Sevil
İndiki toyların
əksəriyyəti diskotekanı xatırladır
Aygün Bayramova: “Sənətlə şounu
qarışdırmaq olmaz”
“Mən 9 yaşımdan
oxumağa başlamışam. Tacir Şahmalıyev,
İlhamiz Paşayev, Bəhram və qardaşım Hüseyn
”Qarabağ bülbülləri”ndə oxuyurdu. Sonra 4 oğlandan
ibarət qrupa məni də yazdılar. Qardaşım da bir
müddət gitara, sonra nağara çaldı, hərbi
xidmətdən qayıtdıqdan sonra sənətin
arxasınca getmədi. Mən isə “Qarabağ
bülbülləri”ndən başlayaraq gəlib bu yerə
çıxdım”. Opera və Balet teatrının solisti
Aygün Bayramova özü haqqında öncə qısaca
bunları dedi.
Onunla Opera və Balet Teatrında
görüşdük. Müğənni hazırda
ATV telekanalında yeni nümayiş olunan “Xalq ulduzu” mahnı
müsabiqəsində münsiflər heyətinin
üzvüdür. Elə söhbətimiz
zamanı ilk olaraq bu müsabiqə barədə
danışdıq. Aygün xanım dedi ki, “Xalq ulduzu”
“Yeni ulduz”dan janr etibarilə ciddi fərqlənir. Onun sözlərinə görə, bu müsabiqə
də xalq arasında tez bir zamanda populyarlaşıb.
Münsiflər heyətinə səs hüququ
verilməməsinə gəlincə, Aygün xanım
bunları dedi:
- Bəli, münsiflər heyətinin səs vermək
hüququ yoxdur. Amma sona qalan 4 nəfərdən
birini yekdil qərarla müsabiqədə saxlamaq hüququmuz
var. Jüridə fikir ayrılığı yaransa, bu
seçim yenə də tamaşaçının ixtiyarına
verilir.
-
“Soy prodakşn”ın prezidenti Oqtay Əliyev deyir ki, SMS-li
yarışmalar bizə okeanın o tayından transfer olunub. Sizcə, istedadlıların SMS-lə
seçilməsi sənətə ziyan vurmur ki?
- SMS-lə müsabiqə keçirilməsi
dövrün tələbidir, bu artıq bizdə də
ənənəvi hal alıb. Xarici telekanallarda
belə verilişləri müşahidə edirik, haradasa buna
da maraq var. Şəxsən mən özüm müsabiqə
yolu ilə bu sənətə gəlmişəm. Amma biz müsabiqələrdən SMS-lə
keçməmişik, ustad sənətkarlar
tərəfindən seçilmişik. Vaxtilə
onlardan 6-7 nəfəri rayonlara göndərilərdi, onlar da
istedadlı uşaqları seçib Bakıya
gətirərdilər, burada həmin uşaqlar bir də
ələnmə prosesindən keçirdilər, sonra isə
yekun konserti olurdu. Yəqin SMS-li mahnı
müsabiqələri də nə vaxtsa efirlərdən
düşəcək.
- “Xalq ulduzu”
səhnədə şounu aradan qaldıra biləcəkmi?
- Mənə elə
gəlir ki, bu yarışma şou xarakteri daşımır.
Sadəcə, bəzən yaxşı ifaçı
müsabiqəni keçə bilmir. O da biz münsiflər
heyətindən asılı deyil. Jüri öz seçimini
edib xalqın ixtiyarına verib.
- Münsif üzvü
kimi sizin fikrinizə qalsa, ifaçıları necə
sıralayardız?
- Bir neçəsi var ki, artıq professional
müğənni kimi oxuyur. Amma eləsi də
var ki, 2-3 xalq, yaxud bəstəkar mahnısı bilir. Belələri ilə işləmək çox
çətindir. Bu ifaçılar 5
gün ərzində mindən artıq
iştirakçının içərisindən seçildi.
Çox çətin bir mərhələ oldu.
Ora yaşlı insanlar da gəlmişdi. Yaxşı olardı ki, burada yaş
məhdudiyyəti qoyulaydı. Mənim
böyüklərə çox hörmətim var. Efirdə
də dedim ki, yaşlılara irad tutmaq mənə
çətindir. Gərək hər kəs
də öz yaşını, potensialını
nəzərə alsın. Biz
çalışdıq ki, obyektivlik olsun. Mən
ən doğma adamımı da istedadı olmasa,
seçmərəm.
-
Bəzən münsiflər heyəti yarışma
iştirakçısının ifasından çox
geyiminə diqqət edirlər.
- “Xalq ulduzu”nda ifa
əsas götürülür. Səhnə
görünüşü, geyim, saç
düzümü-filan sonrakı mərhələdir. Amma
mahnı ilə geyim uyğun gəlməlidi. Elə
iştirakçılar var ki, onların geyiminə, saç
düzümünə irad tutmamaq mümkün deyil. Onlar
səhnədə yeni addımlar atsalar da, gərək efir
məsuliyyətini hiss etsinlər.
- “Xalq ulduzu”nda
səhnə quruluşu müsabiqənin ruhuna uyğun
görünmür.
- Məncə,
dekorasiya əsas deyil. Doğrudur, rəng seçiminin də
müəyyən təsiri ola bilər. Amma hər halda
səhnə tərtibatı bizim işimiz deyil.
- Hazırkı
bəstəkar mahnıları ilə xalq mahnıları
arasında əlaqə ya zəifdir, ya da tamamilə itib.
Hər halda bir dinləyici kimi mən belə
düşünürəm. Siz bu barədə nə
fikirləşirsiz?
- İndi ömrü
az olan bəstəkar mahnıları çoxdur. Həmin
mahnıların ömrü ona görə az olur ki, nə xalq
yaradıcılığına, nə də korifeylərimizin
əsərlərinə istinad var. Mən ifaçılara da
deyirəm ki, seçdiyiniz mahnılara məsuliyyətlə
yanaşın, çünki onların hərəsi bir
əsərdir. Cahangir Cahangirov, Emin Sabitoğlu, Tofiq Quliyev,
Səid Rüstəmov, Oqtay Kazımov, Hacı
Xanməmmədov... kimi bəstəkarların əksər
mahnıları həmişəyaşardı. Mahnı
kiməsə xatir, şou, madiyyat üçün
yazılmamalıdı.
- Opera
səhnəsində 7 Leylidən birisiz. Öz
ardıcılınızı görürsüzmü?
- Mən
səhnədə təzə deyiləm. 20 ilə
yaxındır ki, peşəkar səhnədə
çalışıram. Opera səhnəsinə haradasa 10 il
əvvəl dəvət almışam, o vaxt
konservatoriyanın tələbəsi idim, amma
səhnəyə çıxmağın böyük
məsuliyyətini hiss etdiyimdən əvvəl
tərəddüd edirdim. Amma artıq bütün
çətinliklər geridə qalıb. Sentyabrda operadakı
fəaliyyətimin 5 ili tamam olacaq. Səhnəmizin
Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət
Məmmədova kimi Leyliləri olub. Biz də bu
səhnədə əbədi deyilik, təbii ki,
davamçılarım var, amma ad çəkmək
istəməzdim.
-
Muğam ifaçıları son vaxtlar artıb. Kimləri bəyənirsiz?
- İfaçı bu
gün həddən artıq çoxdur. Söhbət
kəmiyyətdən yox, keyfiyyətdən gedir. Muğam müsabiqəsinin
iştirakçıları Təyyar, Elnur, İlkin, Babək,
Elşadın ifalarını xoşlayıram. Təyyar
operada artıq solist kimi çalışır. Elnurla, Elşad
da operaya dəvət olunublar. Yəqin imkan yarandıqca
digər müsabiqə iştirakçıları, o
cümlədən qızlar da dəvət ediləcək. Bu
gənclərin xüsusilə ədəb-ərkan
gözləməsi məni qane edir.
- Təbliğat
adı ilə bəzən muğamatın yox,
ifaçının önə çıxarılması
müşahidə olunur.
- Nəinki
ifaçıların, heç muğamın
təbliğinə də ehtiyac yoxdur. Bir ara
muğam batıb gedirdi. Hazırda diqqət artıb,
YUNESKO-nun xəttilə Heydər Əliyev Fondu
tərəfindən muğam məktəbi tikilir, bütün
bunlar təqdir olunmalıdır. Amma
muğamı təbliğ adıyla özünü reklam
edənlər də çoxalıb. Bu
isə çox pis haldır. Elə
ifaçılar var ki, muğam da ifa edir, xalq mahnısı da,
amma bu o demək deyil ki, o, yaxşı oxuyur, əksinə,
elələri var muğamı məhv edir.
-
Muğamda yenilik deyirlər, bunu necə başa
düşmək olar?
- Muğamda yenilik anlayışını mən də
başa düşmürəm. Muğam
klassikadı, olduğu kimi ifa olunmalıdır, ona nə
yenilik etmək olar ki?! Hər
ifaçının öz ifa tərzi, öz
nəfəsilə boğaz vurması gözəl
səslənirsə, buna yenilik demək olar. Məncə, müasirlik elə klassik irsimizə
söykənməlidir. Tutaq ki, biri
“Çahargah”ın, “Bəstə-nigar”ın ifasında
gözəl boğaz vurdu. Dinlədikcə
deyirəm ki, bu şirin xırdalıq dünyaya dəyər.
Məndə çox muğam
ifaçılarının diskləri, kasetləri var. Klassik
ifaçıları dinlədikcə zövq alıram.
-
Sənət adamları arasında ziddiyyət yaratmaq,
qalmaqallarla gündəmdə qalmaq dəbdədir. Sizi dedi-qoduya salan yoxdur ki?!
- Məni dedi-qoduya
salmaq mümkün deyil, çünki qalmaqallardan uzaq adamam.
Reklama da ehtiyacım yoxdur. Sənətimlə
məşğulam, 5 ildi Asəf Zeynallı adına
kollecdə, 2 ildi Milli Koservatoriyada müəllim kimi
fəaliyyət göstərirəm, xaricə qastrol
səfərlərim də olur. İndi yaradıcılığı,
ifaçılığı arxa plana keçirib,
dava-dalaşla özünü reklam etdirənlər var.
Sənətlə şounu, toyla səhnəni
qarışdırmaq olmaz.
- İndi pul qazanmaq
xatirinə alayarımçıq ifalar, özünüreklamla
“toy tutmaq” ənənəsi də yaranıb.
- İndiki
əksər toylar diskotekanı xatırladır. Mən
özüm də toy şənliklərinə gedirəm, amma
hamısına yox. Elə toylar var ki, orada adam dincəlir.
Çox gənc yaşlarımda Bakı kəndlərində
- Binədə, Nardaranda toylarda olmuşam. Xanəndələr
- Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Arif Babayev,
Ağaxan Abdullayev mənə nə qədər təsəlli
versələr də, onların yanında muğam ifa
etməyə çox sıxılardım.
-
Tanınmışlardan kimin toyunda iştirak etmisiz?
- Çoxlarının. Prezidentin
qızının da toyuna dəvət almışdım.
Ağaxan müəllimlə balaca bir muğam
ifa etdik. Sonra toy sahiblərinin
sifarişilə “Dağlarda duman gözəldir” (həzin
səslə ifa edir) mahnısını oxudum.
-
Asudə vaxtınızda nə işlə məğul olursuz?
- Deyim ki, boş vaxtım olmur. Bəzən
bir istirahət gününün həsrətində oluram.
Günlərim qaç-qovla keçir. Amma bəzən bayramlarda 2-3 gün evdə
qaldığım vaxtlar olub. Onda da iş
üçün darıxıram. Evdə
çox oturmağı xoşlamıram.
-
Ailəlisiz?
- Yox, subayam.
Bütün subaylara ailə nəsib olsun. İnşallah,
mənim də ailəm olar.
- Mətbuatda
maşınlı müğənnilərin adı dərc
olundu. Deyəsən, sizin adınız yox idi. Maşın
sürməyi bacarmırsız, yoxsa...
- Yox, bacarıram. Yaşayırıqsa,
imkan daxilində şəraitimiz də olmalıdır. Burada qəbahət heç nə yoxdur. Amma evini, maşınını reklam etdirib
gündəmə çıxmaq qəbahətdir.
-
Son olaraq nə demək istərdiz?
- Mən canlı müsahibəni sevirəm. Bəzən qəzetlərdən zəng edib telefonla
müsahibə istəyirlər. Buna
razılaşmıram. Mətbuatda əsil
sənət adamlarının, hər sahənin
mütəxəssislərinin üzə
çıxmasını arzu edirəm. Tez-tələsik,
başdansovdu məqalələrin yox, samballı
yazıların dərc olunması lazımdır. Qəzetinizə də uğurlar arzulayıram
Yeni Müsavat.-2007.-23 aprel.-S.12.