Turanə

                       Sevilə biləcək rolları oynayıram

Atabala Səfərov: Nə qədər qoca olsam da, dəyərəm min cavana!

Musiqili Komediya və Gənc Tamaşaçılar Teatrının aktyoru, Atabala Səfərov. Bu ad hamıya tanışdır. Teatrın səhnəsində və müxtəlif televiziya tamaşalarında oynadığı rollarla. Atabala Səfərov hələ ki, fəxri ad siyahısına düşməyib. Amma tamaşaçı sevgisi ilə çoxdan, lap  gəncliyindən mükafatlanıb. Nizam-intizamlı olmaq isə onun həyat prinsipidir.

-Dəvəçidə doğulmuşam. Orta məktəbdə oxuyarkən teatr dərnəyinə gedirdim. Teatr İnstitutunda, Tofiq Kazımovun aktyorluq kursunda oxumuşam. O vaxt fakültəmiz dram-kino adlanırdı. 1971-ci ildə İnstitutu bitirib təyinatla Sumqayıt şəhərinə göndərildim. Orada 6 ay işlədikdən sonra öz istəyimlə Musiqili Komediya Teatrına gəldim. Bu günə kimi də bu sənət ocağında çalışıram. Paralel olaraq Dövlət Gənc Tamaşaçılar Teatrında da fəaliyyət göstərirəm.

- Bir vaxtlar çox populyar olan aktyorun son zamanlar  az-az gözə dəyməsi yaşla bağlı deyil ki?

- Nə danışırsan? Nə qədər qoca olsam da, dəyərəm min cavana! İntəhası, bir əmma var də. Azərbaycan Dövlət Televiziyasının biz aktyorların tanınmasında və sevilməsində rolu böyük idi.  Məni televiziyaya ilk dəfə rəhmətlik Rafiq Kazımovski dəvət etmişdi. Sonradan isə sayılan-seçilən televiziya rejissorlarından olan Məhərrəm Bədirzadə ilə iş birliyimiz olub. O qayğımı çox çəkib. 1998-ci ilə kimi telekanalda “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət” verilişləri var idi, müxtəlif televiziya tamaşaları hazırlanırdı ki, bizləri də ora dəvət edirdilər. Demək olar ki, azı həftədə 2 dəfə Az.TV-nin ekranında görünürdük. 1998-ci ildən sonra verilişlər əvvəlcə azalmağa doğru getdi, sonra isə tamamilə yığışdırıldı. Doğrusu, həmin illərdə teatrlara axın, televiziyaya maraq azalmışdı. İndi şükürlər olsun ki, hər şey aramla da olsa qaydasına düşür.

- Həyatda da belə ciddisiniz, ya diktafonu görüb qorxuya düşmüsünüz? 

-Qorxu nədir? Birinci dəfə deyil ki, müsahibə verirəm. Əslində mən konkretlik sevən adamam və yersiz danışmağı sevmirəm. O ki, qaldı komik rollarıma, çalışıram ki, tamaşaçıların qəbul edib sevə biləcəyi rolları oynayım. İlk rolum “Həmişə xanım” tamaşasında olub. Şair rolu oynadığım səhnə əsərində mənə iki böyük sənətkarla tərəfmüqabili olmaq nəsib oldu. Nəsibə xanım Zeynalova və Hacıbaba Bağırov. Hacıbaba müəllim tamaşada Cəbi Cüməzadəni, mən də onun oğlu Təsadüfü oynayırdım. Məşədi İbad”da Həsənqulu bəy, “Qız görüşə tələsir”də Kəramət, “Gözün aydın”da Qəhrəman, “Boşanaq, evlənərik”də Molla Musa və s. obrazları canlandırmışam. Doğrusu, tamaşaçılar məni komik obrazda görməyə alışıblar. Və məni daha çox belə rollarda görmək istəyirlər.

- Bu gün həmin  tamaşaçı sizi görməyə tez-tezmi gəlir?

- Doğrusu, belə deməzdim. Bu həm də tək tamaşaçının laqeydliyi deyil. Teatrların yaşadığı keçid dövrü ilə də bağlıdı. Artıq teatrlara böyük qayğı hiss olunmaqdadır. Əvvəllərə nisbətən indi insanların maddi rifahı da bir qədər yaxşılaşıb. Belə olduğu təqdirdə əlbəttə ki, tamaşaçı yaxşı, sözün əsil mənasında peşəkar sayılan işə maraq göstərərək, tamaşalara gəlirlər. Gənc Tamaşaçılar Teatrının səhnəyə qoyduğu son əsərlərdən biri olan “Pəri cadu” tamaşası izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Tamaşa gənc aktyor Nicat Kazımovun quruluşunda hazırlandı. 

- Yeri gəlmişkən, “Gənclər”lə yola gedə bilirsiniz?

-Teatrda bir neçə obrazım var. Hacıqaranı oynamışam. Bəhram Osmanovun quruluşunda Əjdər Olun “Teymurləngin filləri”ndə  Teymurləng obrazını canlandırmışam. Hazırda teatrdan Hacı Qəmbər roluna təklif almışam. Necə deyərlər, Gənc Tamaşaçılar Teatrına getmək adamı cavanlaşdırmır ki. Elə orda da qocaları oynayıram. 

-Hacıbaba Bağırovun ətrafında böyük aktyor ordusu var idi. Onun yoxluğu həmin ordunu sərkərdəsiz qoymadı ki?

- Sözünüzə qüvvət, bir vaxtlar Musiqili Komediya Teatrında da aktyorlar didərgin düşmüşdülər. Elə mənim Gənc Tamaşaçılara getməyimə səbəb də belə problemlər nəticəsində oldu. Amma Hacıbaba müəllim Teatra qayıdandan sonra demək olar ki, bütün aktyorları yenidən bir yerə cəm elədi.  Onda kollektivçilik, rəhbərlik qabiliyyəti  güclü idi.

- Teatrsız aktyor susuz balıq kimidi. Niyə küsürdünüz doğma ocaqdan?

-O vaxt vəziyyət elə gətirmişdi. Teatrda olan atmosfer dəyişikliyi aktyorlara heç də yaxşı olmayan təsir göstərirdi. Həmin ərəfədə elə rəhbərlik oldu ki, bir yerdə işləmək alınmadı. Hacı müəllimin teatra direktor təyin olunması teatrdan küsmüş aktyorların yenidən doğma iş yerlərinə dönməsinə səbəb oldu. O tək idarəedici, rəhbər deyildi, əsil yoldaş idi.

 - Hacıbaba müəllim sağlığında tamaşaların əksəriyyətində özü də oynayırdı. Onun yoxluğu teatrın repertuarına çox ciddi təsir göstərib.

- Doğrudur. Teatrın repertuarında olan tamaşaların demək olar ki, əksəriyyətində Hacıbaba müəllim oynayırdı. Elə götürək, “Məşədi İbad”ı. Əslində Musiqildi Komediya Teatrının səhnəsində oynanılması gərəkən tamaşanı bu gün bizim teatrın tamaşaçıları seyr edə bilmirlər. Bu gün Məşədi İbad rolunun öhdəsindən layiqincə gələ biləcək aktyorlarımız var. Bu teatrın rəhbərliyindən asılıdır. Yəqin ki bu tamaşanın yenidən səhnələşdirilməsi teatrımızın yeni təyin olunmuş baş rejissor Yusif Əkbərov yaradıcılıq planında yer alıb. Bilirsiniz, həyat davam edir. Bu rolu yaşatmaq lazımdır. Hacıbaba Bağırova kimi neçə aktyor bu obrazı canlandırıb. Deməli, bundan sonra da hələ neçə-neçə Məşədi İbadlar olacaq. Teatrlarda həmişə bir və ya bir neçə aparıcı aktyorlar olub. Olmalıdır da, çünki başqa cür mümkün də deyil.

- Teatrlara gənc rejissor axını başlayıb. Onlar daha çevik, gənc aktyorlar ilə işləmək istəyirlər. Sizdə də ənənəvi olan atalar və oğullar problemi yaranmayacaqmı?

-Kiməsə məsləhət vermək ən çətin məsələlərdən biridir. Mən öz adımdan deyirəm ki, gənclərə hər cür köməklik etməyə hazıram. İlk növbədə köməkliyim mənə rol vermiş gənc rejissorun tamaşa ilə bağlı olan tələblərə cavab verməkdən ibarətdir. Mənə həvalə olan rola məsuliyyətlə yanaşıb, tapşırıqlara canla-başla əməl edə bilərəm. Məncə məsləhət vermək rejissorların öhdəsinə  düşür. Amma gənclərin rejissor axınını, belə peşəkarcasına fəaliyyətlərini alqışlayıram. On rejissordan ikisi özünü təsdiq edə bilsə belə bu böyük göstəricidir. Deməli, artıq iş qurmaq olar. Bu gün bizim teatrda peşəkar, qabiliyyətli gənc aktyorlar da var. Teatr kollektiv işdir. Təbii ki, bura gənclər cəlb olunmalıdır. Zamanında mənə rol verməsəsəydilər, etibar etməsiydilər, bəs onda mənim aktyorluq sənətim necə olardı. Gənc rejissorlarımız vaxtilə oynadığımız, tamaşaçıların görməyə alışdıqları tamaşaları yeni quruluşda səhnələşdirirlər. Buna bir aktyor olaraq müsbət münasibət bildirərdim. Çünki, mütərəqqi inkişaf olmalıdır. Axı, yerimizdə saya, addımlaya bilmərik ki. Elə tamaşalar var orada keçmiş dövrü canlandıran səhnələr var. Amma sənhə tərtibatı, baxış bir qədər müasir dövrü əhatə etməlidir ki, tamaşaçıda teatra maraq oyada biləsən. Gənc rejissorlarımız indiki zamanın yozumu ilə ayaqlaşır. Belə olmadığı halda elə tamaşaçı gedib evdə Hacıqaranı oxuyar və bu əsər ilə tanış olduğunu deyər. Amma əsərdə aydın olmayan məqamları, tamaşanı izləməklə bilər. Əsərdə olan sözaltı mənaların tamaşada izahını görəndə, deyir ki, mən belə düşünürdüm, sən demə, bir başqaymış. Rejissor həm də müəllimdir. Mənim Tofiq Kazımov, Rza Təhmasib, Mehdi Məmmədov kimi  müəllimlərim olub.

- Sevginizdən kinoya pay düşübmü?

- Doğrusu, hələ ki, filmlərə çəkilməmişəm. Hazırda İzzət Əzizovun rejissorluğu ilə bir filmdə çəkilirəm. “Başı bəlalı yubiley” adlı filmdə adından da göründüyü hadisələr  yubiley mərasimində cərəyan edir. Gülüstan Əliyeva ilə yanaşı, Elməddin, Şuşa Teatrının aktyoru, İqrar, Gənc Tamaşaçılar Teatrının aktrisası Püstə xanım və s. aktyor heyəti filmdə rol alıb. Çəkilişlər əsasən Qax rayonunda aparılır. Filmin qalan hissəsi isə Bakıda ekranlaşdırılacaq.

-Qastrol məsələsi nə yerdədi? Axı, aktyoru canlı görmək arzusu əyalətlərdə daha çoxdur.    

-Bir yəhudidən soruşurlar ki, bu camaatın güzəranını yaxşılaşdırmaq üçün nə etmək lazımdır, bəlkə maaşlarını artıraq. Deyir yox bir az arzularını azaltmaq lazımdır. Əvvəllər qastrol səfərlərimiz çox olardı. O,  vaxt rəhmətlik Nəsibə xanım Zeynalova, Siyavuş Aslanla dəfələrlə rayonlara səfərlərə gedərdik. Amma indi qastrol arzusunda olsaq da, az-az olur. Hamı üçün ən doğma yer onun evidir. Amma biz qastrola gedəndə o qədər səmimilik, mehribançılıq var idi ki, evə qayıdanda o mühit üçün darıxırdıq.

- İndi necə, mehriban deyilsiniz ki?

- Niyə ki, elə bu gün də kollektivimiz arasında mehribanlıq var. Əgər mehriban olmasaq, bir-birimizi başa düşə bilməsək, bir kollektivdə  peşəkarcasına çalışa bilmərik, axı. Bu gün də həm Musiqili Komediya, həm də Dövlət Gənc Tamaşaçılar  teatrları bölgələrdə səfərlərdə olurlar. Bu yaxınlarda Gənc Tamaşaçılar teatrı Beynəlxalq Uşaq Festivalı ilə bağlı Türkiyəyə səfər edəcək. Teatr qardaş ölkəyə “Xeyir və şər” və “Çal oyna” tamaşaları ilə yola düşəcək.

Yeni Azərbaycan.-2007.-6 aprel.-S.8.