Məhərrəmova T.

 

Koroğlunun 7777 dəlisindən biri...

 

Onun fikrincə, "qu quşunun sonuncu nəğməsi"nin oxunmasına hələ çox qalıb

 

"... Onu təkrar-təkrar səhnəyə çağırır, əl çalır, alqışlayır, qulaq asır və nəhayət, buraxmaq istəmirdilər. Zal ayağa duraraq daha bir mahnı istəyirdi". Vaxtilə rus mətbuatında yazılan bu sözlər Lütfiyar İmanovun haqqında idi.

Bu gün 79 yaşı tamam olan sənətkar güclü tenor səsinin, gərgin zəhmət nəticəsində qazandığı professional hazırlığın, vokal və aktyor sənətinin harmoniyasına nail olmaq bacarığının sayəsində yaratdığı obrazlarla adını Azərbaycan opera və teatr sənəti tarixinə əbədi həkk edib. O, dünyanın 50-dən çox ölkəsində çıxış edərək Azərbaycan musiqisini tanıdıb.

 

"Sən çox böyük sənətkar olacaqsan"

 

İncəsənətə uşaqlıqdan marağı olub. Lap kiçik yaşlarından xalq yaradıcılığını öyrənməyə başlayıb. Qardaşı da teatra böyük həvəs göstərir, Sabirabad mədəniyyət evində hazırlanan tamaşalarda iştirak edirdi. Lütfiyar ona qoşularaq tez-tez mədəniyyət evinə gedir, maraqla tamaşalara baxırdı. Evlərindəki köhnə qrammofonda Bülbülün ifasında Koroğlunun aşıq mahnısını və Üzeyir Hacıbəyovun "Sənsiz" romansını dönə-dönə oxudar, bu səsə heyran kəsilərdi.

"Bir gün yenə rayonumuza gələn dram truppasının tamaşasına baxmağa getmişdim təsadüfən həmin tamaşada baş rolun ifaçısına çevrildim. Onda 6-7 yaşım ancaq olardı. Qardaşım gəlib məni səhnəyə apardı. Dedilər ki, tamaşada bir yer var, gərək içəri keçib deyəsən ki, ana, bəs mənim atam hanı və başlayasan ağlamağa. Guya eşitmisən ki, atan ölüb.

Mən də səhnəyə çıxıb sözümü dedim və ağlamağa başladım. "Anam" deyəndə ki, atan ölməyib, sağdır, mən uşaq hikkəsi ilə "yox, sən yalan deyirsən" - deyib həqiqətən ağlamağa başladım. "Anam" məni yavaş-yavaş ovutdu. Səhnədən çıxanda baş rolu oynadığım üçün anam məni qucaqlayıb öpür və "oğlum, aktyorluğunu göstərdin, sən çox böyük sənətkar olacaqsan" -deyirdi. Bu, mənim səhnədə ilk addımım və ilk xeyir-duam oldu".

Müharibə illəri idi. L.İmanov özfəaliyyət dərnəyində məşğul olurdu. Bir gün məşq edərkən içəri daxil olan iki nəfərin salonda oturub ona qulaq asdıqlarının fərqinə varmır. Qonaqlardan biri onun oxumağını eşidib "nə gözəl səsin var, oğul! Gözlərin də mahnı ilə yaşayır. Sən çox böyük oxuyan olacaqsan" - deyir. Lütfiyar sonradan onlardan birinin Sabirabada gəlmiş aktyor truppasının rəhbəri Ələsgər Ələkbərov, digərinin isə Mustafa Mərdanov olduğunu öyrənir.

1943-cü ildə Sabirabadda Dövlət Dram Teatrı yarananda Lütfiyarı həmin teatra suflyor götürürlər. Tamaşalar zamanı həm xorda oxuyur, həm də kiçik rollar oynayırdı. Bir müddət sonra ona böyük rollar tapşırılır və çox keçmir ki, mədəniyyət evinə bədii rəhbər təyin edirlər. Lütfiyar orda məktəblilərdən ibarət yaratdığı dram dərnəyinə 9-10-cu sinif şagirdlərini cəlb edib tamaşalar hazırlayır. O, tamaşaların reyissorluğunu etməklə yanaşı, rəssam kimi tərtibatını da verir. Həm də baş rolları özü oynayır.

Hərbi xidmətdən qayıdandan sonra yenidən Sabirabad mədəniyyət evində işini davam etdirir. Bir il sonra öz dərnəyi ilə Bakıda keçirilən bədii özfəaliyyət dərnəklərinin baxış-müsabiqəsində iştirak edir. Münsiflər heyətinin sədri Cahangir Cahangirov ona Bakıda qalıb təhsil almağı məsləhət görür. Səhəri gün onu Konservatoriyaya oxumağa göndərmək üçün nazirliyə çağırırlar. Ancaq heç bir musiqi savadı olmadığı üçün, özü etiraz edərək, əvvəlcə musiqi texnikumunda oxumaq istəyini bildirir. Texnikumun direktoru Süleyman Ələsgərov səsinə qulaq asır və o, Aleksandr Minovanovun sinfinə qəbul olunur. Təhsilini davam etdirməklə yanaşı, məktəbin rəssamlıq işlərini də ona tapşırırlar. Ancaq səsi aktyorluq və rəssamlıq qabiliyyətinə üstün gəlir. Səsi ona çox şeyləri vəd edirdi. Texnikumda oxuması gənc Lütfiyarı ehtiyacla da üz-üzə qoyur. Atası bir il əvvəl dünyasını dəyişmiş, ailələri başsız qalmışdı. O, rayonda yaşayan ailələrinə də kömək etməliydi.

"1954-cü ildə ailə həyatı qurdum. İlk övladımız dünyaya gələndən sonra ailəm daha çox maddi sıxıntı ilə üzləşdi. Lakin bütün bu sıxıntılara sənətə olan məhəbbətim üstün gəldi. Həm Cahangir Cahangirovun rəhbərlik etdiyi xorda, həm də "Araz" kinoteatrında seanslararası verilən konsertlər zamanı oxuyur, eyni zamanda, ayaqqabı tikir, dərzilik edirdim. Rəssamlığım da köməyimə çatırdı, kinoteatrların afişalarını yazırdım. Bir gün görkəmli bəstəkar Tofiq Quliyev səsimi eşidərək mənə "Görüş" filmində Kamilin mahnısını oxumağı təklif etdi. Həmin mahnını Tofiq Quliyevin müşayiəti ilə kinostudiyada oxudum. Sonralar "Səhər", "Koroğlu", "Görüş", "Xüsusi tapşırıq", "Məlikməmməd" filmlərində, "Sevil" film-operasında, eləcə də bir sıra televiziya filmlərində mahnıları səsləndirdim".

5-6 aydan sonra isə L.İmanov onun haqqında "Biz bəstəkarlar çalışırıq ki, mahnılarımızı Lütfiyar İmanov oxusun. Çünki ilk ifadan çox şey və ilk növbədə mahnının gələcək taleyi asılıdır" - deyən Tofiq Quliyevdən yeni bir təklif alır: "Rauf Hacıyev Filarmoniyanın nəzdində yaratdığı estrada orkestrinə solist axtarır. İstəyirik ki, səni həmin orkestrə aparaq". Lütfiyar İmanov may ayından həmin orkestrin Mirzə Babayev, Elmira Rəhimova və Yevgeni Devis kimi solistləri ilə yanaşı çalışmağa başlayır. Bir müddətdən sonra Şəmsi Bədəlbəylidən Musiqili Komediya Teatrında işləmək dəvəti alır. 1956-cı ilin dekabrından həmin teatrda işləməyə başlayır. Bir il sonra isə Konservatoriyaya, Bülbülün sinifinə qəbul edilir. Bülbül onu yaxşı tanıyır, ehtiyac üçün bir neçə yerdə işlədiyini də bilirdi. Ona görə də maraqlanıb "Oğlum, gözəl səsin var. Bilirəm, sən həm rayonda, həm də burda ailə dolandırdığın üçün işləyirsən. Konservatoriyada təhsil alanlara isə işləmək olmaz. Sən işi buraxıb oxuyacaqsanmı?" - soruşanda Lütfiyar: "Yox, mən işi buraxa bilmərəm" cavabını verir. Bülbül də ona işləməyi məsləhət görür.

 Cavan Koroğlu"

 

1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi ərəfəsində Koroğlunun yeni ifaçısını soraqlayırlar. Bu rola Tatarıstandan Hüseyn Əliyev dəvət olunmuşdu. Ancaq yazıçı Qurban Musayev mədəniyyət nazirinə bu obraz üçün L.İmanovu sınaqdan keçirməyi məsləhət bilir. Niyazi ilə nazir onun ifasına baxmağa gələndə "Muskomediya"nın səhnəsində "Hacı Qara" komediyasında Heydər bəyi oynayırmış. Tamaşa qurtarandan sonra qonaqlar onu təbrik edir və "sabah opera teatrına gəl" - deyirlər. Operada onun çıxışını bəyəndiklərini deyən maestro Niyazi "Koroğlu"nun aşıq mahnısını oxumağı L.İmanova təklif edir. Bu ifasını bəyənən maestrodan: "Dörd aydan sonra gələrsən, səsinə orkestrin müşayiəti ilə qulaq asaq, götürək Opera Teatrına solistliyə, başla Koroğlunu hazırlamağa" sözlərini eşidəndə isə sevincindən uçmağa qanad tapmır.

1959-cu ilin 26 aprelində onun həyatında ən unudulmaz gün yaşanır. L.İmanovun ifasında "Koroğlu"ya bədii baxış keçirilir. Salonda oturan görkəmli sənətkarlar sırasında birinci olaraq Bülbül onun ifası haqqında xoş rəy söyləyir. Hətta onu "cavan Koroğlu" adlandırır: "Əhsən, min əhsən! Mən daha teatrı xatircəm tərk edə bilərəm. Nə qədər qısqansam da, Koroğlunu sənə etibar edirəm. Əminəm ki, onu səhnədə məhz Üzeyir ruhuna uyğun yaşadacaqsan".

Zarafat deyildi, Bülbül kimi böyük sənətkardan sonra Koroğlunu tamaşaçıya qəbul etdirmək lazım idi. İstedadlı tenor bunun öhdəsindən bacarıqla gəlir. Ustadı Bülbüldən çox şey öyrənsə də, onların ifaları başqa idi. Bu ifaya güvənməsi illər keçəndən sonra ona "Mən sənətimin dəlisiyəm. Koroğlunun 7777 dəlisindən biri mənəm" deməyə haqq verəcək, düz 30 il səhnəyə Koroğlu kimi çıxacaqdı.

Sonralar SSRİ xalq artisti Mehdi Məmmədov yazırdı ki, Lütfiyarın opera səhnəsində görünməsi böyük Bülbülün teatrdan getməsi ilə əlaqədar əmələ gəlməkdə olan boşluğun tezliklə aradan qaldırılmasına səbəb oldu...

Moskva dekadasından sonra Lütfiyar İmanov Əməkdar artist, daha sonra Respublikanın Xalq artisti, SSRİ Xalq artisti fəxri adlarına layiq görülür. Onun sinəsini "İstiqlal" ordeni bəzəyir. Bu yüksək ordeni almaq münasibətilə ümummilli lider Heydər Əliyevin 1998-ci il aprelin 16-da ona ünvanladığı təbrik məktubundan oxuduğu "Əminəm ki, bundan sonra da özünüzə xas olan həvəslə, yorulmadan, əzmkarlıqla çalışaraq pərəstişkarlarınızı yeni-yeni mahnılarla sevindirəcək, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin inkişafı üçün əlinizdən gələni əsirgəməyəcəksiniz" sözləri ona qol-qanad verir.

 

17 ilin gileyi

 

Sonrakı illərdə isə maneələr onun Koroğlu rolunun səhnə ömrünü yarıda qırdığı kimi, digər obrazlarının da tamaşaçılarla görüşməsinə əngəl yaradır.

1990-cı ilin aprel ayında İstanbul Opera və Balet Teatrı Lütfiyar İmanovu Çaykovskinin "Qaratoxmaq qadın" operasında German rolunu oynamağa dəvət edir. O, bu dəvətə qədər dəfələrlə Türkiyədə yaradıcılıq görüşlərində olmuşdu. Mayın 3-də keçirilən solo konsertindən sonra tanınmış türk bəstəkarı Adnan Saygün L.İmanovu uğurlu çıxışına görə təbrik edir və özünün "Kərəm" operasındakı Kərəm rolunu oynamağı ona təklif edir. Bakıya gəlib rəhbərliklə məsləhətləşdikdən sonra L.İmanov 1990-cı ilin sentyabrında İstanbula yola düşür. Kərəm obrazını Türkiyə səhnəsində ilk dəfə məhz o ifa edəcəyi üçün sevincinin həddi-hüdudu yox idi. Lakin bu arada Adnan Saygün vəfat etdiyindən o, Bakıya qayıtmalı olur. 1991-ci ilin noyabrında onu yenidən Türkiyə Opera Teatrında Kərəm rolunu oynamaq üçün İstanbula dəvət edirlər. Teatr Xadimləri İttifaqının sədri və opera teatrının solisti işləyən müğənni rəhbərliyin razılığı ilə Türkiyəyə yollanır. İstanbulda məşqlər apararkən ona TXİ-nin qurultayının keçirildiyini və onun iştirakının vacib olduğunu xəbər verirlər. O da ilk dəfə azərbaycanlı sənətçinin türk opera səhnəsində baş rolu ifa etdiyinin əhəmiyyətsiz iş olmadığını yazaraq, vaxtın dəyişdirilməsini xahiş edir. Lakin xahişi nəzərə alınmır. O, əvvəlcə sədrlikdən, daha sonra operanın solistliyindən azad olunur. 1992-ci ildə bütün iş yerlərini itirdiyinə görə çox ölkələrdən aldığı dəvətlər içərisindən İstanbul Opera və Balet Teatrının dəvətini qəbul edərək orada çalışmağa və Kadıköy Konservatoriyasında, daha sonra İzmirdə və Bursada vokal dərsləri deməyə başlayır.

1995-ci ildə prezident Heydər Əliyevin təklifi ilə müqaviləsinin vaxtı bitməmiş Bakıya qayıdan L.İmanov bir il işsiz qaldıqdan sonra bu günədək Musiqi Akademiyasında vokal dərslərini aparır.

Nəhayət 2001-ci il martın 6-da - düz 10 ildən sonra Lütfiyar İmanov yenidən Koroğlu kimi səhnəyə çıxır. Lakin "tamaşanı xaric oxuduğu" üçün Opera Teatrının qapıları yenidən onun üzünə qapanır.

"Səhnəmiz üçün nəinki darıxıram, az qalır ürəyim partlasın, elə bilirəm həbsxanadayam. Mən ömrüm boyu sənətimlə çalışıb, yaşamışam. Əgər oxumasam yaşamaram" - deyən sənətkar indi də fəaliyyətsiz qalmır. Xarici səfərlərə dəvətlər alır. Boş vaxtlarında yazdığı şeirlərə musiqilər bəstələyir. Arabir rəssamlıq vərdişini də yadına salır. Bununla belə, illərlə can qoyduğu səhnəyə qayıtmaq ümidini də üzmür. Deyir ki, qu quşunun sonuncu nəğməsini oxumasına çox var hələ...

 

Kaspi.-2007.-17 aprel.-S.16.