Məhərrəmova Təranə

 

Cavanlığın özü də bir rəqsdir

 

Şəfiqə Hənifəyeva, rəqqasə: "Kimdir məni yada salan?"

 

Keçmiş Ketsxoveli (indiki Şamil Əzizbəyli) küçəsindən keçəndə istər-istəməz kinolarda gördüyümüz, haqqında kitablardan oxuduğumuz köhnə Bakı yada düşür. Dar dalanlar, uçuq-sökük alaqapılar, üstü qırlı yastı-yapalaq evlər adamda qəribə hisslər oyadır. Bu məhəllələrdə yaşayanlar isə müasir görkəmli küçələrə və "bəzəkli qutu"nu xatırladan binalara alışa bilmir, özlərini yad şəhərdəki kimi hiss edirlər. Məşhur rəqqasə Şəfiqə Hənifəyeva da əzəldən bu qədim məhəllədə yaşamağa alışıb. Ömrünün xoş və əzablı günlərini bu evlə, bu məhəllə ilə paylaşıb. İndi bu küçənin hər daşı, hər döngəsi ona doğmadır. Deyir ki, dünya dağılsa da bu məhəllədən ayrıla bilməz. Elə bircə dəfə pəncərədən boylanması, çörək, mer-meyvə aldırmağa qonşu uşağını səsləməsi onun üçün hər şeydən qiymətlidir. Yoxsa ki, "qutu"ya oxşayan evlərdə harayına kim səs verəcək?

Bir otaqlı, sahmansız mənzilində tənha ömür sürən rəqqasə xatirələri ilə baş-başa qalan ömrünün 87-ci baharını yaşayır.

Şəfiqə xanım bizimlə söhbətinə ona rahatlıq verməyən uşaqlıq xatirələrindən başladı:

 

- İçərişəhərdə anadan olmuşam. Atam bəy olub. Biz uşaq olanda atam toylara gedəndə bacımla məni də özü ilə aparardı. Biz də toyda rəqs edərdik. Bu, atamın çox xoşuna gələrdi. Özümüzün də rəqs oynamağa böyük həvəsimiz vardı. Atam bəy olduğu üçün onu tutdular. Ailəmiz başsız qaldı. 1937-ci ildə bacımla mən rəqs etmək üçün Filarmoniyaya gəldik. Onda Qəmər Almaszadə Filarmoniyada Mahnı və Rəqs ansamblının rəhbəri idi. O, bizim rəqs oynamaq bacarığımızı yoxlayıb qəbul etdi. Qəmər xanımdan sonra Əlibaba Abdullayev bədii rəhbərimiz oldu. Sonra Gürcüstandan Arbatov familiyalı bir bədii rəhbər gəldi. Mən ilk dəfə Filarmoniya səhnəsinə "12 yaşlı qız" rəqsi ilə çıxdım. Adil və Hüseynbala adlı rəqqaslar mənim sağ və sol tərəflərimdə oynayırdılar. Mən uzun hörüklü, ayağı çarıqlı və corablı, başı yaylıqlı utancaq kəndli qızını rəqs edirdim. Rəqsin quruluşuna görə mən utanır, özümü apara bilmir, gah burnumu silir, gah hörüklərimlə əlləşir, yanımdakı oğlanları itələyirdim. Onlar da məni rəqsə dartırdılar. Sonra isə oğlanları itələyib ortada tək oturdum və rəqs etməyə başladım. Yestlərim Arbatovun çox xoşuna gəldi. O gündən başlayaraq Filarmoniya səhnəsində oynamağa başladım.

- Səhv eləmirəmsə, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə iştirak etmiş rəqqaslardan sağ qalan yeganə adam sizsiniz.

- Bəli, həmin dekadada iştirak edən rəqqasələrdən sağ qalan yeganə adam mənəm. O vaxt dekadaya getməyə yaşım çatmırdı. Pasportda təvəllüdüm 1924-cü il idi. Yaşımı dəyişdirib məni böyütdülər - təvəllüdüm 21-ci ildən oldu. Moskvaya böyük bir nümayəndə heyəti ilə getdik. Qəmər xanımın qurduğu rəqsləri apardıq. Kremlin sütunlu salonunda "Ceyran bala" rəqsini oynadıq. Stalin və digər rəsmi şəxslər rəqslərimizi, xüsusən də "Ceyran bala"nı çox bəyəndilər. Leyla Bədirbəyli də bizimlə bir ansamblda oynayırdı. O qədər gözəl idi ki, hamı onun özünə də, rəqsinə də heyran olurdu. Stalin onu "Azərbaycan gözəli" adlandırdı. Xaricdən gələn qonaqlar mənimlə şəkil çəkdirdilər. Oynamağım onların xoşuna gəlmişdi. Dekada günləri çox gözəl keçdi. Moskva mağazalarından bizə gözəl hədiyyələr aldılar. Dekadada iştirak etməyim sonrakı sənət taleyimdə mühüm rol oynadı. Məni filmlərə çəkilməyə dəvət etdilər.

- Hansı filmlərə çəkildiniz?

- Birinci dəfə çəkilən "Arşın mal alan"a dəvət olundum. Sonra "Fətəli xan", "Ayna" filmlərinə çəkildim. "Arşın mal alan"da Adil İsgəndərov məni və Leylanı çox bəyəndi. Leyla Bədirbəyli Gülçöhrə roluna çəkildi. Mənsə Asya roluna təsdiq olundum. Sonra elə oldu ki, reyissor hansı səbəbdənsə bu rola başqa aktrisa dəvət elədi. Mən epizodik rolda qaldım. Sonralar kökəldiyimiz üçün bizi filmə çəkə bilmirdilər. Leyla ilə mənə at alıb verdilər ki, arıqlamaq üçün məşq edək. Ancaq arıqlaya bilmədiyimiz üçün bizi daha filmlərə çəkmədilər. Mən Filarmoniyadan başqa, "Muskomediya"da da işləmişəm. Şəmsi Bədəlbəyli onda "Muskomediya"nın direktoru idi. Mən orda qurulan tamaşalarda rəqslər oynayırdım.

- Müharibə vaxtı cəbhə bölgələrinə gedən sənətkarlarla siz də bir sırada çıxış edirdinizmi?

- Qazandığım orden və medallar həmin ağır günlərdən mənə yadigardır. O vaxt incəsənət ustalarını cəbhə bölgələrinə, hospitallara konsert verməyə aparırdılar. Mən də Bülbül, Süleyman Rüstəm, Gülxar Həsənova ilə birlikdə cəbhə bölgələrində olurdum. 416-cı diviziyanın 4-cü polkunun əsgər və zabitləri qarşısında verdiyimiz konsertlər heç yadımdan çıxmır. Biz bir tərəfdə konsertlər verir, digər tərəfdə güllələr, mərmilər dolu kimi yağırdı. Tez-tez səngərlərdə gizlənməli olurduq. Əsgərlər bu cür konsertlərdən çox ruhlanırdılar. Elə bil biz də bir əsgər idik. Ona görə də bizi fəxri fərmanlar, orden və medallarla təltif edirdilər. Mən müharibə veteranı sayılıram.

- Mahnı və Rəqs ansamblında çıxış edərkən xarici ölkələrdə qastrollarda olurdunuzmu?

- Gəzmədiyim ölkə qalmayıb. Afrikada, Çində, Avropa ölkələrində, keçmiş SSRİ-nin bütün respublika və şəhərlərində olmuşam. Hər yerdə də bizi böyük heyranlıqla qarşılayırdılar. İranda olarkən ziyarətgahları gəzdim. İsraildə isə əllərim göründüyü üçün məni məscidə buraxmadılar. Hansı ölkədə olurdumsa, ziyarətgahlara getməyi xoşlayırdım. Həyatımın ən yadda qalan günləri də həmin səfərlərlə bağlı olub.

- Başınız səhnəyə yaman qarışmışdı. Bəs nə əcəb ailə qurmağa vaxt tapdınız?

- Həyat yoldaşım da incəsənət sahəsində çalışırdı. O, Filarmoniyada Xan Şuşinskinin ansamblında saz çalırdı. Yoldaşım məndən 13 yaş böyük idi. O, məni qaçırdı. Sonra xalam qızı gəlib qaynanama dedi ki, qızı verin, el adətincə gəlin köçürək. Qaynanam da razı oldu. Xan əmi bizə elçi gəldi.

 

Əlində sazın qurbanı,

Eyləmə nazın qurbanı.

Əvvəlki məhəbbət hanı

Öldürmə məni, yandırma məni - deyə Xan əmi pilləkənləri oxuya-oxuya yuxarı çıxdı. Atam məni onlara verdi.

Naxçıvanda qastrolda olarkən Zülfi Adıgözəlov məni "ZAQS"a apardı. 3 gün 3 gecə toy çaldılar. Beləliklə, biz ailə qurduq.

Həyat yoldaşım pis adam deyildi. Bir oğlumuz dünyaya gəldi. Uşağın 2 yaşı olanda yoldaşımı müharibəyə apardılar. O, Kerç boğazını keçərkən həlak oldu. Mən onun yolunu düz 15 il gözlədim. Ölümünə inanmırdım. Sonra qaynanam məni qaynımla evləndirmək istədi. Razılaşmayıb, uşağımı götürərək evdən qaçdım. Qaynanam arxamca gəldi, - "halal olsun, qızım" - dedi. İndi oğlumun 64 yaşı var.

Yoldaşımdan sonra mənimçün yaşamaq çox çətin oldu - deyə sözünə davam edir. Mən cavan və gözəl qadın idim. Rahat yaşamaq üçün ikinci dəfə başqası ilə ailə qurdum. İkinci nigahımdan da bir qızım dünyaya gəldi. Ancaq yoldaşımla bir-birimizi başa düşməyib ayrıldıq. Adamın birinci bəxti gözəl olur. Həyatımın acısı təkcə bununla bitmədi. Bacım Fizzəni də 34 yaşında itirdim. Onun erkən dünyasını dəyişməsi mənə çox pis təsir etdi. Həyatın acıları məni tərk etmək istəmirdi. Mənsə bu ağrı-acılara, itkilərə dözüb yaşayırdım.

- Yəqin ki, səhnə sizin üçün ən böyük təsəlli idi. Ancaq hər şeyin bir sonu var. Səhnədə neçə il çalışdınız?

- Düz 65 il səhnədə olmuşam. Səhnə görkəmimi saxladığım üçün sənətdə çox qaldım. İndi 87 yaşım var. Hələ də rəqs edirəm. Hərdən güzgünün qabağında oynayıram. Görürəm ki, rəqslə qocalıq uyğun gəlmir. Cavanlıq başqa aləmdir. Cavanlığın özü də bir rəqsdir. Ancaq şükür Allaha ki, özümü idarə edirəm. Rəqs edəndə hələ ki, yıxılmıram, özümü qoruyuram. Səhnədən ayrılandan sonra Mədəniyyət Fondunda rəqslər qurdum. Pirşağıda qaçqınlar üçün "Ceyran bala" rəqsini qurdum və ansamblı Norveçə göndərdim. Bu rəqsi Norveç Qaçqınlar Şurasında çox gözəl qarşılamışdılar. Ansamblın üzvlərinin mənə Norveçdən gətirdikləri güllər qurusa da, onları saxlayıram. Ümumiyyətlə, keçmişimlə bağlı olan adi bir kağız parçasını da atmıram. Mən öləndən sonra nə edərlərsə özləri bilər. Ölüm haqdır. Haqqımda yazılan qəzetləri, hind və Azərbaycan rəqs paltarlarımı, şəkillərimi, tuflimi və s. şeyləri saxlayıram. Hələ çoxunu da bağışlamışam.

- Sizin səhnədə vida rəqsiniz hansı oldu?

- İlk dəfə səhnəyə gələndə oynadığım "12 yaşlı qız"ı və "Məzəli" rəqsini oynadım. İlk dəfə oynadığım rəqslər həm də son rəqslərim oldu.

- İncəsənətimizə göstərdiyiniz xidmətin müqabilində əməyinizə qiymət verdilərmi?

- Kimdir məni yada salan? Məni heç kəs axtarmır. Sizin zənginizi eşidib nə qədər sevindim? İncəsənətimizə 65 il xidmət elədim. Çox təəssüf ki, əməyimə heç bir qiymət vermədilər. Heç bir fəxri ada da layiq görülmədim. Bir də məni irəli çəkəcək adamım olmadı. Sənət elə şeydir ki, gərək əlindən tutanın olsun. Ona görə mən kənarda qaldım. Həm də gedib qapılar döyməyi xoşlamırdım. Təbiətim əzəldən belə olub.

6-7 il bundan qabaq Azərbaycan-Amerika Dostluq Cəmiyyətinin sədri Rza bəy mənimlə tanış oldu. O, mənim adımı Qızıl Fonda saldırdı. Buna görə ona çox minnətdaram. Aldığım təqaüd dolanışığıma çatmır. Mirmöhsün ağanın ziyarətgahı da hər ay mənə yardım edir.

 

Kaspi.-2007.-18 aprel.-S.16.