ÜNS Teatrının bir yaşı tamam olmuşdur

 

Bir il əvvəl yaradılmış və əsl incəsənət fədailərinin, ilk növbədə, teatrın rəhbəri, professor Nərgiz Paşayevanın istedadı və səyi sayəsində uğurla fəaliyyət göstərən "ÜNS" yaradıcılıq səhnəsi bakılıların həyatında getdikcə daha böyük yer tutur.
Teatrın doğma paytaxtımıza həsr olunmuş Tofiq Quliyevin ölməz musiqisi əsasında hazırlanmış ilk "Bakı" tamaşası bu gözəl layihənin ideya müəlliflərinin incə zövqündən xəbər verirdi. Tamaşa paytaxtımıza vurğun hər kəsi o illərə qaytarmış, köhnə, mehriban Bakının sevimli guşələrini "gəzməyə" imkan yaratmışdı.
"ÜNS" yaradıcılıq səhnəsində tamaşaçılar həm ölkəmizin, həm Rusiya Federasiyasının teatr sahəsində görkəmli n
ümayəndələri ilə görüşmüşlər. Teatrın qonaqları Rusiyanın bizə yaxşı tanış olan tanınmış artistləri Sergey Yurski, Aleksandr Şirvind, Mixail Derjavin başqaları olmuşlar. May repertuarına isə Gennadi Xazanovun iştirakı ilə Moskvanın Anton Çexov teatrının tamaşası daxil edilmişdir.
"ÜNS" Elçinin pyesi əsasında səhnələşdirilmiş "Şekspir" ilk antrepriz tamaşasının premyerası uğurla keçmişdir. Qarşıda isə tamaşaçıları daha bir yeni tamaşa, Maqsud İbrahimbəyovun əsəri əsasında səhnələşdirilən "Final" restoranı" gözləyir...
Bir sözlə, teatr yaşayır, inkişaf edir. Burada aktyorlar məmnuniyyətlə çıxış edir, tamaşaçılar isə istedadlı adamlarla yeni-yeni görüşlər ümidi ilə buraya gəlirlər...

Azərbaycan.-2007.-24 aprel.-S.4.