Mahmudov İ.
Mədəniyyətimizin inkişafına yeni dəstək

 

Bu gündərlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncam imzalamışdır. Bu, son üç ay ərzində mədəniyyətimizin müxtəlif sahələrinin inkişafına yönəldilmiş dördüncü sərəncamdır. İlk əvvəl fevral ayında kino və teatr haqqında, sonra isə muzey işinin inkişafı haqqında prezident sərəncamlar verilmişdi. Yeni sərəncam isə öz miqyasına görə daha geniş, daha əhatəlidir.
Bu sərəncam əslində Azərbaycan dövlətinin müstəqillik qazandıqdan sonra kitabxana işi ilə bağlı həyata keçirdiyi siyasətin bir növ davamıdır. Həmin siyasətin yenicə formalaşmasına baxmayaraq, bir çox ciddi problemlər həll edilmiş, dünya dövlətlərinin təcrübəsindən bəhrələnərək, demokratik kitabxana siyasətinin əsası qoyulmuş, bünövrəsi yaradılmışdır. Bu siyasətin əsasında dünya şöhrətli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mənəviyyatını nümayiş etdirən amillərdən biridir” kəlamı durur. Elə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu da 29 dekabr 1998-ci ildə ulu öndər imzalamışdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafındakı tarixi rolu tarix elmləri doktoru Abuzər Xələfovun “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı monumental tədqiqat əsərində öz dolğun əksini tapmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev də kitabxana işinin inkişafını diqqətdən kənarda qoymamışdır. Prezidentin 20 aprel 2007-ci il tarixdə imzaladığı yeni sərəncam mədəniyyətimizin bu mühüm sahəsinin inkişafına yeni bir dəstəkdir. Ölkəmizdə 12 mindən çox müxtəlif tipli kitabxana mövcuddur. Bu, böyük bir mədəniyyət şəbəkəsidir. Və bir fakt çox maraqlıdır ki, Azərbaycanda kitabxanaçı kadrların yetişdirilməsinin də öz tarixi vardır. Bakı Dövlət Universitetində uzun illərdir ki, kitabxanaçılıq fakültəsi fəaliyyət göstərir, bundan başqa Bakı və Şuşa Mədəni Maarif texnikumlarında orta təhsilli kitabxanaçı kadrlar hazırlanır. Yəni bu gün kadr potensialı da yetərincədir.
Kitabxanalarımız müstəqilliyimizin ilk illərindən bəzi problemlərlə qarşılaşmışdı. Bu da təbii hal idi. Çünki yeni əlifbaya keçid yeni nəşrlərin yaradılmasını, kitabxana fondlarının yeniləşməsini tələb edirdi. Cənab Prezident İlham Əliyevin 2004-cü il 27 dekabr tarixdə imzaladığı bu problemin həllinə yönəldilmiş “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” sərəncam kitabxanalarımızın yeni, latın qrafikalı əlifba ilə təchiz edilməsi sahəsində mühüm rol oynadı. Kitabxanalarımıza hədiyyə edilmiş minlərlə bədii ədəbiyyat, məlumat kitabları oxucu kontingentinin getdikcə artmasına şərait yaratdı.
Ayrı-ayrı bölgələrdə yaradılmış mərkəzləşmiş kitabxana sistemi bu gün də həmin struktura uyğun fəaliyyət göstərir. Lakin möhtərəm Prezidentin sərəncamında deyildiyi kimi, onların bəzilərinin maddi-texniki bazası zəif olduğundan, kifayət qədər mükəmməl fondu olmadığından geniş fəaliyyət göstərə bilmirdilər.
Cəmiyyətin həyatına informasiya texnologiyalarının daxil olması, eyni zamanda, informasiya cəmiyyəti yaradılması yolunda respublikamızda həyata keçirilən tədbirlər kitabxana işinin də elektron sistemə keçirilməsini vacib şərt kimi qarşıda qoyur. Bu, çox vacib bir məsələdir. Və möhtərəm Prezidentimizin sərəncamında da bu məsələyə xüsusi önəm verilir. Sərəncamda deyilir ki, müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya cəmiyytəinin tələblərinə uyğun olaraq müasir texnologiyaların tətbiqini zəruri edir. İndi böyük kitabxanalarımızda artıq elektron kataloqların yaradılması istiqamətində çox ciddi addımlar atılmaqdadır. “Elektron kitabxanalar”ın yaradılması kitabxanalarımızın beynəlxalq kitabxanalarla əməkdaşlığının daha səmərəli həyata keçirilməsinə imkan yaradır. Bizim kitabxanaçılıq sahəsində təhsil alan tələbələrimiz bu barədə məlumatlandırılır, xarici ölkələrin bu sahədə təcrübəsi olan iri kitabxanalarına təcrübə keçməyə göndərilir.
Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) hələ 2002-ci ildə Web saytı yaradılmış, burada kitabxananın tarixi, strukturu, fondları, zalları, şəbəkə kitabxanaları və MEK-ə daxil edilən yeni ədəbiyyat haqqında məlumat yerləşdirilmiş, həmçinin yeni xidmət növü kimi saytın “Elektron xidmət” rubrikası təqdim edilmişdir. O cümlədən M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında bu istiqamətdə çox səmərəli iş aparılır.
Bizim ali məktəb kitabxanaları ilə də əlaqələrimiz var. Onların əksəriyyətində “Elektron kitabxana” versiyası artıq işlənmiş və yaxud işlənmək üzrədir. Bu, zamanın tələbidir və yəqin ki, yaxın gələcəkdə kitabxanalarımız İKT-nin xidmətlərindən daha səmərəli istifadə edərək yeni xidmət formaları yaradacaqlar.
Möhtərəm Prezidentimizin imzaladığı sərəncamda 2008-2013-cü illərdə kitabxana informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramının hazırlanması mühüm məsələ kimi qarşıda qoyulmuşdur. Bu proqramın qəbul edilməsinin ölkəmizdə kitabxana işinin yeni tələblər əsasında qurulmasına güclü stimul verəcəyi şəksizdir.
Sərəncamda Təhsil Nazirliyi sistemindəki məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair tədbirlər planının hazırlanması da bir vəzifə kimi qarşıya qoyulur. Bu da çox əhəmiyyətli bir məsələdlir. Çünki məktəb kitabxanaları xüsusi spesifikaya malikdir və onlar milli təhsilimizin inkişafında mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya şəhərciyi”ndə MEK üçün ayrıca binanın inşa edilməsi də sərəncamda öz əksini tapır.
Söz yox ki, bu sərəncam ölkəmizdə kitabxana işinin inkişafı yolunda əhəmiyyətli rol oynayacaq, ölkəmizdə mədəniyyətin bu sahəsində mövcud problemlərin aradan qaldırılmasını təmin edəcəkdir.

Xalq qəzeti.-2007.-22 aprel.-S.7.