Xalid

 

İncəsənət əsərlərini oğurlayanların məhkəməsi başlayır

 

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Rövşən Mustafayev adına Dövlət İncəsənət Muzeyindən oğurlanan incəsənət əsərlərini satış məqsədilə xarici ölkəyə aparan Aydın İbrahimovun məhkəməsi başlanacaq. Cinayət işi hakim Tofiq Paşayevin icraatına verilib. Bu barədə "Üç nöqtə"yə məhkəmədən məlumat verilib.

Qeyd edək ki, A.İbrahimov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 194-cü (bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma), 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. İttiham aktında göstərilir ki, Dövlət İncəsənət Muzeyindən oğurlanan 274 ədəd incəsənt əsərinin ABŞ-da olduğu müəyyənləşib. Oğurlanan əsərlərlə bağlı 6 istiqamətləndirmə nəşr olunaraq İnterpola üzv olan ölkələrə paylanıb. Bir sıra ölkələrdə İnterpolun Milli Mərkəzi büroları ilə aparılan birğə tədbirlər nəticəsində oğurlanan mədəni sərvətlərin yeri müəyyənləşib. Cinayətdə əli olan bütün şəxslər istintaq tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub. Muzeydəki oğurluqda birbaşa iştirak edən 69 yaşlı Aydın İbrahimov isə İnterpol xətti ilə beynəlxalq axtaşa verilib. O, 2006- ilin sentyabnda ABŞ-dan Azərbaycana qayıdaraq istintaq orqanlarına könüllü təslim olub.

 

Üç nöqtə.- 2007.- 20 aprel.- S. 9.