Məhərrəmova
T.
Bu gün balet mənim həyatımdır
Kamilla Hüseynova, balerina: "İşini sevmək
və orada uğur qazanmaq xoşbəxtlikdir"
Opera və Balet
Teatrının solisti, "Qızıl Dərviş"
mükafatı laureatı, gənc balerina Kamilla Hüseynova
Azərbaycan milli balet ənənələrini öz
yaradıcılığında ləyaqətlə davam
etdirən balerinalardandır. Gənc olmasına
baxmayaraq, istedadı, əməksevərliyi,
peşəkarlığı ilə balerina teatrın
repertuarında olan bütün balet quruluşlarında -
"Leyli və Məcnun", "Yizel", "Qız
qalası", "Romeo və Cülyetta", "Karmen
suita", "Rast", "Məhəbbət və
ölüm" və başqalarında əsas partiyaları
ifa edir. Onun rəqsləri dəqiqliyi,
təmizliyi, hərəkətlərinə gözəllik
verən əllərinin cazibədarlığı ilə yadda
qalır. O, sanki rəqsin içərisinə daxil olur,
incə və zərif bədəni ilə onu idarə edir. Bu zaman sanki canlı rəsm əsərlərinə
bənzəyir.
Kamilla Hüseynova balet
sənətinə olan məhəbbətindən, bu sənətin sirlərindən
həvəslə danışır:
- Nə vaxtsa balet mənim
uşaqlıq arzum olub. Lap uşaqlıqda,
özümü başa düşdüyüm vaxtlardan
balerinaları təqlid etməyə çalışır,
müxtəlif balet hərəkətlərini təkrar edirdim.
Bu gün balet mənim həyatımdır.
Tamaşaçılar qarşısında
təzim edərkən, onların alqışlarını
eşidərkən, qeyri-adi hissiyyat keçirirəm,
həyatda da bu hisslərə görə yaşayıram.
- Bu uşaqlıq arzunuz
necə yaranmışdı?
- Mən elə
ailədə böyümüşəm ki, nənəm
də, anam da peşəkarcasına olmasa da, baletlə
məşğul olurdular. Valideynlərim
mənim həvəsimə mane olmadılar. Mən Bakı Xoreoqrafiya Məktəbinə daxil
oldum. Balet sənətinin sirlərini
mənə pedaqoqlardan Olqa Arifulina, SSRİ Xalq artisti Leyla
Vəkilova, Xalq artisti Tamella Şirəliyeva öyrətdi.
Bu gün də Tamella xanımla bir yerdə
işləyirəm.
- Yəqin ki, balerinaların
zirvəyə doğru yolu çox çətin və
əzablıdır.
- Bunu yalnız belə
adlandırmaq olar: öz əməksevərliyini nümayiş
etdirirsən. Bunu səndən balet sənəti
tələb edir. Axı baletin
gözəlliyi tamaşaçıların səhnədə
gördüyü bu gündəlik işin və
məşqlərin nəticəsidir. Ancaq
aparıcı balerina olmaq, qalanlarını öz arxasınca
aparmaq qabiliyyəti üçün böyük
təcrübə, solo partiyaları ifa eləmək
bacarığı vacibdir. Məşqin
tələb elədiyi qaydada və bəlkə ondan da
çox işləmək lazımdır. Balerina
üçün ən vacib olan xüsusiyyət öz
çatışmazlıqlarını və səhvlərini
görməkdir. Bəzən tamaşalardan
özünəinamsızlıq hiss edəndə, bu məni
daha çox işləməyə təkid edir, hətta buna
görə məzuniyyətimdən də imtina edirəm.
- İlk əsas
partiyanız haqqında nə danışa bilərsiniz?
- İlk və
ən sevimli partiyam "Romeo və Culyetta"
tamaşasında Culyetta rolu idi. Məktəbi
təzə qurtaran bir balerina üçün bu rol
üzərində işləmək çətin idi. Bu məndən böyük məsuliyyət
tələb edirdi. Çünki Culyetta
kifayət qədər məşhur qəhrəmandır.
Ancaq deyilənə görə, mən rolun
öhtəsindən gəldim.
- Bəs hansı rola
görə "Qızıl Dərviş"
mükafatını almısınız?
- Bu, maestro Niyazinin
eyniadlı simfonik muğamı əsasında Tamilla
Şirəliyevanın quruluş verdiyi "Rast"
muğam-baleti idi. Baletin süyet xətti də
vətənpərvər mövzudadır.
Vətənə məhəbbət, onun müdafiəsi... Mən əsas qəhrəman Tomris partiyasını
ifa edirdim. Tamaşa çox maraqlı
və koloritli alındı. İlk
dəfə muğam qismində burda musiqi improvizasiyası
ifadə olunmuşdu.
- Siz həmçinin
tamaşaçılara lirik qəhrəmanlar, əsas obrazlar
kimi tanışsınız.
- Həqiqətən
belədir. Mənim repertuarımda çoxlu lirik partiyalar var.
Leyli, Yizel, Gülyanaq, Culyetta və həmçinin "Karmen
suita" baletində Karmen partiyasını, "Rast"da
epik qəhrəman Tomrisi, Polad Bülbüloğlunun
"Eşq və Ölüm" baletində Beycan
partiyasını oynayıram. Sonuncu
tamaşanın qəhrəmanı lirikliyi,
emosionallığı və cəsurluğu ilə
fərqlənir. Lirik qəhrəmanlar
mənə çox yaxındır. Bu
baxımdan "Karmen" obrazı mənimçün
çox maraqlıdır. Bu, mənim ruhuma
Tomris obrazı qədər yaxındır. Mən bu
obrazı daxilimdə hiss edirəm. Lirikliyə
gəldikdə, mənə elə gəlir ki, xeyirxah, lirik
obraz hər bir qadında təbiətən yaranır.
- İndicə
dediniz ki, "Polad Bülbüloğlunun "Eşq və
ölüm" baletindəki Beycan da sizə yaxındır. Bu
partiyanın sizə tapşırılması
gözlənilməz idi?
-
Əlbəttə, ilk növbədə mənə etimad
göstərmələri çox yaxşı idi. Bu
mənim boynuma çox böyük məsuliyyət qoyurdu.
Axı teatrda bu partiyanı oynaya biləcək çoxlu
solistlər var. Rol üzərində iş çox
mürəkkəb və maraqlı, eyni zamanda, qeyri-adi və
oriyinal idi. Quruluşda iki kollektiv - rəqs
ansamblı ilə balet truppası iştirak edirdi. Eyni
zamanda, səhnələrdə artistləri adət
eləmədikləri texniki təchizat - videoekran, tüstü
və s. müşayiət edirdi. Balet muiqi
materialları ilə zəngin idi. Dramatik
süyeti emosional qüvvə tələb edirdi.
- Klassik balet
müasirlərdən nə ilə fərqlənir?
- Klassik baletdə təyin
olunmuş qanunlar, pozisiya, əl və ayaqların
hərəkəti, baletmeysterin çərçivədən
çıxa bilməyəcəyi hərəkətlər var.
Müasir, modern balet isə həm baletmeystrə, həm də
ifaçıya tamamilə sərbəstlik imkanı verir. Bizim repertuarda "Balero" müasir tamaşası
və "Həzz" tamaşaları var. Bu tamaşalar
Azərbaycan baletində yeni sözdür. Bundan
əlavə, bir addım irəli deməkdir. Çünki müasir balet artistə
imkanlarını açmağa şərait yaradır.
- Demək olarmı, ən
sevimli tərəf-müqabiliniz sizinlə bir yerdə
çalışan həyat yoldaşınızdır?
- Mən bir çox
baleronlarla - Əməkdar artist Gülağası Mirzəyev,
Makar Perştand, həyat yoldaşım İslam İslamovla
oynamışam. Şübhəsiz ki, ən
rahat tərəf-müqabil həyat yoldaşımdır.
Biz bir-birimizə daha çox söz deyə
bilərik. Ümumiyyətlə, bəxtim
gətirib ki, təcrübəmdə narahat
tərəf-müqabillərim olmayıb. Mən
həmişə səhnədə özümə inam hiss
edirəm. Əgər hətta bilsəm ki,
mənə nəsə olacaq, həmişə
tərəf-müqabilimin köməyini tapmağı
bacarıram. Bu, böyük uğurdur.
Oynadığın baletin
müvəffəqiyyətinin yarısı
tərəf-müqabilindən asılı olur.
- Sizcə artist
həmişə tamaşada rolları ələ
keçirməyə çalışmalıdır?
- Artist həmişə
zirvəyə doğru can atmalıdır. General olmağı arzulamayan əsgər pis
əsgərdir. Əgər daxilən rola
hazırsansa və buna inanırsansa, bunu bacaracaqsan.
- Belə bir fikir gəzir
ki, balet adamları xəyalpərəstdirlər, sanki
nağıllar aləmində yaşayırlar. Lap
əksər balet süyetlərinin nağılvari
qəhrəmanları kimi.
- Bu, həqiqətən
belədir. Cəsarətlə deyə
bilərəm ki, rəqqaslar qeyri-adi ruha malik adamlardır.
Mənə elə gəlir ki, bu hiss
bütün incəsənət adamlarına xasdır. Ancaq balet artistləri öz fantaziyaları və
arzuları ilə fərqlənirlər.
- Xaraktercə necə
adamsınız - optimist, realist, əməksevər? Özünüzdə nəyi dəyişmək
istəyirsiniz?
- Mənim müxtəlif xüsusiyyətlərim
var. Mən optimizmdən məhrum deyiləm. Yəqin
ki, bu hiss mənə işləməyə və
gələcəyə olan ümidlərimə təkan verir.
Həyata real baxmağa
çalışıram. İstərdim ki, bir az da tənbəllikdən uzaq olum. Valideynlərim və həyat yoldaşım tez-tez
mənə deyirlər ki, sən özünə
həddindən artıq tənqidi yanaşırsan. Amma
mən hələlik xarakterimin bu keyfiyyətindən xilas ola bilməmişəm.
- Baletimizin bugünkü
vəziyyətini necə qiymətləndirirsiniz?
- Vaxt var idi ki, balet sənətinin
geriləməyindən danışırdılar. Amma bu gün teatr repertuarına, qurulan
tamaşaların keyfiyyətinə baxanda
tamaşaçıların marağı, anşlaq balet
sənətinin inkişaf etdiyini deməyə imkan verir.
Özünüz fikirləşin, teatr hər
mövsümə 1 və ya 2-3 premyera ilə başlayır.
Teatrda modern və milli balet quruluşları ilə
yanaşı, daima klassik tamaşaları da nümayiş
etdiririk. Bu, balet artistlərinin
peşəkarlığını, bütün dünyada
ən yaxşı məktəb ifaçılığını
göstərir. Bu xidmət ən çox teatrın direktoru
Arif Məlikovun, teatr truppasının rəhbəri,
Əməkdar incəsənət xadimi Yulana
Əlikişizadə, əsas repetitor Tamilla Şirəliyeva
və Pulumba Aqalınındır.
- Sizin həyatda başqa maraqlarınız da
varmı?
- Təbiəti çox sevirəm.
Gülləri, heyvanları. Məhz buna görə də
Qərb Universitetinin ekoloyi menecment fakültəsinə daxil
olub, magistr təhsilini bitirmişəm. Boş vaxtımı,
az olmasına baxmayaraq, evimdə saxladığım heyvanlara
həsr edirəm. Üç gözəl pişiyim var.
Əlbəttə, it də saxlamaq istəyirəm. Ancaq bu,
əlavə vaxt tələb edir.
- Balerinalar həmişə xüsusi
pəhrizlərlə yaşayır. Bütün imkanlardan
forma xatirinə imtina edirlər.
- Ancaq bəxtim gətirib
ki, heç bir pəhrizdən istifadə etmirəm. Əlbəttə, tamaşa zamanı güclü
ərzaqlar yeyirəm ki, bu mənə problem yaratmasın.
- Qadınlara nə arzu
edirsiniz?
- Hər bir qadına
bağlandığı işinə özünü həsr
etməyi arzulayıram. Hər bir qadın bir
işdən ötrü doğulub. İşini
sevmək və orada uğur qazanmaq xoşbəxtlikdir.
Kaspi.-2007.-3 aprel.-S.16.