Sənətçi ürək çatışmazlığına tab gətirməyib
Sənət aləminə növbəti
itki üz verib. Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının
aktyoru Ramiz Sərkərov 48 yaşında
dünyasını dəyişib.
Teatrdan verilən məlumata görə, aktyor ürək ağrılarından
əziyyət çəkirdi. Aprelin 7-də gecə onun vəziyyəti qəfil pisləşib. Təəssüf ki, aktyoru xəstəxanaya
çatdırmaq mümkün
olmayıb və o, ürək çatışmazlığından
vəfat edib.
Xatırladaq ki, Ramiz Sərkərov 1959-cu il iyulun
3-də Qax rayonunda anadan olub. 1980-ci
ildən Gənc Tamaşaçılar Teatrında
işləməyə başlayıb.
Əvvəlcə texniki vəzifələrdə
çalışan R.Sərkərov
sonralar aktyor kimi fəaliyyət göstərib və müxtəlif obrazlar yaradıb. Mərhum sənətçi tamaşaçıların
yaddaşına Ə.Əmirlinin
«Ərizə» (Kamil), «Cəza» (Aktyor), Y.Əzimzadənin «Nəsrəddin»
(Nəsrəddin), M.F.Axundovun
«Hacı Qara» (Sərkis) və sairə tamaşalarda yaratdığı maraqlı
obrazlarla həkk olunub. O, eyni zamanda bir sıra
reklam çarxlarına
da çəkilib. Son çəkildiyi ekran əsəri «Məhəllə» komediya filmi olub.
Ömrünün 20 ildən çoxunu sənətə həsr eləməsinə baxmayaraq,
heç bir fəxri adı olmayan Ramiz Sərkərovun
vəfatı da sakitcə ötüşüb. O, ailə
üzvlərinin basdırıldığı
qəbiristanlıqda – Qurd
Qapısında torpağa
tapşırılıb.
Allah rəhmət eləsin!
Gündəlik
Azərbaycan.- 2007.- 10 aprel.-S. 14.