Məhərrəmova T.
Cəlalı əzaziliklə öldürən kişi
O, həmişə
"kino mənim həyatımdır,
xoşbəxtliyimdir" deyərdi
Aktyor taleyi müxtəlif
olur. Bəziləri hələ çox erkən yaşda
parlayır, bəzilərinin tanınıb sevilməsi isə
uzun və dolanbac yollardan keçir. SSRİ xalq artisti
İsmayıl Osmanlı isə öz yaradıcılıq
istedadını daha çox 50 yaşından sonra
nümayiş etdirə bilib. O, Ələsgər
Ələkbərov, Hökumə Qurbanova, Barat
Şəkinskaya, Ağadadaş Qurbanov, Ülvi Rəcəb,
Sidqi Ruhulla kimi sənətkarlar nəslinin parlaq
istedadlarından birinə çevrilib. İ.Osmanlı hər
obrazda bir insan taleyinin zəngin mənzərəsini
açır, ən kiçik rolda belə əvəzsiz
xarakter yaradırdı. Ona ehtiraslı, dərin xarakterlər
ustası da deyirdilər. Hər dəfə də
səhnəyə hiss və fikirlə dolu böyük bir
aləm gətirirdi. Onun təbiətində fitri bir yumor
vardı. Bu, sünilikdən, saxtalıqdan uzaq, səmimi bir
yumor idi. Aktyor komik səpkidə rol oynayarkən salona
toplaşanları güldürməyi qarşısına
məqsəd qoymurdu. Bu gülüş təbii oyununa
rəğmən öz-özünə yaranırdı.
İ.Osmanlı səhnəmizdə 250-dən çox
irili-xırdalı rol yaradıb və bu obrazların hər
birinə öz istedadının gücü ilə zamanın
silə bilməyəcəyi möhür vurub.
Taleyin sınağı
İ.Osmanlı kasıb bir ailədə
böyümüşdü. Atası keçəçilik
edər, ailəni çətinliklə dolandırardı.
Balaca İsmayıl ilk təhsilini Şəkidə
"Vətən" məktəbində almışdı.
Təhsilə böyük həvəs göstərən
balaca İsmayıl 11 yaşında ikən atasını
itirir. Atanın
ölümündən sonra ailənin çətin və
əzablı günləri başlayır. İsmayıl gah
əmisinin, gah da dayısının yanında yaşamalı
olur. Əmisi onu şəhər rus məktəbinə qoyanda
İsmayılın sevincinin həddi-hüdudu yox idi. O,
böyük həvəslə oxumağa başlayır. Lakin
burada da həyatın sərt üzü ilə
rastlaşır. O zaman adətən məktəbdə oxuyan
uşaqlar bahalı məktəbli forması geyməli
idilər. Şəki rus məktəbində də belə
idi. Xüsusi məktəb paltarı olmayan uşaqları
məktəbə buraxmırdılar. İsmayılın
belə paltar alması mümkün deyildi, ona görə
də o, məktəbi tərk etməli olur. Təhsildən
əli üzüldükdən sonra bir çox yerlərdə
işləmək məcburiyyətində qalır. Gah dərzi
şagirdi, gah ipək fabrikində, gah da dabbaqxanada
fəhlə işləyir. Tale bu balaca uşağı
amansızlıqla sınağa çəkirdi...
Bu illər Azərbaycanda teatrın yeni
nəfəslə yüksəlişi dövrü idi. Yüzlərlə gənc teatr, aktyorluq
həvəsinə düşür və axın-axın
səhnəyə gəlirdi. Şəhər və
kəndlərdə dram dərnəkləri yaranırdı.
Belə dərnəklərdən biri də Şəkidə
fəaliyyət göstərirdi. İsmayıl dram dərnəyinin
məşqlərinə gedir və Şəki
səhnə həvəskarlarının oyununa
həvəslə baxırdı. Sonralar uşaqlıq
həvəsini özü belə xatırlayırdı: "O
vaxt nədənsə həmişə darıxırdım,
həmişə narahat idim. Məni ovunduran, mənə
təsəlli verən bir iş axtarırdım. Ancaq onun
nə olduğunu dərk edə bilmirdim. Bir dəfə
Şəkidə klubun yanından keçirdim. Gördüm
çalıb-oynayırlar. Şəkinin dram
dərnəyində tez-tez məşqlərə getməyə
başladım. Həvəskarların məşqləri
mənə yaman ləzzət verirdi. Mən ayrı-ayrı
iştirakçıların danışıq tərzini,
səhnə davranışını izləyər və sonra
heç unutmazdım. Məşqlərdən sonra
küçədəmi, bazardamı, evdəmi, hansısa bu
və ya digər rolu həmişə öz-özlüyümdə
təkrar edər və təklikdə məşq edərdim.
Burada çox vaxt musiqili komediyalar hazırlayırdılar. Yadımdadır, bəzi həvəskarların oyunu
məni qane etməzdi, hərdənbir dərnək
rəhbərinə müraciət etmək istəyirdim ki,
məni də bu və ya digər rola buraxsın, lakin cəsarətim
çatmazdı. Bir gün daha özümü saxlaya
bilmədim. Mahmud adlı qabaqcıl həvəskarlardan
birinə müraciət etdim. Böyük sıxıntı
ilə arzumu ona bildirdim. Mahmud məni diqqətlə dinlədi
və səhər məşqə gəlməyi
tapşırdı. Sabahı mənə rol verdilər".
Bir müddətdən sonra İ.Osmanlı
dərnəyin əsas üzvlərindən biri kimi
tanınır. Kollektivin üzvləri ona böyük
qayğı göstərirdilər. Bir gün
mədəniyyət evinin müdiri onu yanına
çağıraraq klubun katibi işləməyi təklif
edir. İsmayıl bu təklifi böyük sevinclə
qəbul edir. Çünki artıq onun aylıq maaşı
olacaqdı. İsmayıla
ayda beş manat pul verir, eyni zamanda müxtəlif rollar
tapşırırdılar. Get-gedə İsmayıl həvəskar bir aktyor kimi
püxtələşməyə başlayır.
Mədəniyyət
evinin direktoru Baxşəli Axundov dərnəyin
irəliləməsi və inkişafı üçün
səylə çalışırdı. O, başa
düşürdü ki, Şəki kimi bir şəhərin
əməlli-başlı teatrı olmalıdır. Kollektivi püxtələşdirmək
məqsədi ilə o, Bakıya müraciət edir və
hələ o vaxt tanınmış səhnə xadimi olan
Möhsüm Sənanini yeni tamaşa hazırlamaq
üçün Şəkiyə dəvət edir. M.Sənanin rəhbərliyi ilə hazırlanan
S.S.Axundovun "Laçın yuvası" tamaşası
Şəki camaatı tərəfindən böyük
rəğbətlə qarşılanır.
M.Sənani
kollektivin qüvvəsini görür və onlarla daha çox
işləməyə həvəslənir. Onunla
dərnəyin direktoru kollektivi qastrola aparmaq qərarına
gəlirlər. Kollektiv səylə qastrola
hazırlaşır və Ağdam, Ağdaş,
Göyçay və Gəncə
şəhərlərində ardı-arası
kəsilmədən tamaşalar verməyə başlayır.
Gəncədə qastrolda olarkən
İ.Osmanlı tamaşaçıların daha çox
diqqətini cəlb edir. O, Gəncə dram
dərnəyində böyük həvəslə işə
başlayır. Aktyor yaxşı başa
düşürdü ki, əsl sənətkar olmaq
üçün dərin biliyə yiyələnməlidir.
Bu məqsədlə fəhlə
fakültəsinə daxil olan İ.Osmanlı
gündüzlər dərsə, axşamlar məşqə
tələsərdi. Gəncədə
işləri pis getmirdi. Burada artıq hiss edirdi ki, teatr
onun həyatının mənasıdır.
Böyük səhnəyə gedən yol
Gəncə mühiti İ.Osmanlı
üçün çox xeyirli olur. Gələcək aktyor
burada böyük bir sənət məktəbi keçir.
Bununla belə, o, başa düşürdü ki, ona
möhkəm müəllim təlimi lazımdır. O bilirdi
ki, aktyorluq sənətinin sirlərini yaxşı
öyrənmədən həqiqi sənətkar olmaq
mümkün deyil. İllər keçəndən sonra
böyük aktyor xatirələrində yazırdı:
"Mən çox darıxırdım, açıq hiss
edirdim ki, dərnək məşqləri, həvəskar
tamaşaları sənətkarlıqdan çox uzaqdır.
Maddi vəziyyət də bir tərəfdən...
Əlbəttə, mən Bakıda teatr texnikumuna daxil ola
bilərdim. Ancaq bir tərəfdən maddi
vəziyyətimin ağırlığı, digər
tərəfdən də etiraf edim ki, tələsməyim,
yaxşı aktyor olmaq arzusu məni rahat buraxmırdı.
Mən səhnəyə çıxmağı,
tamaşaçı qarşısında imtahan verməyi
çox üstün tuturdum".
Bakıdakı Əzizbəyov adına teatr
haqqında tez-tez eşitdiyi xəbərlər onu
tələsdirir, böyük səhnəyə
çağırırdı. Amma bu teatrın sənətkarları
sırasına daxil olmağa hələ cəsarət etmirdi.
Nəhayət, Tiflisdəki Azərbaycan teatrında
işləməyə qərar verir. O zaman həmin teatra
Kirmanşahlı kimi peşəkar aktyor rəhbərlik edirdi.
İ.Osmanlının bir sənətkar kimi böyüyüb
yetişməsi prosesi də həmin teatrdan başlayır.
Onun ilk peşəkar müəllimi Kirmanşahlı olur. Gənc aktyorun arzusu daha böyük
səhnədə işləmək idi. 1930-cu ildə o, Abbas
Mirzə, Ülvi Rəcəb, Sidqi Ruhulla kimi böyük
sənətkarların çalışdığı
şöhrətli aktyor kollektivinə daxil olaraq,
illərdən bəri arzusunda olduğu teatrın
səhnəsində çalışmağa başlayır.
Böyük səhnədə rəngarəng,
müxtəlif xarakterli obrazlar yaradır. Çox keçmir
ki, adı səhnəmizin qüdrətli korifeyləri ilə
bir sırada çəkilməyə başlayır.
Əlbəttə, böyük səhnəyə yol asan
olmamışdı. Aktyor bilirdi ki, əsl istedadın
parlaması üçün həm də gərgin
zəhmət lazımdır. İ.Osmanlı da gərgin
zəhmət, yuxusuz gecələr hesabına
çalışırdı.
"Cəlalı öldürən
gəldi"
"Yeddi oğul istərəm" filmində
Kələntər rolu ilə İsmayıl Osmanlı
Azərbaycan kinosu tarixində yaddaşlardan
silinməyəcək bir obraz yaradır.
Filmdən sonra adamların çoxu "Bu
kişini görürsənmi? Bizim ona xüsusi
hörmətimiz vardı. O, Kələntər rolunu oynayandan
sonra, açığını deyək, ondan zəhləmiz
gedir"- deyirdilər. Hətta yolda ona rast gələnlər
qabağını kəsib: "İsmayıl əmi,
heç insafın yoxdurmu, niyə Cəlalı o cür
əzabla öldürürsən? Axı sən yaxşı
aktyorsan?" deyirdilər.
Aktyor bu cür gileylərlə dolu çoxlu
məktublar da alırdı. O, həmin məktubları
əziz xatirə kimi qoruyub saxlayırdı. Məktubların
birində yazılmışdı: "Mən
ədəbiyyatçı deyiləm, adi əmək adamıyam,
kino və teatr həvəskarıyam. Hörmətli
aktyorlarımıza hörmət bəsləyirəm. Mən Abbas Mirzəni, Ülvi Rəcəbi,
Ələsgər Ələkbərovu, Mərziyə
xanımı, İsmayıl Dağıstanlını,
Hökümə xanımı, Kələntər rolunu oynayana
qədər sizi və digər aktyorları bir ideal kimi sevmişəm
və sevirəm. Kaş Kələntər rolunu
oynamamış səhnəmizi tərk edəydiniz. O zaman sizin
şöhrətiniz daha da artardı. Mən bilirəm ki,
aktyor mənfi obrazı yaxşı yaradırsa, o,
tamaşaçının nifrətini qazanmalıdır.
Mən sizi belə mənfi rolda görmək istəməzdim.
Hər gün bizim evimizdə mübahisə gedir. 70
yaşlı anam da kinoya baxarkən Cəlalı o
əzazilliklə vurduğunuz zaman özünü saxlaya
bilməyib ağladı. Kələntərə
ürəkdən nifrət etdik, bu nifrət sizə aiddir. Sizi
mən hələ Şaliko rolunu oynadığınız
vaxtdan daima müsbət və komik obrazlarla
görmüşəm. Televizorda sizi görəndə anam
"Xəlil kişi gəldi"- deyirdi, ancaq indi
"Cəlalı öldürən gəldi" deyir. Biz
heç cürə sizi bağışlaya bilmirik. Mən
bilirəm ki, məktubum sizə xoş
gəlməyəcək, bəlkə də kollektivinizə
oxudunuz. Məni təqsirləndirməyin, ürəyimdə
heç cürə bağışlaya bilmirəm... Nə
isə, Kələntər obrazı sizi 8 nəfərlik
ailəmizin gözündən salmışdır. Mənə
elə gəlir ki, sizi tanıyan bütün
tamaşaçılar bu rəydə olarlar".
Amma aktyor səmimi gileylərdən incimir,
"bu tamaşaçı məktubu ən böyük
xoşbəxtlikdir, nə qədər sərt, nə
qədər səliqəsiz yazılsa da, mən
şəxsən bütün deyilənləri əziz bir giley
hesab edirəm. Hətta
"kaş Kələntəri oynamamış səhnəni
tərk edəydiniz" arzusunun özündə belə
böyük bir sevgi, böyük bir məhəbbət var.
Böyük sənət belə olmalıdır" - deyirdi.
Doğrudan da, əsl aktyor oyunu yaddaşlarda
əbədi yuva salmalı, ürəklərdən heç
zaman silinməməlidir. Aktyorun teatr və kino tariximizdə
yaratdığı obrazlara nəzər salıb "Teatr, kino
mənim həyatım, xoşbəxtliyimdir"
deməsinə isə ürəkdən haqq qazandırmaq olur.
Kaspi.-2007.-24 aprel.-S.16.