Məhəbbətoğlu Q.

 

                    Teatra teatral insanlar gəlirlər

“Güclü dramaturgiya həmişə olub və bu gün də var. Bu gün bu sahədə “boşluq var”, demək də düzgün deyil”.

Bugünkü həmsöhbətimizi rejissor, kino-aktyor Şahmar Ələkbərovun 1991-ci ildə lentə aldığı “Qəzəlxan” bədii filmindən sonra daha yaxından tanıdıq. O, bu ekran əsərində unudulmaz qəzəlxan Əliağa Vahidin obrazını özünəməxsus şəkildə canlandırıb. Bəli, həmsöhbətimiz respublikanın əməkdar artisti Loğman Kərimovdur. Loğman Kərimovla Gənc Tamaşaçılar Teatrının hazırda fəaliyyət göstərdiyi Səttarxan adına Mədəniyyət Sarayında  görüşdük. O, sarayın səsyazma studiyasında kollektivlə birgə iş başında idi. Teatrın baş rejissoru Loğman müəllim elə öz yanındaca bizə yer etdi. Söhbət əsnasında məlum oldu ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə  Türkiyənin Alaniya şəhərində keçiriləcək Beynəlxalq Çocuq Festivalında ölkəmizı təmsil edəcək. Onlar elə bu mötəbər festivala hazırlaşırdılar. Kollektiv festivalda Nizami Gəncəvinin “Xeyir və Şər” (rejissor Nicat Kazımov), İsgəndər Coşğunun “Çal oyna” (rejissor Loğman Kərimov) əsərləri əsasında hazırlanmış tamaşaları nümayiş etdirəcək. Qeyd edək ki, bu, 78 yaşlı Gənc Tamaşaçılar Teatrının Türkiyəyə ilk səfəri olacaq.

- Loğman müəllim, Gənc Tamaşaçılar Teatrının təmiri ilə əlaqədar kollektiv Səttarxan adına Mədəniyyət Sarayında fəaliyyət göstərir. Belə bir şəraitdə işləmək çətin deyil ki?
- Bəri başdan deyim ki, son illər, ümumiyyətlə, mədəniyyət və incəsənətimizə qayğı artırılıb. Təkcə bir faktı xatırladım ki, hazırda respublikamızda fəaliyyət göstərən bütün teatr ocaqları, demək olar ki, təmir olunur, yenidən qurulur, Avropa standartlarına uyğunlaşdırılır. Təbii ki, bütün teatrların texniki bazasının yenilənməsi də gündəmdədir. Onu da etiraf edək ki, ilk dəfədir ölkəmizin mədəniyyət aləmində belə qlobal işlərə start verilib. Üstəlik, bu yaxınlarda “Mədəniyyət haqqında” qanun da qəbul olunub. Bu cür işlərdən, tədbirlərdən  hamı kimi mən də qürur duyuram. O ki qaldı sualınıza...Yox, belə bir şəraitdə işləmək çətin deyil... Hər halda, belə şəraitdə də sənət əsəri ortaya çıxarmağın, teatrsevərlərə təqdim etməyin öz üstünlükləri var. Elə bu mövsümdə təhvil verdiyimiz “Adsız” (rejissoru Vaqif Əsədov) və “Pəri cadu” (rejissoru Nicat Kazımov) tamaşaları buna sübutdur. Qeyd edim ki, hər iki tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Hazırda isə teatrımızda Nəcəf bəy Vəzirovun əsərləri əsasında hazırlanmış “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası üzərində məşqlər gedir. Bu səhnə əsərinin rejissoru Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Fikrət Sultanovdur.

- Təbii ki, teatrlarımızın Avropa standartlarına uyğunlaşdırılması və həyata keçirilən digər tədbirlər hər bir aktyordan, xüsusilə, rejissordan öz işinə daha məsuliyyətlə yanaşmağı tələb edəcək. Bizim sənət adamları bu dəyişikliklərə hazırdırlarmı?
- Bu gün teatrlarımızda  kifayət qədər istedadlı rejissor, aktyor, eləcə də rəssam çalışır. Lakin etiraf edək ki, mədəniyyət ocaqlarımızda günün tələblərinə cavab verən texniki vasitələrin olmaması onların işlərində müəyyən çətinliklər yaradırdı. Mənim fikrimcə, həyata keçirilən tədbirlər onların qarşılaşdıqları problemləri çözməkdə önəmli rol oynayacaq. Bu isə bizim tamaşaların da Avropa standartlarına cavab verməsi ilə nəticələnəcək.

“Teatr unudulmayıb”

- Qayıdaq mövcud duruma... Bu gün teatrlarımıza axının olmaması barədə söhbətlər dolaşmaqdadır. Loğman Kərimovun da bu məsələyə münasibətini öyrənmək maraqlı olardı.
- Fikrimcə, bu gün Azərbaycan teatrında vəziyyət yaxşıdır. Mən öz teatrımıza əsasən deyə bilərəm ki, bəli, bu gün teatra gələnlər var. Bu isə o deməkdir ki, teatr unudulmayıb, yaddan çıxmayıb. Yeri gəlmişkən, mən teatra axın olması fikri ilə heç cür razı ola bilmirəm. O, sovetdən qalan bir fikirdir. Bu gün teatra teatral insanlar gəlirlər. Bir də ola bilər ki, bu və ya digər tamaşa zalda əyləşənlərin bəzilərinin xoşuna gəlməsin. Mən bunu təbii qarşılayıram. Axı harada görünüb ki, bir tamaşa onu üzləyənlərin hamısının xoşuna gəlsin. Unutmayaq ki, zalda oturanların hamısı tamaşaçı deyil. Yenə deyirəm, teatral olmaq başqa şeydir. Hər cür müqayisə qüsurlu olsa da, belə bir müqayisə aparaq. Mənim futbola baxmağım o demək deyil ki, bu oyunu tam dərk edirəm. Mən onu, sadəcə, seyr edirəm. Azarkeş isə başqa şeydir. O, oyunun, demək olar ki,  bütün incəliklərinə bələddir. Teatral insan da belədir. Bir də dünyanın heç bir yerində əsər  bu və ya digər tamaşaçının xoşuna gəlmək üçün səhnələşdirilmir. Bu mənada mən o fikirlə də razı deyiləm ki, teatr tamaşaçının dalınca getsin. Ola bilsin ki, tamaşaçı bayağı bir tamaşa istəyir. Teatr onun səviyyəsinə enməməlidir. Əksinə, teatr tamaşaçını öz ardınca aparmalıdır. 

- Bəs dramaturji materialın olmamasından şikayətlənənlər barədə nə deyə bilərsiniz?
- Güclü dramaturgiya həmişə olub və bu gün də var. Bu gün bu sahədə “boşluq var”, demək də düzgün deyil. Məgər bu gün dünya teatrları Şekspirə, konkret desək, onun “Hamlet”inə müraciət etmirlərmi? Uğurlar əldə etmirlərmi? Təbii ki, edirlər. Bu isə o deməkdir ki, onlar bu uğurlara Şekspirin əsərlərinə bu günün pri zmasından yanaşmaqla nail olurlar. Bu mənada bizim də kifayət qədər dramaturji bazamız var. Sadəcə, bu meyarla işləməyi bacarmaq lazımdır. Məncə, bu yerdə tanınmış sənətkar Adil İsgəndərovun belə bir sözünü xatırlamaq yerinə düşərdi. O deyir ki, rejissor rejissor olsa, ütünün pasportundan da tamaşa hazırlayar. Bu mənada unutmayın ki, bu gün adi telefon kitabçası əsasında tamaşa hazırlayan rejissorlar var. Rejissor da var ki, Şekspiri məhv edir.

- Hər halda yeni əsərlərə də ehtiyac duyulur...
- Təbii... Amma bu o deməkdir ki, bu və digər adamların teatra təqdim etdikləri cızma-qaralar tamaşaya qoyulmalıdır. İnandırım sizi, bəzən elə olur ki, belə dırnaqarası əsərlərdə dramaturgiyadan əsər-əlamət olmur. Nə gizlədim, iş praktikamda belə “əsərlərə”  rast gələndə onları ehmallıca bir kənara tullayıram.

“Uğur elə hadisədir”

- Bəzən deyirlər ki, son illər hadisəyə çevrilə bilən tamaşamız yoxdur.
- Belə fikir yürüdənlər əsl hadisə dedikdə, nəyi nəzərdə tutduqlarını deyə bilmərəm. Amma onu deyə bilərəm ki, teatrlarımızda uğurlu tamaşalar hazırlanır. Məgər Mehriban Ələkbərzadənin Milli Dram Teatrında hazırladığı “Qatil”, yaxud bu yaxınlarda bizim teatrın rejissoru Nicat Kazımovun quruluş verdiyi “Pəri cadu” uğurla qarşılanmadımı? Yeri gəlmişkən, Rus Dövlət Dram Teatrının rejissoru A. Şarovskinin “Qatil”in əsasında səhnələşdirdiyi “Məhəbbət, şampan şərabı və ulduz” tamaşasını da bura əlavə etmək olar.  Uğur elə hadisədir də... Əgər onlar hadisəyə çevrilə biləcək tamaşa, yaxud film dedikdə, xarici ölkələrdə milyonlarla dollara başa gələn səhnə əsərlərini nəzərdə tuturlarsa, bu başqa məsələ... Amma belə fikirdə olanlar unutmasınlar ki, hazırda bizim dövlətin bu sahəyə milyonlar sərf etməyə imkanı yoxdur. İnanıram ki, bu, yaxın vaxtlarda reallaşacaq.

- Nədənsə, belə uğurlu tamaşalardan birinin - Elçinin eyniadlı əsəri əsasında hazırlanmış “Ağ dəvə”nin adını çəkmədiniz?
- Mən öz tamaşam barədə heç nə deyə bilmərəm.

- Loğman müəllim, bu və ya digər teatrda aktyorların rejissorlardan şikayətləri adi hala çevrilib. Bu sizin teatrda özünü büruzə verirmi?
- Bəri başdan deyim ki, bu, həllolunmaz problemdir. Yəni rejissorla aktyor arasında belə bir problem həmişə olub və olacaq da... Mənim fikrimcə, yaradıcılıqda bu proses olmalıdır. Bilirsinizmi, hər aktyorun öz yeri, öz nəfəsi var. Təbii ki, onlarla işləyən rejissor bütün bunları yaxşı bilir. Bu mənada hansı aktyora hansı rolun verilməsini rejissordan başqa kimsə bilməz. Tamaşanın uğuru bu seçimdən çox asılı olur. Mən həmişə aktyor seçimimə önəm verirəm.

- Loğman müəllim eşitdiyimə görə, aktyorlarınız sizin əlinizdən, necə deyərlər, əlhəzər qılırlar... Hətta sizi “faşist” də adlandırırlar...
- Mən, ümumiyyətlə, nizam-intizamı xoşlayan adamam.
İşləməyən, üzərində çalışmayan aktyor gözümün düşmənidir. Bu kimi məsələlərdə aktyorlara da özümə qarşı olan qədər tələbkaram. Məndə aktyora qarşı orta hədd yoxdur.  Bir də unutmayın ki, Adil müəllimin sözləri ilə desək, teatr sənətində hərbi nizam-intizam olmalıdır. Bir də sizə deyim ki, məşq prosesində mənim barəmdə o ifadələri işlədənlər adi həyatda Loğman Kərimovun əsl insan olduğunu da deyirlər. 

- Bəs Loğman müəllim kino üçün darıxmayıbmı?
- Bu günlərdə ANS kampaniyası tərəfindən çəkilən “Həsrət” bədii filminə dəvət olunmuşam. Əkrəm Əylislinin “Yazığam, sevmə məni” əsəri əsasında lentə alınacaq filmdə mənə Ağamusa rolu həvalə edilib.

- Yəqin çoxdan idi ki, filmə çəkilməyinizi həsrətlə gözləyirdiniz?
- Gözləyirdiniz deyəndə, 12 il idi ki, filmə çəkilmirdim. Təbii ki, bu amil də aktyora müəyyən dərəcədə təsir göstərir. Amma onu da deyim ki, Loğman Kərimov indiyədək heç nəyin həsrətində olmayıb. Sadəcə, 12 il idi ki, kinodan ayrılmışdım.. Onu da deyim ki, sonuncu dəfə Rövşən Almuradovun “Yük” filminə çəkilmişəm.

- Bəs Loğman Kərimov nə vaxtsa öz bacarığını kino sahəsində bir rejissor kimi sınamaq fikrinə düşə bilərmi?
- İnanın, belə bir hadisə baş versə, özümü xoşbəxt sanaram. Nə gizlədim, ürəyimdə belə bir arzum var. Etiraf edim ki, hələlik, bu arzumun reallaşması mənə real görünmür. Yeri gəlmişkən, mən kinorejissor olmaq istəyirdim. Lakin müəyyən səbəblərdən təhsil dalınca Moskvaya gedə bilmədim.

- Əgər gerçəkləşsə, ilk kinonuz üçün hansı mövzuya müraciət edərdiniz?
- O qədər mövzu var ki...

 - Uzun illər həm kinoda, həm də teatrda sözünü demiş bir sənətkar kimi Loğman müəllim öz qiymətini alıbmı?
- Əməkdar artistəm... İnşallah, xalq artisti adına da layiq görülərəm.

- Hərdən sizin haqqınızda söhbət düşəndə adınızın qarşısında görkəmli rejissor ifadəsi də işlədilir. 
- Loğman Kərimov Gənc Tamaşaçılar Teatrının rejissorudur. Lakin onun Azərbaycanın görkəmli rejissoru olduğunu söyləyə bilmərəm.

- Loğman müəllim, ümumiyyətlə, sənətə gəlişinizdə kimin daha çox rolu olub.
- Yəqin ki, bilirsiniz. Hamının “Bəxt üzüyü” filmindən yaxşı tanıdığı xalq artisti Valeh Kərimov mənim qardaşımdır. Ola bilsin ki, onun... Lakin hələ də bu barədə qəti fikir söyləyə bilmirəm. Ola bilsin ki, bu sənətə olan öz həvəsim məni bu sahəyə gətirib.

Zaman.- 2007.- 19-20 aprel.- S. 13.