Əbdüləzizoğlu T.

 

Kür sahilində müasir mədəni mərkəz

 

"Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti artıq neçə illərdir ki, xeyriyyəçilik, quruculuq işləri ilə məşğul olur. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, kimsəsizlərə, qaçqın və köçkünlərə həmişə bu cəmiyyət tərəfindən köməklik göstərilmiş, qayğı və problemləri həll edilmişdir.

Neftçala, Salyan bölgəsinin əhalisi isə bu cəmiyyətin fəaliyyəti, onun sədri Akif Kərimovun xeyirxah əməlləri ilə daha yaxından tanışdır. İstər rayon mərkəzlərində, istərsə də ayrı-ayrı qəsəbə və kəndlərdə həyata keçirilən tədbirləri camaat həmişə minnətdarlıq duyğusu ilə xatırlayır.

Ölkəmizdə geniş vüsət alan abadlıq, quruculuq işlərinə, ölkə regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin reallaşmasına "Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti daha bir töhfə vermişdir.

Neftçalada Kür-Xəzər mədəni istirahət mərkəzi istifadəyə verilmişdir. Türkiyə və Gürcüstan iş adamlarının dəstəyi ilə inşa olunan bu mərkəz yaxın rayonların və ətraf kəndlərin əhalisinə xidmət edəcək, burada insanlar toy məclisləri keçirəcək, yeniyetmə və gənclər müxtəlif fənlər üzrə təşkil olunan dərnəklərdə, dil kurslarında təcrübəli müəllimlərdən təhsil alacaqlar.

Mədəni mərkəzin açılışına toplaşanlar Gürcüstanın ölkəmizdəki keçmiş səfiri Zurab Qumberidze, Bakıdan, Türkiyədən gəlmiş nüfuzlu insanlar burada həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə tanış oldular, istirahət zonasına, stadiona tamaşa etdilər. Dəyirmi masaların, elmi-praktik konfransların keçiriləcəyi bu məkan qonaqlarda xoş ovqat yaratdı. Kür çayında gəmi ilə gəzintiyə çıxmaq imkanı qazanmaq isə əhalinin neçə illik arzusunun reallaşması kimi dəyərləndirildi.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Qabil Məmmədov, Prezident Aparatının məsul işçisi Qafar Əliyev, TUSİAB-ın idarə heyətinin sədri Batasar Baycan, Türk-Azəri Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı, şair-həkim Paşa Qəlbinur, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu,"Bakı fəhləsi" maşınqayırma zavodu" TASC-nin sədri İslam Feyziyev, professor Vaqif Arzumanlı və digər çıxış edənlər "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin xoş əməllərindən, cəmiyyətin sədri Akif Kərimovun quruculuq və xeyriyyəçilik fəaliyyətindən söz açdılar. Tədbirin sonunda Akif Kərimov bundan sonra da ölkədə sosial iqtisadi inkişafa öz köməyini göstərəcəyini, Azərbaycanın inkişafı naminə çalışacağını bildjrdi.

Açılış mərasiminin sonunda mərkəzin 500 nəfərlik şadlıq evində "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin hesabına Neftçala rayonunun Surra kənd sakini, Qarabağ müharibəsinin iştirakçısı Rəşad Rəhmanovun toy məclisi keçirildi.

 

Respublika.- 2007.- 18 aprel.- S.5.