Əliyev Ə.
Azərbaycanın Avropa
Şurası yanında daimi nümayəndəliyindən
AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki,
AŞ Nazirlər Komitəsi bürosunun aprelin 10-da
keçirilmiş növbəti iclasında
nümayəndəliyimizin rəhbəri, fövqalədə
və səlahiyyətli səfir Arif Məmmədovun Avropa
Şurasının İnformasiya Siyasəti üzrə Tematik
Əlaqələndirmə Komitəsinin (TC-İNF) sədri
vəzifəsinə namizədliyi irəli
sürülmüşdü.
Nazirlər Komitəsinin aprelin 12-də
keçirilmiş iclasında A.Məmmədovun bu
vəzifəyə namizədliyi rəsmən təsdiq
edilmiş və Azərbaycan diplomatı yekdilliklə TC-İNF-nin
sədri seçilmişdir.
Xatırladaq ki, TC-İNF Avropa Şurasının ən
aparıcı qurumlarından biridir və təşkilatın
fəaliyyəti istiqamətində xüsusi iş mandatına
malikdir.
TC-İNF Avropa Şurasının İnformasiya və
Təhlil Baş Direktorluğunun fəaliyyətinin
istiqamətləndirilməsində bilavasitə iştirakla
yanaşı, aşağıdakı vəzifələri
də yerinə yetirir: Avropa Şurasının
simasının və imicinin yüksəldilməsi, bu
sahədə strategiyanın hazırlanması, Avropa
Şurasının digər direktorat və orqanları ilə
əlaqələndirmə, təşkilat adından müvafiq
məlumatların təbliği, ictimai əlaqələr
xidməti, Avropa Şurasının digər direktorat və
orqanları ilə birlikdə quruma üzv
dövlətlərdə fəaliyyət göstərən
informasiya ofisləri, beynəlxalq təşkilatlar, yerli
hakimiyyət və qeyri-hökumət təşkilatları
ilə birbaşa əlaqələndirmə fəaliyyəti,
ictimai informasiya kampaniyalarının təşkili,
inkişafı və bu sahədə monitorinq nəzarəti
və Avropa Şurası üçün çox önəmli
olan digər vəzifələr.
Azərbaycan.-2007.-13 aprel.-S.5.