Hacızadə A.

 

Moskvada Azərbaycan mədəniyyəti günləri başa çatdı

 

Moskvada Rusiya paytaxtı hökumətinin və respublika Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizin RF-dəki səfiriiyinin dəstəyi ilə aprelin 16-18-də keçirilən Azərbaycan mədəniyyəti günləri başa çatmışdır.

Sonuncu gün Moskvanın "Luna Teatrı"nda Azərbaycanın Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin rəhbərliyi altında Dövlət Pantomim Teatrının quruluşunda R.Akutaqavanın "Kesa və Marito" pyesi göstərilmişdir.

Moskva Mədəniyyət Komitəsinin sədri Sergey Xudyakov yekun çıxışında bildirmişdir ki, Azərbaycan mədəniyyəti günləri Rusiyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Biz bu günlər ərzində müasirliklə dərin milli köklərin, ənənələrin vəhdətini gördük. Azərbaycan mədəniyyətinin çoxdan tanış olan səhifələrinə qayıtdıq və onun son illər qazandığı yeniliklərlə təsəvvürümüzü zənginləşdirdik".  S.Xudyakov xüsusi vurğulamışdır ki, Azərbaycan Dövlət Pantomim Teatrının tamaşası günlərin layiqli sonluğu olmuşdur. Moskvalılar bir daha şahidi olmuşlar ki, beynəlmiləl incəsənət, həqiqətən yüksək sənətdir. Hazırda Azərbaycanda incəsənət və mədəniyyətə göstərilən münasibət bu ölkədə mədəniyyətin dünya səviyyəsində olduğundan xəbər verir.

Azərbaycanın Rusiyadakı səfıri Polad Bülbüloğlu mədəniyyət günlərinin təşkilinə və keçirilməsinə görə Moskva hökumətinə minnətdarlığını bildirmişdir. O demişdir: "Bu günlər olduqca maraqlı və dolğun keçdi. Vaxtilə bir ölkədə, ümümi humanitar məkanda yaşadığımızı, mentalitetə görə yaxınlığımızı, bir çox xadimlərimizin Moskvada təhsil almalarını, yaxud rus mədəniyyəti ilə mənəvi yaxınlıqlarını nəzərə alsaq, bizim bu gün daha sıx  ünsiyyət saxlamaq imkanımız, əlbəttə, çox vacibdir".  Səfir ölkəmiz və mədəniyyət günlərinin bütün iştirakçıların adından Moskva meri Yuri Lujkova, Mədəniyyət Komitəsinin sədri Sergey Xudyakova səmimi minnətdarlığını bildirmişdir. O demişdir ki, cavab tədbiri kimi bu il oktyabrda Azərbaycanda keçiriləcək Moskva mədəniyyəti günlərinin iştirakçıları böyük məmnuniyyət və qonaqpərvərliklə qarşılanacaqlar.

Xatırladaq ki, Moskvada Azərbaycan mədəniyyəti günləri respublika incəsənət xadimlərinin qala konserti ilə açılmışdır. Günlər çərçivəsində keçirilən "Azərbaycan cazı nəsillərin dialoqu" caz konserti, habelə bir ay nümayiş etdiriləcək müasir fotoşəkil sərgisi böyük uğur qazanmışdır.

 

Xalq qəzeti.- 2007.- 20 aprel.- S. 6.