Prezident İlham Əliyev Azərbaycan Tarixi Muzeyində təmir-bərpa işlərinin gedişi ilə tanış olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində təmir-bərpa işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısının göstərişi ilə təmir edilən çoxsaylı tarixi binalardan biri olan Azərbaycan Tarixi Muzeyinin binası Bakının ən gözəl memarlıq abidələrindəndir. Muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. Lakin uzun illər əsaslı təmir edilmədiyindən bərbad vəziyyətə düşmüşdü. 2004-cü ilin dekabrında muzeydə yaranmış vəziyyətlə yaxından tanış olan Prezident İlham Əliyev binanın əsaslı təmiri və bərpası barədə göstəriş vermiş, 2005-ci ilin sentyabr ayından bu işlərə başlanmışdır.
İşlərin gedişi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, bütövlükdə bərpa prosesi son mərhələyə daxil olubdur. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə təmir işlərini yerinə yetirən “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti mühəndis-texniki qurğuların, kommunikasiya sisteminin yeniləşdirilməsini yekunlaşdırır. Binanın dam örtüyü tamamilə təzələnmişdir. Əsas ekspozisiya salonunun yerləşəcəyi birinci mərtəbədə təmir işləri əsasən başa çatıbdır. Bərpaçılar divarlardakı naxışların və bəzək elementlərinin orijinallığının qorunmasına xüsusi diqqət yetirirlər. XIX əsrin sonlarında məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilmiş mülkün Şərq və Avropanın klassik memarlığı üslubunda yüksək zövq və məharətlə bəzədilmiş otaqlarında və salonlarında bərpa işləri dəqiqliklə görülür. Bu prosesə cəlb olunmuş İtaliyanın “Eleka” şirkəti divarlarda, arakəsmələrdə, tavan və döşəmələrdə yüz il əvvəlki bəzək və naxışları aşkarlayıb ilkin formada bərpa edir. O dövrdə quraşdırılmış qapı-pəncərələr, istilik və işıq sistemləri orijinal üslubda yeniləşdirilibdir. Bütövlükdə ikinci mərtəbədə Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi yerləşəcəkdir.
Prezident İlham Əliyev otaqların və salonların əvvəlki görünüşdə tərtibatına xüsusi diqqət yetirilməsini tövsiyə etdi.
Muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Binanın üçüncü mərtəbəsindəki otaqlar bu məqsəd üçün nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısı tariximizin tədqiqi, öyrənilməsi və təbliği baxımından burada çalışan mütəxəssislərin üzərinə yüksək məsuliyyət düşdüyünü xatırlatdı və elmi araşdırmalar üçün onlara hərtərəfli şərait yaradılması ilə bağlı tapşırıqlarını verdi.
Muzeyin direktoru, AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı tariximizə və mədəni irsimizə həssaslıqla yanaşan Prezident İlham Əliyevə ölkəmizin sürətli inkişafına dair problemlərin həlli ilə yanaşı, çoxsaylı abidələrə və mədəniyyət ocaqlarına ikinci həyat bəxş etdiyinə görə dərin minnətdarlığını bildirdi.

 

Xalq qəzeti.-2007.-11 aprel.-S. 1.