Məhərrəmova T.
Ürəyincə
olmayan peşədən əl çəkə bilməyən
insan
Əzizağa Əzizov,
aktyor: "Nə gücüm varsa, onu səhnədə
qoyuram"
Yeganə adamdır ki,
illər boyu çalışdığı bəlkə
də getməyə başqa yeri olmadığı, bir
sənətdə hələ də könülsüz
olduğunu söyləyir. Amma illərdən
bəridir ki, ürəksiz yanaşıb, ürəklə
oynadığı - içində sevgi və
həvəssizliyin yaratdığı bu təzadın
səbəbini tapa, izahlaya bilmir. Özü etiraf etmək
istəməsə də, bəlkə elə
qarşılaşdığı haqsızlıqlar ona bu
sənətə ürəkdən bağlanmağa, bu
sənəti sonadək sevməyə imkan verməyib.
Ümidini təkcə səmimiyyətə bağlayıb.
Musiqili Komediya Teatrının aktyoru Əzizağa Əzizov bu
səmimiyyəti hiss etməyəcəyi təqdirdə
hər an teatrdan uzaqlaşmağa hazır olduğunu deyir.
- Sizi Musiqili Komediya Teatrına bağlayan nədir?
- Sözün doğrusu, heç vaxt
aktyorluğa həvəsim olmayıb. Uşaqlıqdan
dənizi çox sevdiyimdən dənizçi olmaq
istəmişəm. Orta məktəbdə oxuyanda bayram tədbirlərində,
müxtəlif əlamətdar günlərdə tamaşalarda
parçalar oynayır, monoloqlar söyləyirdim.
Müəllimlərim də məni məcbur edərək
"aktyorluq fakültəsinə get, səndən
yaxşı aktyor çıxar" deyirdilər. Ancaq mən
10-cu sinfi qurtarana qədər Odessa Hərbi Dənizçilik
Məktəbinə hazırlaşırdım. Həmin
məktəbə məktub da yazıb imtahanlarla
maraqlanmışdım. Böyük bacımsa məni musiqili
komediya aktyorluğu fakültəsinə getməyə
məcbur etdi. Dedi ki, həm səsin, həm də aktyor kimi
istedadın var. Mən də şərt kəsdim ki,
əgər instituta qəbul olmasam, hərbi xidmətə
gedib, daha sonra dənizçilik məktəbində
oxuyacağam. Bilmirəm bədbəxtçilikdən, yoxsa
xoşbəxtçilikdən məktəbə qəbul olundum
və Yaşar Nurinin kursuna düşdüm. Yaşar
müəllim də həvəssiz gəldiyimi bilirdi. Ancaq o
məndə sənətə həvəs aşıladı.
İnstitutda oxuduğum illərdə müxtəlif
tamaşalarda yaxşı rollar oynadım. Nadir adamlarda rast
gəlinən bas-bariton səsim vardı. Səsimə
görə məni Konservatoriyaya keçirmək
istəyirdilər. Müəllimim mənə
Opera Teatrında işləməyi məsləhət
gördü. Bədii Şura səsimə qulaq asandan sonra
səhnəyə alışmaq üçün heç olmasa
6 ay, ya da 1 il xorda oxumağımı məsləhət
gördü. Ancaq bu müddət düz 20 il uzandı. Düz
20 il teatrın xorunda oxudum. Hər dəfə solist
keçmək istəyəndə "bu gün, sabah"
deyib bəhanə gətirdilər. Vəziyyət elə
gətirdi ki, xordakı başqa millətlərin
nümayəndələri dağılaşandan sonra mən
tək qaldım. Artıq solistlikdən söhbət gedə
bilməzdi. Çünki xorda adam yox idi. 1989-cu ildə
məni Musiqili Komediya Teatrına dəvət elədilər.
Bu teatra gələrək bir neçə tamaşada rollar
oynadım. Ancaq evim, qeydiyyatım
olmadığı üçün yenidən Opera Teatrına
qayıtmalı oldum. Çünki həmin teatrın
xidməti mənzilində qeydiyyatda idim. 1994-cü ildə
Siyavuş Aslan məni yenidən "Muskomediya"ya
dəvət elədi. İki il işlədim və yenidən
Opera Teatrına qayıtdım. Nəhayət, 1999-cu
ildə Hacıbaba Bağırov məni
çağırtdırıb "tamaşalardakı
rollarını görmüşəm, sən bu teatra
qayıtmalısan" - dedi. Mən də
məmuniyyətlə qayıtdım və elə o vaxtdan bu
teatrda çalışıram. Artıq 8 ildir ki, bu teatrın
səhnəsindəyəm, tamaşalarda rollarım var.
Mənim tanınmağımda bu teatrın korifey
sənətkarlarının böyük rolu oldu.
- Belə anlaşılır ki,
sənətə təzə gəldiyiniz vaxtlarda teatrlarda
özünüzə həmişəlik yer tapmaq
çətin olub. Bəs özünüz üçün
necə aydınlaşdırdınız, institut
auditoriyasından yenicə qopan tələbənin
səhnədə baş rolların ifaçısına
çevrilməsi, yerini möhkəmlətməsi
üçün nə lazım idi?
- Bunun üçün səni
səhnədə görə bilən reyissor lazım idi. Əslində,
belə bir reyissor var idi. Yaşlı
aktyorlar "bu rolları buna verin, biz
yaşlaşırıq" deyir, reyissorları "bu aktyoru
niyə görmürsünüz" - deyə
qınayırdılar. Sadəcə, müdiriyyət başqa
idi. O vaxt daha çox xorun güclü olması lazım idi.
Ona görə də məni 20 il xorda saxladılar. İndi
isə özümü yerimdə hiss edirəm. Teatrın əksər
tamaşalarında rolum var. Hazırda məşqləri
gedən tamaşalarda da mənə rollar verilib.
- Teatrlar arasındakı
yerdəyişmələr həyatınızda nəyi
dəyişdi?
- Çox əziyyət çəkdim.
Çünki mən bir işin qulpundan yapışanda vicdanla
işləməyi xoşlayıram. Həm Opera Teatrına,
həm də bu teatra qaçmağım - iki teatr arasında
qalmağım mənim üçün çətinlik
yaradırdı. Onu da deyim ki, Opera Teatrının
rəhbərliyinin "Muskomediya"da
işləməyimdə böyük rolu olub. Onlar mənim
üçün hər cür şərait
yaradırdılar. Dəyişiklik o oldu ki, sənətdə
10-15 il geri düşdüm, özümü
bütünlüklə musiqili komediyaya həsr edə bilmədim.
Bilirsiniz ki, operanın xorunda oxumaq çox çətindir.
Bir rolu təhvil verməmiş başqa bir rolun
məşqlərinə başlamağım
istər-istəməz çətinlik yaradırdı.
Bəlkə də bu 10 ildə Yaşar Nurinin
ürəyimdə oyatdığı məhəbbətlə
teatrda çox iş görə bilərdim. Başımdan
yuxarı tullana bilməsəm də, heç olmasa, boyum
hündürlüyündə işlər görərdim.
- Operada çalışdığınız
20 il ərzində sizə bircə dəfə də
səhnəyə çıxıb rol oynamağa
şərait yaratmadılar?
- Səhnəyə aktyor kimi
çıxmağım onların şərait
yaratmağından asılı deyildi. Əvvəla, xora o
qədər öyrəşmişdim ki,
istər-istəməz solist kimi çıxıb oynaya
bilməzdim. 92-93-cü illərdən sonra mənə oynamaq
təklif olundu. Mən də razılaşmadım.
Səhnəyə çıxmaq üçün prinsipcə
tam fərqli və tam ciddi məşqlərə ehtiyac
vardı. Çünki səsdə dəyişiklik olur, solist
kimi çıxıb rol oynamağa özünü
hazırlaya bilmirsən. Ona görə də dedim ki,
özümü opera solisti kimi görmürəm. 92-ci ildə yaradıcılığımda bir
ilə qədər fasilə yarandı. Könüllü
surətdə Qarabağ müharibəsinə getdim. 6 aya yaxın 2-ci Bakı batalyonunun
tərkibində vuruşdum. Müharibədən zədə
alıb qayıtdım. Akif Məlikov müalicə
almağıma xeyli köməklik göstərdi. Operada rol
oynamaq təklifini də həmin vaxtlarda aldım.
- Xorda oxumaq rahat idi, yoxsa aktyor kimi oynamaq?
- Aktyor kimi səhnəyə çıxmaq
daha rahatdır. Xorda səhnəyə çıxan 50
nəfərdən birisən. Ancaq səhnə səhnədir.
Nə qədər adam olsa da, sən öz oyununu
oynamalısan. Çünki tamaşaya bilet alıb
gələn tamaşaçını sənin səhhətin,
problemlərin maraqlandırmır. Mən öz işimə
vicdanla yanaşdığımdan heç vaxt da
"xaltura" eləmirəm. Nə gücüm varsa, onu
səhnədə qoyuram. Xoşbəxtlikdən reyissorlar
mənə elə rollar veriblər ki, hamısı
ürəyimdən olub. Heç vaxt reyissora və bədii
rəhbərə yaxınlaşıb "filan rolu
mənə verin, o rolda özümü görürəm"
deməkdən xoşum gəlməyib. Çoxlu komediyalarda
oynamışam. Ancaq həmişə ürəyimdən
dramatik bir rol oynamaq keçib. Bilmirəm, bəlkə
həyatımda yaşadığım çətinliklərə
görə belə bir rol oynamaq, həmin günləri obrazda
yaşamaq istəyirəm.
- İllər keçəndən sonra bu
sənətə xoşbəxtçilikdən, yoxsa
bədbəxtçilikdən gəldiyinizi
müəyyənləşdirə bildinizmi?
- Hərdən elə anlar olur ki, böyük
bacıma "sən məni bu sənətə
yönəltməklə bədbəxt elədin" -
deyirəm. Buna da əsas səbəb maliyyə məsələsidir.
Çünki maaşımız azdır. Çətinlik olan
kimi günahı onun boynuna yıxıram. Ancaq tamaşada
oynayandan, tamaşaçıların alqışını
eşidəndən sonra və ya küçədə
kiminsə səni tanıyıb "filankəsdir"
sözlərini eşidəndə bacıma minnətdarlıq
edirəm. Kollektivdən də çox razıyam.
Həmişə deyirəm ki, özümə qarşı bir
az səmimiyyətsizlik hiss eləsəm, ərizəmi
yazıb gedərəm. Çünki həmişə
deyirəm ki, on əllə teatrdan yapışanlardan
deyiləm. On əllə yapışanlar da sənətini
sevənlərdir. Düzdür, mən də teatrı
sevirəm, ancaq o biriləri kimi bu sənətə
gəlmək uşaqlıq arzum olmayıb. Ona görə
də hər an ərizə verib işdən çıxa
bilərəm. Məni burda saxlayan kollektivin mənə
qarşı hörmətidir. Bir də bir balaca
qanımızda olan şöhrətpərəstlik.
Küçədə 3-5 adam səni tanıyırsa, bu,
sənə xoş gəlir. Bəziləri deyir ki, aktyor və
ya müğənni olmaq uşaqlıq arzum olub və ya
məni hamı tanıyır. Mənsə həmişə
deyirəm ki, əgər 2-3 nəfər məni
küçədə tanıyır və ya
tamaşaçı mənə əl çalırsa,
deməli, nəsə bacarmışam.
- Sizcə aktyor üçün ən
böyük sevinc nədir? Yeni hazırlanacaq tamaşada
adını divara vurulan siyahıda görmək,
tamaşaçıların alqışı, fəxri adlar...
- Düzdür, adını siyahıda
görmək yaxşıdır. Ancaq bunun bəzi
"əmma"ları da var. Ola bilər ki, rol
ürəyincə olmasın və ya birdən-birə 2-3
məşqdə iştirak edəsən. Olub
ki, yorğun olduğumdan rol ürəyimcə olmayıb.
Bir neçə dəfə reyissora
yaxınlaşıb "məni tamaşanın birindən
azad edin" - deyə xahiş etmişəm.
- Dənizçi olmaq
həvəsiniz necə, zaman keçdikcə qəlbinizdən
silindimi?
- Yox, o həvəsim
sönməyib. Bəzən müxbirlər
"yenidən dünyaya gəlsəydiniz hansı
sənəti seçərdiniz?" - deyə
soruşurlar. Mən yenə deyirəm,
aktyorluğu yox, dənizçiliyi seçərdim. Mənim qanımda dənizə sevgi var. Boş
vaxtım olan kimi dəniz kənarına gedirəm və
saatlarla dənizə tamaşa edirəm.
Kaspi.- 2007.- 6 aprel.- S. 16.