Salmanov R.
“Milyonçunun
dilənçi oğlu” yenidən səhnəyə gəldi
S.Ələsgərov
və Ş.Qurbanovun “Milyonçunun dilənçi oğlu”
musiqili komediyasının ilk tamaşasından 41 il
ötür. 1966-cı il mart ayının 30-da oynanılan bu
tamaşada respublikanın xalq artistləri Bəşir
Səfəroğlu, Lütfəli Abdullayev, Mobil Əhmədov
və digər populyar aktyorlar bir sıra yaddaqalan obrazlar
yaratmaqla xalqın dərin rəğbətini qazanmış
və bu tamaşa Üzeyir Hacıbəyov adına Respublika
Dövlət mükafatına layiq görülən ilk
əsər olmuşdu.
Məhz gözəl aktyor oyunu nəticəsində
əsər öz adı ilə deyil — daha çox
ölməz sənətkarımız Bəşir
Səfəroğlunun “Ölünün də
qıdığı gələr?” ifadəsilə xalqın
yaddaşında əbədi iz qoymuşdu. Təəssüf
ki, bu üç aktyorun ölümündən sonra bu
əsər 1970-ci ildə yalnız bir dəfə xalq artisti
Hacıbaba Bağırovun iştirakı ilə
oynanıldı. Sonra daha səhnə üzü
görmədi, teatrın repertuarından
çıxarıldı. O vaxtdan düz 37 il ötdü. Zaman
dəyişdikcə, ölkəmizin iqtisadiyyatında
olduğu kimi, onun mədəni həyatında, xüsusən
teatr sahəsində də əsaslı dönüş
yarandı. Yeni layihələr həyata keçirilməyə
başlandı. İstedadlı aktyor və rejissorların
öz bacarıq və istedadlarını nümayiş
etdirməsinə geniş imkan yaradıldı. Dünyanın
hər yerində olduğu kimi, bizim teatrlarımızda da
modern stilinə bir meyl yarandı. Bu tamaşaya ikinci
səhnə həyatı vermiş gənc rejissor Mikayıl
Mikayılov da əsərə günün prizmasından
yanaşmış, daha baxımlı olması
üçün əsəri yeni ruhda, yeni tərzdə
işləyib hazırlamışdır. Əvvəlki
quruluşdan fərqli olaraq, rejissor bu tamaşada mistik
əhval-ruhiyyə verməyə
çalışmışdır. “Milyonçunun
dilənçi oğlu” komediyası gənc rejissorun bu teatrda
səhnəyə qoyduğu ilk böyük əsərdir.
Bu günlərdə Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında tamaşanın primyerası oldu. Şıxəli
Qurbanovun bu əsərinin XXI əsr üçün də çox
aktuallığını vurğulayan Mikayıl Mikayılov
hər iki dövr üçün absurd teatr
poetikasının əlamətdar olduğunu dedi.
Əvvəlki psixoloji realist teatr üslubundan fərqli olaraq,
rejissor bu tamaşada abstrakt, absurd teatr üslubuna daha çox
yer ayırmışdır. Əgər əsərin
əvvəlki variantında hadisələr yalnız bizə
aid idisə, bu tamaşa, demək olar ki, dünyaya bir
baxışdır. Əsərdə keçmiş
SSRİ-nin, kommunizmin, faşizmin təzyiqi, müəmmalı
ölüm, pulla satılan və alınan insan
azadlığı, hətta ölümü belə çox geniş
şəkildə öz əksini tapıb.
Görkəmli bəstəkarımız Süleyman
Ələsgərovun gözəl musiqisi, əməkdar
rəssam İsmayıl Əsədoğlunun verdiyi bədii
tərtibat, xor və balet truppası tamaşanı daha
canlı və yaddaqalan edir. Hər halda, ölməz
əsərlərə yenidən səhnə həyatı
verilməsi teatr mədəniyyətimizə yenidən
qayıdışın bir təcəssümüdür.
Sevindirici haldır ki, aktyorların çoxu istedadlı
gənclərdir. Bu da ilk növbədə teatr
rəhbərliyinin, baş rejissorun gənclərə
göstərdiyi etimad və qayğının
təzahürüdür.
Əsərin baş qəhrəmanı Yetim rolunun
ifaçısı Ramil Qasımovdur. Mükəmməl vokal
ifaçılığı ilə yanaşı, gözəl
aktyorluq qabiliyyəti nümayiş etdirən gənc aktyorun
cəmi 23 yaşı var. Mobil Əhmədovdan dərs
almış Ramilin bilavasitə onun təşəbbüsü
ilə Musiqili Komediya Teatrına ilk dəfə qədəm
qoyanda cəmi 15 yaşı vardı. Fitri istedadı,
gözəl və məlahətli səsi, musiqi duyumu,
ifaçılıq məziyyətləri və ən
nəhayət, səhnə mədəniyyətinə o vaxt
yüksək qiymət vermiş korifey
bəstəkarlarımız T.Quliyev və
S.Ələsgərovun zəmanəti ilə müstəsna hal
kimi işə qəbul edilir. Bu müddət ərzində bir
sıra yaddaqalan obrazlar yaradaraq musiqi ictimaiyyəti və teatr
kollektivi tərəfindən sevilir. Gəncin bu tamaşada
canlı olaraq orkestr ilə vokal ifası və aktyor oyunu
tamaşaçılar tərəfindən sürəkli
alqışlarla qarşılandı. Hər bir aktyor öz
üzərinə düşən rolun öhdəsindən
məharətlə gəldi. Mərhum aktyorumuz xalq artisti
Bəşir Səfəroğludan sonra kimsənin cürət
edib oynamadığı polis rəisi rolunu bu dəfə
rejissor teatrın aparıcı aktyorlarından biri
əməkdar artist Ramiz Məmmədova həvalə edib. Alman
zabiti geyimində səhnədə görünən Ramiz
Məmmədov öz yerişi, alman dilində
danışığı və ən nəhayət, Bəşir
Səfəroğlunun işlətdiyi mizan və
hərəkətlərlə tamaşaçı
auditoriyasını o dəqiqə ələ ala bildi. Eyni
sözləri gözəl aktrisamız, Senatorun xanımı
rolunu oynayan əməkdar artist Xanım Qafarova haqqında da
demək olar. Tamaşada Nadir Xasiyev — Senator, Nahidə Orucova —
Kübar qadın, Elməddin Həmzəoğlu — Şair,
Ələkbər Əliyev — Eynəkli, Eleonora Səfərova
— Qonşu qız, Nərgiz Kərimova — Bildirçin,
Gülnarə Əzizova — Müxbir rollarında
çıxış edirdər. Teatrın baş dirijoru
isə Nazim Hacıəlibəyovdur.
Sənətsevərlərin fikrincə, baş rolun
ifaçısı Ramil Qasımov tamaşada çox
güclü vokalist və aktyor kimi özünü təsdiq
etdi.
Xalq qəzeti.-2007.-12 aprel.-S.7.