədi, yaşamağa, sevdiyi sənətə daha da ruhlandırdı. O, təhsil ocağında A.Tuqanov, A.Muradov, V.Sladkonevsev başqa zəngin təcrübəyə malik teatr xadimlərindən təhsil aldı.
Azərbaycanda ilk professional teatr təhsili görmüş qadın-artist Fatma
Qədri olmuşdu. Oxumağa onda elə böyük həvəs varmış ki, teatr məktəbi ilə paralel olaraq Ali Qadın Pedaqoji İnstitutunda da təhsilini davam etdirmişdi. Səhnə fəaliyyətinə isə elə tələbəlik illərində başlamışdı. 1926-cı ildə onu Bakı Türk-işçi teatrına dəvət ediblər. Orada Sürüci ("Hind qızı"), Esmiralda ("Notrdam kilsəsi"), Polina ("Gəlir yeri"), Novbar ("Cançur Səməd"), Gülbahar ("Anamın kitabı"), Şərəfnisə ("Dərviş Məstəli şah"), Susanna ("Namus") başqa tamaşalarda yaddaqalan obrazlar yaratmışdı. Onun "Sevil" tamaşasında oynadığı Gülüş rolu zamanın ədəbi hadisəsi kimi qarşılanmışdı.
F.Qədri 1926-1932-ci illərdə Türk-İşçi Teatrında, 1933-1936-cı illərdə Bakı Rus Dram Teatrında ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Bakı Rus Dram Teatrında yaratdığı obrazlar - Janna Barbie ("İntervensiya"), Raya ("Özgə uşağı"), Solmaz ("Od gəlini"), Sona ("1905-ci ildə"), Baronessa Ştral ("Maskarad") hələ yaddaşlardan silinməyib. Aktrisanın oynadığı həmin rollar haqqında dövri mətbuatda dəfələrlə müsbət rəylər yazılmış, mütəxəssislər, teatrşünaslar onların hər birini bədii, emosional ifa baxımından yüksək qiymətləndirmişlər. Roldan rola daha da püxtələşən, sevilən sənətkar 1935-ci ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdü. Sonralar onun oynadığı Luiza, Maşa, Polina, Reqana, Emilya, Raşel, Xlebnikova rolları dillər əzbəri olmuşdu. Yaratdığı Xuraman,
Larisa, Katerina obrazları nəinki sabiq Sovetlər birliyi ərazisində, hətta dünyanın çox ölkələrində məşhur idi.
F.Qədrinin özünəməxsus yaradıcılıq yolu, səhnə fəaliyyəti vardı. O, ifalarında əsla təkrara yol verməzdi. Yeni nüanslar, jestlər, mizanlar axtarar, səs tonunu obrazın xarakterinə uyğun dəyişməsinə ciddi fikir verərdi. Bu səbəbdən onun oynadığı rollar səciyyə xüsusiyyətlərinə görə biri digərinə bənzəmirdi. İstedadlı aktrisa hər obrazın özünəməxsus cizgi fərqləndirici əlamətlərini məharətlə, ustalıqla müəyyən etməyi bacarırdı. Oynayacağı rolların talelərini duyub-anlayar, onların həyata, cəmiyyətə, zəmanəyə münasibətlərini dərindən öyrənərdi. Görkəmli teatrşünas Cəfər Cəfərov yazıb: "Bir gün Fatma xanım mənə zəng etdi. Soruşdu ki, "Vaqif" əsərində Xuramanı oynamağı mənə etibar ediblər. Ancaq qəhrəmanın daxili aləmindən, yaşadığı mühitdən xəbərsizəm. Xahiş edirəm bu barədə mənə məlumat verəsiniz. Təbii, sevimli aktrisanın istəyinə uyğun danışdım. Tamaşa zamanı onun bənzərsiz ifasını görüb heyrətləndim".
Fatma xanım teatra sıx bağlılıqla yanaşı, həm pedaqoji fəaliyyətlə məşğul olmuşdu. 1933-cü ildən Teatr Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında, Teatr İnstitutunda aktyorluqdan dərs demişdi. Onun yetirmələrindən bəziləri hazırda da müxtəlif teatrlarda çalışırlar. Tamaşaçıların alqışını, məhəbbətini qazanmış görkəmli səhnə xadimi Böyük Vətən müharibəsi illərində cəbhəyə gedənlərin qohum-əqrəbalarının həsrətini, intizarını özününkü bilmiş, mütəmadi olaraq onlarla görüşmüş, hərbi hospitallarda, xəstəxanalarda səhnəciklər təşkil etmişdi. İnsanların sevincinə sevinmiş, kədərindən qüssələnmişdi. İmkansızlara, ehtiyacı olanlara yardım göstərmişdi. Gənclərlə işləməyi sevirdi. Uzun illər hazırkı Bakı Dövlət Universitetində dram dərnəyinin rəhbəri olmuşdu. O, dəfələrlə yerli sovetlərə deputat seçilmişdi. Əməyi vaxtaşırı qiymətləndirilmişdi. Xalq artisti fəxri ada layiq görülmüş, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri ilə, neçə-neçə medalla təltif olunmuşduE
Onun vəfatı ilə əlaqədar verilmiş nekroloqdan bir parçanı da yazıya əlavə edirik: "Respublikamızın teatr ictimaiyyətinə ağır itki baş vermişdir. Azərbaycan teatr sənətinin görkəmli xadimlərindən biri, respublikanın xalq artisti Fatma Qədir qızı Qədri 1968-ci il fevral ayının 29-da vəfat etmişdir. İstedadlı artist, səmimi insan, sevilən pedaqoq Fatma Qədri son nəfəsinə qədər ömrünü Azərbaycan teatr mədəniyyətinin inkişafına həsr etmişdirE" Dəfn mərasimində xalq artisti Nəsibə xanım Zeynalova demişdi: "Fatma, sənin ömrün aktrisalıqdan daha çox nağıl qəhrəmanlarının ömrünə bənzəyir. Sənə Yaradanımız fitri istedad vermişdi. Şirin dilin, qılığın, qayğın, zəhmətin vardı. Sən hər bir tamaşaçını canından artıq sevirdin. Onlar da səni doğmaları kimi sevirdilər. qədər xalqımız var, sən unudulmayacaqsan".
Fatma Qədri doğrudan da nağıl qəhrəmanları kimi tanınmışdı. O qədər səmimi, mehriban insan olub ki, uşaqlar ona ana, ahıllar qızım deyərmişlər. Güləndə çöhrəsi nur saçarmış. Kədərli olanda qaşları sıxılarmış. Mərhəməti, alicənablığı, istedadı ilə sevilərdi. Səsi-sorağı sənət zirvəsinin ucalığından gələrdi E

Azərbaycan.-2007.-14 aprel.-S.8.