Zeynalov S.

 

Mərkəzi Elmi Kitabxanada Rusiya EA-nın jurnallarından ibarət sərgi

 

Mərkəzi Elmi Kitabxanada Rusiya EA-nın təbiət elmləri kitabxanasından alınan elmi jurnalların sərgisi keçirildi. Sərginin açılışında Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli çıxış edərək qonaqlara yeni jurnallar barədə ətraflı məlumat verdi. Direktor bildirdi ki, Rusiyadan beynəlxalq kitab mübadiləsi yolu ilə alınmış bu nəşrlər öz elmi tutumu, populyarlığı, zəngin tətbiqi materiallara malik olması ilə seçilir. Sərginin ənənəvi hal aldığını deyən A.Əliyeva-Kəngərli gələcəkdə də bu qəbildən olan tədbirlərin  davam  edəcəyini  bildirdi.  Sonra sərgi iştrakçıları nümayiş edilən jurnallarla tanış oldular. Məlumat üçün bildirək ki, sərgidə bütöv bütün  elm sahələrini əhatə edən 155 adda 700 nüsxə jurnal nümayiş olunur.                                                    

Sərgidə nümayiş etdirilən toplular içərisində "Avtomatika və telemexanika", "Astronomiçeskiy jurnal", "Genetika", "Zemlya  Vselennaya", "Mikrobiologiya", "Neyroximiya", "Novaya i noveyşaya istoriya", "Ekologiya", "Yadernaya fizika" və s. jurnallar da vardır.

Bununla yanaşı, ilk dəfə olaraq dövri mətbuat zalında 1982-ci ildən başlayaraq kitabxanaya daxil olan müxtəlif elmı jurnallar açıq rəf üsulu ilə oxucuların istifadəsinə verilib. Xatırladaq ki, zalın yardımçı fondunda Rusiya EA-nın təbiət elmləri kitabxanasından 159 adda 85000-dən artıq jurnal yerləşdirilib. Sərginin keçirilməsində əsas məqsəd isə alim və tədqiqatçıları Rusiyada nəşr olunan yeni elmi  jurnallarla tanış etmək və onlara bu vəsaitlərdən geniş istifadə imkanları verməkdir.

 

Respublika.- 2007.- 10 aprel.- S. 8.