Baxışova G.
Musiqi Mədəniyyəti Muzeyinin
40 yaşı tamam oldu
Aprelin 3-də
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində muzeyin 40 illik yubileyi münasibətilə tədbir
keçirildi. Tədbirdə muzeyin zəngin
kolleksiyasının bir hissəsi nümayiş etdirildi.
Muzey bu 40 il
ərzində 40 mindən artıq eksponat toplamış, elmi
axtarışları sayəsində Niyazi, Cövdət
Hacıyev, Soltan Hacıbəyov, Qara Qarayev, Polad Bülbüloğlu
və Fərhad Bədəlbəyliyə məxsus naməlum
musiqiləri aşkar etmişdir. Tədbirdə tanınmış
bəstəkarların əsərləri əlyazması
ilə bərabər, qədim musiqi alətləri və eyni
zamanda 1920-60-cı illərdə musiqi xəbərləri
nəşr olunmuş qəzetlər nümayiş etdirildi. Tədbiri giriş sözu ilə
muzeyin direktoru Alla Bayramova açdı. Sonra Mədəniyyət və
Turizm Nazirliyinin musiqi sektorunun sədri Fərəh Əliyeva muzeyin tarixi haqqında məlumat verdi. Çıxış edənlərdən
bəstəkar Aqşin
Əlibəyli tarixi irslərimizin qorunması
barədə gənclərimizin
məlumatlandırılmasının vacibliyini vurğuladı. Musiqişünaslar Sara Əliyeva və Sürəyya Ağayeva muzeyin fəaliyyətindəki
yenilikləri alqışladılar.
Tədbirin rəsmi hissəsindən sonra maestro
Niyazinin "Möcüzə",
"Skertso". "Adajio",
"Andante", Soltan Hacıbəyovun
Prelüd, Polad Bülbüloğlunun "Skertso",
Fərhad Bədəlbəylinin
Niyaziyə ithaf etdiyi Prelüd və Qara Qarayevin
"Sonata", "Eskiz", "Yürüş" əsərləri
səsləndirildi. Muzeyin
direktoru Alla xanım tədbirin təşkil edilməsində
və diskin maliyyələşməsində Mədəniyyət
və Turizm Nazirliyinə öz təşəkkürünü bildirdi.
Sonda yuxarıda adları çəkilən bəstəkarlara
məxsus indiyə qədər məlum olmayan musiqilərin toplandığı disk tədbir
iştirakçılarına təqdim edildi.
Yaddaş.- 2007.- 5 aprel.- S. 4.