Məmmədli B.

 

Mərdəkanda soyqırım qurbanlarının xatirə parkı açıldı

 

31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində ölkəmizin digər yerlərində olduğu kimi, Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində də tədbirlər keçirilmiş, ötən əsrin əvvəllərində erməni daşnaklarına qarşı mübarizədə qəhrəmanlıqla həlak olan, şəhidlik zirvəsinə ucalan 6 nəfər qəsəbə sakininin xatirə parkının açılış mərasimi keçirilmişdir. Parkın açılışını bildirən lenti kəsən Mərdəkan bələdiyyəsinin sədri Hacı Zakir Cəfərov qəsəbə ağsaqqallarını, ziyalıları, qonaqları salamladı və tariximizin mühüm bir səhifəsinin yaddaşlarda yaşadılmasında, gənc nəslin vətənpərvər ruhda formalaşmasında ciddi təsirə malik belə bir xatirə kompleksinin yaradılmasından məmnunluq duyduqlarını bildirdi.

Son iki əsr ərzində xalqımızın mərhəmətinə sığınan ermənilərin tarixi Azərbaycan torpaqlarında etdiyi vəhşiliklərin heç bir çərçivəyə sığmadığını vurğulayan Mərdəkan bələdiyyəsinin sədr müavini Sevil Mansurova qeyd etdi ki, bu baxımdan ötən yüzillikdə baş verən faciələr və azərbaycanlıların soyqırımı daha ağır mənzərə yaradır. Uzun illər bu qanlı olaylar geniş ictimaiyyətdən və beynəlxalq aləmdən gizli saxlanılsa da, daim xalqın müqəddəratını düşünən böyük öndər Heydər Əliyevin qəti mövqeyi və uzaqgörən siyasəti sayəsində tarixin qaranlıq səhifələrinə işıq salındı, digər hadisələr kimi, 1918-ci ilin mart qırğınları da özünün siyasi qiymətini aldı. 1998-ci ilin 26 mart tarixli sərəncamı ilə ümummilli liderimiz 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün hər il dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Bununla da beynəlxalq aləmə əsl tarixi həqiqətlərin çatdırılması üçün daha geniş imkanlar yaranmışdır.

Bu gün bu strateji siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi bütün dünya azərbaycanlılarını daha fəal olmağa və vahid mövqe göstərməyə sövq edir. Artıq mövqeyindən asılı olmayaraq hər kəs və hər bir qurum ümumi mənafeyimiz naminə qüvvələri birləşdirməli, haqq işimizin müdafiəsinə öz töhfəsini verməlidir. Məhz bu prinsipi əldə rəhbər tutan Mərdəkan bələdiyyəsinin sədri Hacı Zakir Cəfərovun şəxsi təşəbbüsü ilə artıq tamamilə boş qalan qədim qəbiristanlığın yerində tariximizin parlaq bir səhifəsini əks etdirən, qəhrəman Azərbaycan oğullarını örnək kimi yaşadan belə bir xatirə kompleksinin yaradılmasının ictimai razılıq və dəstəklə qarşılanması da təsadüfi deyil. S.Mansurova onu da bildirdi ki, bələdiyyənin gələcək fəaliyyətində də abadlıq, quruculuq işlərini genişləndirməklə bərabər, həm də milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, gənc nəslin milli ruhda yetişməsinə xidmət edən digər tədbirlər də nəzərdə tutulmuşdur.

Daha sonra çıxış edən Əzizbəyov rayon İH-nin şöbə müdiri İbrahim Mustafayev, YAP rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Özəl Türk Liseyinin müəllimi Alim Pincər, professor Eldar Abbaszadə, rayon ziyalısı Şayəddin Əliyev, Böyük Vətən Müharibəsi VŞ-nin rayon təşkilatının sədr müavini Sabir Babayey, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı Samir Musayev, dosent Niyazi Babayev, qəsəbə ağsaqqalı Şeyx Sənan, Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədr müavini İlham Cəfərov və başqaları qeyd etdilər ki, Mərdəkan bələdiyyəsinin belə nəcib təşəbbüsü və incə zövqlə inşa olunan xatirə kompleksi onların seçildikləri əraziyə nə qədər bağlı olduqlarını göstərir. Vurğulandı ki, Əzizbəyov rayonunun sosial-iqtisadi həyatında fəal iştirak edən Mərdəkan bələdiyyəsinin tariximizə, milli ruhun yüksəldilməsinə xidmət edən bu addımı digər müvafiq qurumlara da örnək olmalı, qəsəbə sakinləri xatirə parkını qorumalı, yaradılan səliqə-sahmanın pozulmasına imkan verməməlidirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqa müraciətində qeyd etdiyi kimi, milli mentalitetimizin qorunmasında və ədalətin üzə çıxarılmasında hər kəs bacardığı qədər səy göstərməli, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir.

 

Respublika.- 2007.- 3 aprel.- S. 4.