Məhərrəmova T.
Naxışı
gətirməyən yubilyar
Səhnəmizin
Qartalının 60 yaşı qeyd olundu
Bizdə yubiley
gecələrinin ənənəvi qaydaları mövcuddur:
səhnənin bir küncündə səbəbkar
üçün bir qədər hündürdə
hazırlanmış və gül-çiçəklə
əhatələnən taxt-tac, yubilyara verilən
hədiyyələrin və az qala zərfdəki pulun
məbləğinin nümayişi, standart təbriklər, "nə
məqsədə vermisinizsə, Allah qəbul eləsin"
sözləri və s. və i.a. Novruz Qartalın yubileyinə
həsr edilən tədbir də bu çərçivədən
kənara çıxmadı.
Ancaq yubiley gecəsi sadəliyi və
səmimiliyi ilə, ən əsası, yubilyara sevgi hiss
olunması baxımından yadda qaldı. Gecənin bəzi
məziyyətlərinə toxunmazdan öncə qeyd edək
ki, aktyorun 60, sənət fəaliyyətinin 40 illiyinə
həsr olunan tədbirdə yubilyarı təbrik etmək
bilavasitə vəzifələri
olan təşkilatların nümayəndələri
gözə dəymədi. Heç şübhəsiz, 40 il bu
səhnədə can qoyan, insafən yaxşı rollar oynayan
və tamaşaçı məhəbbəti qazanan aktyor bu
diqqətə və hörmətə layiq idi. Aktyoru sevən,
sənətinin vurğunu olan dəvətlilərin
hamısı gəlib zalı ağzınacan doldursalar da,
nə Mədəniyyət və Turizm Nazirliyinin, nə də
Teatr Xadimləri İttifaqının bir nümayəndəsi
gecədə iştirak edirdi. Baxmayaraq ki, gecənin
təşəbbüskarı elə Mədəniyyət
və Turizm Nazirliyinin özü idi. Vəzifələrini
quruca bir fəxri fərman və təbrik
göndərməklə bitmiş hesab edən bu
səlahiyyətlilərin hətta keçirilən
yubileylərdə ayrı-seçkilik salmaları adama bir
qədər qəribə gəlir. Nə
mənada? Əvvəla, N.Qartal nə az-nə azacıq,
canını 40 il bu səhnəyə fəda edib. İkincisi,
60 yaş aktyor üçün az vaxt deyil. Əgər
səhnə fəaliyyətinin 10-15 və ya yaşının
30-40 illiyini qeyd edən bir "növcavanın" yubileyi
keçirilsəydi, bəlkə də ona barmaqarası
baxmaq olardı. Novruz Qartalın yubileyinə belə
diqqətsiz yanaşmaq isə ən azı insafdan deyil. Bir də əgər Əbülfəs Qarayev
"mənimçün fəxri adı olan aktyorla fəxri ad
almayan aktyor birdir" - deyirsə, ancaq gecəyə nazirliyin
heç bir nümayəndəsi qatılmırsa, bu
laqeydlikdə uzun illər səhnədə can qoyan Novruz
Qartalın həm də fəxri adının olmaması rol
oynamırmı? Məgər tədbirin
səhəri günü nazirlik tərəfindən yubileyi
ilə əlaqədar ona çatacaq pulu almaqdan ötrü
özü ora yollanan aktyor üçün maddiyyat hər
şey deməkdirmi? Əgər belə olsaydı, N.Qartal uzun
illər az maaşla işləyib bu sənətdə can
qoymazdı. Aktyor iki il bundan qabaq qəzetimizə
müsahibəsində dövlət tərəfindən
zəhmətinə qiymət verilməməsindən nəinki
şikayətlənmiş, hətta özünü "ada
həsrət qalmış" da adlandırmışdı:
"Bunda naxışım gətirməyib. Ancaq xalq məni
Əməkdar artist kimi qəbul edir. Televiziyalarda,
qəzetlərdə təqdim olunanda həmişə bu
fəxri adla təqdim edirlər. Yaltaqlıq
eləməmişəm, qapı döyməmişəm. Bu
böyüklükdə sənət ocağının truppa
rəhbəriyəm. Teatrın
repertuarındakı bütün tamaşalarda oynayıram. 40
dərəcə temperaturum olanda da səhnəyə
çıxıram, sağlam olanda da. Özü də
heç bir tamaşada dublyorum yoxdur. Şikayət
eləmirəm, sənətkarın adı ola da bilər,
olmaya da, mükafat ala da bilər, almaya da. Sənətkar
gərək bunu ürəyinə salmasın. Allah
sənətsevərləri yaşadacaq. Fəxri adım olmasa
da, xalqım mənə Qartal ləqəbi verdi. İndi
mənə "səhnəmizin Qartalı" deyirlər.
Xalqın mənə verdiyi qiymətdən razıyam".
Neyləsin? Yaşının bu sinnində hara getsin? Ona
görə də taleyilə barışaraq başını
aşağı salıb işini görür.
Sənətinə bağlı aktyorların gedəcək
yerlərinin olmamasını da yaxşı bilir: "Onlar hara
gedə bilər ki? Bəzən aktyorlar müxtəlif yeni
açılan teatrlara, şirkətlərə gedirlər,
onunla da məhv olurlar".
Nə isə... bu laqeydliyin və
diqqətsizliyin cavabını mədəniyət və
incəsənətimizin səlahiyyətlilərinin
ixtiyarına buraxaq, yubiley əhval-ruhiyyəsindən uzaq
düşməyək.
60 yaşı tamam olan 25 yaşlı aktyor
"Ömür yaşanılmış
illər deyil. Sənət adamlarının xalq
üçün yaşanılan illəri daha maraqlı, daha
yaddaqalan olur. Novruz Qartalın 60 yaşı inandırıcı
deyil. Yəqin ağsaqqallığa həvəsli olduğu
üçün o, yaşını çoxaldıb. Novruz
Qartal 60 yaşı tamam olan 25 yaşlı aktyordur. Onun
sənət yanğısını nəzərə alsaq, 25
yaşı tamam oldu" - deyə tədbirin
aparıcıları yubilyarın 60 yaşının
işığına yığışan qonaqları
salamladılar. Sonra Novruz Qartalın
sənətə bağlı ömrünün illəri,
ayları vərəqləndi: "1966-cı ildə Teatr
İnstitutunun aktyorluq şöbəsinə qəbul olan aktyor
bir il sonra maddi durumu ilə əlaqədar Şəmsi
Bədəlbəylinin köməyi ilə
"Muskomediya"ya gözətçi kimi işə
qəbul olunub. Bir müddətdən sonra görkəmli
bəstəkar Süleyman Ələsgərovun köməyi
ilə reyissor assistenti, daha sonra xor artisti işləyib.
Get-gedə ona kiçik rollar tapşırılıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra Şəmsi
müəllim onu yenidən teatra dəvət edib. O vaxtdan da
ömrünü-gününü bu sənət
ocağına bağlayıb. S.Ələsgərov,
N.Şərifov, Ş.Bədəlbəyli kimi reyissorlara,
Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Hacıbaba
Bağırov, Səyavuş Aslan kimi aktyorlara minnətdar olub.
Sənət fədaisi olmağı onlardan öyrənib.
Hər bir çətinliyə dözüb. Teatrı ikinci evi
bilib. Bu illər ərzində 100-dən artıq rolun
əvəzsiz ifaçısına çevrilib. "Toy kimindir"də Qoşun, "Nənəmin
şahlıq quşu"nda Qədim Qədimoviç,
"Boşanaq, evlənərik"də İkram, "Hicran"
da Baləmi, "Hərənin öz ulduzu"nda
Kələntər dayı, "Məhəbbət oyununda
Daşdəmirov, "Bankir adaxlı"da
dilənçilər padşahı və s. kimi rəngarəng
obrazlar qalareyası yaradıb. heç vaxt, hətta haqsız
incidildiyi vaxtlarda da "Kaş ki, bu sənətə
gəlməzdim" deyə öz-özünü
məzzəmətləməyib. Sənətinə olan
məhəbbəti ona bütün inciklikləri və
haqsızlıqları unutdurub.
İndi də Novruz Qartal bu
böyüklükdə sənət ocağının truppa
rəhbəridir. Həmçinin teatrın
repertuarındakı bütün tamaşalarda oynayır.
"Novruz Qartal ömrünü 40 il bu
səhnəyə fanatikcəsinə həsr edib. Bu
müqəddəs səhnədə korifey sənətkarlarla
çalışıb, xalqın məhəbbətini
qazanıb" - deyə teatrın rəhbəri Elxan Ocaqov 17
il birgə çalışdıqları aktyoru yalnız
yaxşı mənada tanıdığını
söylədi.
Teatrın baş reyissoru Yusif Əkbərov
isə gənclik illərindən ömrünü
sənətə həsr edən Novruz Qartalı
sənətə bağlı sənətkar adlandırdı:
"Bu səhnədə görkəmli sənətkarlarla
çalışan Novruz Qartal onlardan topladığı
təcrübəni həvəslə gənclərə
öyrədir".
Opera və Balet Teatrının baş reyissoru
Hafis Quliyev "Siz ömrünüzün müdrik
yaşındasınız. İncəsənətə
səmərəli xidmət etmisiniz. Sizə bundan sonra da
həmişə Qartal kimi zirvələrdə
uçmağı arzulayıram" - deyə arzularını
dilə gətirdi.
Teatrın aktyoru Elçin Həmidov 30
ildən artıq bu səhnədə olmasına görə
özünü Novruz Qartala minnətdar bildi:
"Səhnədə olduğum bu illər ərzində
heç vaxt bu qədər həyəcanlı
olmamışam. O, 1974-cü ildə məni bu teatra
işə düzəldib. Əvvəlcə
işıqçı, sonra xorda işləmişəm.
Çətin anlarımda Novruz həmişə mənə
kömək edib".
Yubilyarı təbrikə gələnlər
arasında Gənc Tamaşaçılar Teatrı, Kukla
Teatrı, "Metropoliten"in rəisi Tağı
Əhmədov da vardı. Gecənin nəğməli
qonaqları Xalq artisti Azər Zeynalov, Əməkdar artist
Xanım Qafarova, müğənnilərdən Yaqut Babayeva,
Vaqif Şıxaliyev mahnı çələnglərini
gecəyə ərməğan etdilər. Aktyoru müxtəlif tamaşalardan
səhnələrlə, parodiyalarla, rəqslərlə
cani-dildən təbrik edənlər isə, heç
şübhəsiz, doğma kollektivi idi. Onların bu
yubileyə ürəklə hazırlaşdıqları hiss
olunurdu. Ən maraqlısı bu idi ki, yubilyar özü də
"taxt-tac"ından düşüb onlara qoşuldu. Oxudu,
oynadı...
Hamı aktyora 100 illiyini bu səhnədə
qarşılamağı arzuladı. Novruz müəllim
"Gülüş səninləsə, 100 il yaşarsan"
tamaşası ilə Qartal ləqəbini qazanıb. Biz də
ona heç olmasa 100 yaşında fəxri ad almasını
arzulayırıq!
P.S. "Hərənin
öz ulduzu" tamaşasına yəqin ki,
çoxlarınız baxmısınız. Tamaşanın
qəhrəmanı, veteran Kələntər kişinin - Novruz
Qartalın tez-tez "orden, medal verəcəklərmi?" -
deməsi ada həsrət qalmış aktyorun
dolayısıyla yuxarılara ismarıcı deyilmi? Novruz Qartal
yubileyində həmin səhnəni bir də oynadı.
Kaspi.-2007.-27 aprel.-S.16.