Xatun
20
mindən artıq tarixi abidə üzə
çıxarılıb
Bu, 41 saatlıq arxeoloji
qazıntı zamanı əldə olunub
AEMA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf
Müseyiblinin məlumatına görə, Bakı-Tbilisi-Ceyhan
(BTC) əsas ixrac neft boru kəmərinin tikintisi ilə
əlaqədar olaraq aparılan qazıntı işlərinin
2002-2005-ci illər üzrə hesabatı yazılır. O,
bildirib ki, boru kəmərinin çəkilişində institutun
30-a yaxın əməkdaşı iştirak edib. Bütün
qazıntı işləri isə 4 arxeoloqun
müşahidəsi ilə həyata keçirilib.
Qazıntılar zamanı heç bir abidənin məhv
edilmədiyini deyən N.Müseyibli qeyd edib ki, 41 saatlıq
arxeoloji qazıntılar zamanı 20 mindən artıq tarixi
abidə üzə çıxarılıb:
"Ümumilikdə isə BTC-nin çəkilişi
zamanı aparılan qazıntı işləri Azərbaycan
arxeologiyası tarixində ən böyük hadisə
sayılır. Miqyasına və üzə
çıxarılan abidələrin növ
müxtəlifliyinə, sayına görə bu qazıntı
işləri yalnız Mingəçevir arxeoloji
ekspedisiyasının nəticələri ilə
müqayisə olunur".
Qeyd edək ki, "Mingəçevir arxeoloji
ekspedisiyası-60" elmi məcmuəsi bu günlərdə
Mingəçevirdə işıq üzü görüb. Su
anbarının tikintisi zamanı yaradılan ekspedisiyanın 60
illiyi ötən ilin noyabrında Mingəçevir
Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd
olunub, ekspedisiyanın yekunları elmi konfransda müzakirə
edilib. İşıq üzü görən 216
səhifəlik "Mingəçevir arxeoloji
ekspedisiyası-60" elmi məcmuəsində tapılan
arxeoloji materialların elmi təhlili aparılıb,
eləcə də 2006-cı ildə ölkə üzrə
aparılan ekspedisiyaların elmi yekunu tezislər nəticəsində
öz əksini tapıb. Yeri gəlmişkən, tarix
elmləri namizədi İdris Əliyevin Abşeron
yarımadasında apardığı tədqiqatlar da öz
bəhrəsini verib. Arxeoloqlar qazıntılar zamanı
eramızdan əvvəl I minilliyə aid olan qiymətli
qəbirüstü abidələrin bir neçəsini bu günlərdə
üzə çıxarıblar.
Ayna.- 2007.- 13 aprel.- S. 8.