Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi

 

İclasda 2007-ci ilin ilk 6 ayında görülən və növbəti yarım ildə görüləcək işlər müzakirə olundu

 

Ötən həftə M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi. Nazirliyin aparat işçilərinin va kollegiya üzvlərinin qatıldığı tədbiri iclasın sədri, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açdı. Nazir bildirdi ki, kollegiya iclası 3 mövzunu əhatə edəcək.

Nazirliyin 2007-ci ilin birinci 6 ayındakı fəaliyyəti, 2007-ci ilin ikinci yarısının iş planı, yanvar və iyul aylarında keçirilən iclasların qərarlarının həyata keçirilməsi...

Ə.Qarayev çxışına ölkə başçısının mədəniyyət və turizm sahələri ilə bağlı verdiyi sərəncamdan başladı: "Bu il hörmətli Prezidentimiz mədəniyyət sahəsinə dair 40 sənəd imzalayıb. Məncə cəmiyyətin elə bir sahəsi yoxdur ki, ölkə başçısı bu sahənin inkişafı ilə bağlı bu qədər fərman və sərəncam imzalasın". Bəhs olunan faktı dövlət tərəfindən mədəniyyət sahəsinə və mədəniyyət işçilərinə göstərilən böyük diqqət kimi dəyərləndirən nazir bildirdi ki, ümumən nazirliyin işindən razıdır. Ancaq nöqsanlar və çatışmazlıqlar da var. Bugünkü iclasın məqsədi də məhz görülən faydalı işlər üçün kimisə tərifləmək yox, nöqsanları qeyd edib onların aradan qaldırılma yollarını axtarmaqdır. "Yaxşı işləmək bizim borcumuzdur, buna görə heç kimdən təşəkkür gözləməməliyik" - söyləyən nazir əlavə etdi ki, iclasda nazirliyin 5 şöbə müdiri rəhbərlik etdiyi şöbələrin yarımillik fəaliyyəti barədə qısaca - təxminən 5 dəqiqə hesabat xarakterli çıxış edəcək.

İlk söz incəsənət şöbəsinin müdiri Əliqismət Lalayevə verildi.

Əliqismət müəllim bildirdi ki, son 6 ay ərzində şöbə tərəfindən 120 dövlət əhəmiyyətli tədbir keçirilib. Bu tədbirlərin bir qismi regionların inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində bölgələrdə (Qusar, Lənkəran, Kürdəmir və s.) düzənlənib. Gələcəkdə əyalətdə bu tip tədbirlərin daha çox keçirilməsi nəzərdə tutulur.

Ə.Lalayev daha sonra teatr binalarının təmiri, bütün Azərbaycanı  əhatə  edən  musiqi festivalı, gənc rejissorların bölgələrə ezam olunması  məsələlərinə toxundu. Eyni zamanda teatr barədə qanunun qəbul edilməsini mədəniyyətimizin inkişafı istiqamətində atılan vacib addımlardan biri kimi dəyərləndirdi. İncəsənət şöbəsinin müstəqil     ictimai təşkilatlarla əməkdaşlığının da bu ilin əvvəllərindən etibarən xeyli genişləndiyini vurğuladı.

Mədəniyyət və Turizm naziri ölkə başçısının incəsənət sahəsinə aid imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələrin necə həyata keçirilməsi ilə maraqlandı və bu işin icrasına xüsusilə  nəzarət  etməyin vacibliyini qeyd etdi. Nazir yaxın günlərdə təmiri başa çatacaq teatrların repertuarı ilə də maraqlandı.

Ə.Qarayev: "Teatrlarımızda tamaşalan səviyyəsi, oynanılan əsərlərin keyfiyyəti bizi qane etmir. Kəmiyyətcə dəyişmə hələ inkişaf demək deyil. Siz çalışmalısınız ki, inkişaf keyfiyyətdə də özünü göstərsin"

Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxışında bildirdi ki, şöbə tərəfindən ölkə başçısının imzaladığı sərəncamlara əsasən bir neçə proqram hazırlanıb. Bu proqramlarda kitabxanaların, muzeylərin vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulub. Eyni zamanda musiqi məktəblərinin inkişafı istiqamətində bir çox tədbirlər həyata keçirilib.

Mədəniyyət və Turizm naziri Ə.Qarayev Bakı şəhərində yerləşən parkların vəziyyəti ilə bağlı bir neçə maraqlı fakta aydınlıq gətirdi və bildirdi ki, Milli Park da daxil olmaqla paytaxtımızdakı parklar əslində Mədəniyyət və Turizm Nazirliyinin müəssisəsidir və bu parklar nazirliyin idarəçiliyində olmalıdır. Odur ki, parkların idarə olunması barədə mövcud olan əsaslarda dəyişikliklər edilməlidir. Nazir muzeylərə gələn tamaşaçıların kimliyi ilə də maraqlandı və bildirdi ki, mədəniyyət siyasəti şöbəsi bu barədə məxsusi hesabat hazırlayıb təqdim etməlidir. Bununla da əhalinin hansı zümrəsinin muzeylərə daha çox maraq göstərdiyini bilmək, təbliğatın genişlənməsi istiqamətində daha səmərəli iş görmək olar. Nazir sözügedən şöbənin idarəçiliyində olan müəssisələrə kadr təyinatında da islahatların vacibliyini qeyd etdi. F.Babayevə tapşırdı ki, müəssisələrdə yalnız birinci şəxsin (müdir) təyin olunması nazirin səlahiyyətindədir. Müavin vəzifəsi üçün şöbə ilə məsləhətləşmək kifayətdir. Qalan işçiləri təyin etmək isə müəssisə rəhbərinin səlahiyyətindədir.

Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov problemlərdən başladı: "Azərbaycanda 6308 abidə var. Bu abidələri qoruyan yalnız şöbəmizin 10 nəfər işçisidir. Doğrudur yerlərdə, mədəniyyət və turizm şöbələrinin nəzdində bu işlə məşğul olan təxminən 350 nəfər işçi var. Ancaq bu işçiləri mühafızəçi yox, baxıcı adlandırmaq daha düzgün olardı. Çünki bu adamların öz işlərini tam olaraq həyata keçirmək imkanları yoxdur. Bir sözlə, mövcud ştatlar müasir tələblərə cavab vermir".

Rizvan müəllim onu da bildirdi ki, tarixi abidələrin yenidən siyahıya alınması ilə əlaqədar ölkə başçısının 18 avqust 2006-cı il tarixli sərəncamına uyğun olaraq bölgələrin çoxunda monitorinqlər aparılıb. Ancaq bu araşdırmalar bütün bölgələri əhatə etməyib. Bəzi rayonların mədəniyyət və turizm şöbələri bu işdə mədəni irs şöbəsinə yardım ediblər. Şəkillər və yazılı məlumatlar göndəriblər. Faktlar qaneedici olmadığı təqdirdə həmin bölgəyə xüsusi monitorinq qrupu göndərilib. Abidələrin yenidən siyahıya alınması prosesi başa çatıb. Ancaq əlaqədar instansiyalardan (Akademiyanın institutları) lazımi rəy alınmadığından hesabatı rəhbərliyə təqdim etmək mümkün olmayıb.

Rizvan müəllim onu da bildirdi ki, bəzi tarixi abidələr məhv olmaq təhlükəsi ilə üz-üzədir: "50-yə yaxın abidə məhv ola bilər. Artıq 28 abidə Nazirlər Kabineti tərəfındən silinib. 400-ə yaxın abidə isə son bir neçə ildə tədqiqatçılar tərəfındən aşkarlanıb".

Bu yerdə nazir qeyd etdi ki, abidələrin qorunması və bu kimi digər vacib işlərdə, bölgələrə ezam olunmuş aparat işçilərinin gücündən istifadə etmək lazımdır. Ezam olunan şəxs təkcə aidiyyəti işlə məşğul olub geri dönməməli, getdiyi bölgənin bütün mədəni sahələrinin problemi ilə maraqlanmalı, eyni zamanda ezamiyyətinin nəticələri ilə bağlı rəhbərliyə hesabat verməlidir. Nazir bu faktın növbəti 6 ay üçün nəzərdə saxlanmasını tapşırdı. Eyni zamanda abidələrlə bağlı çap məhsullarının, filmlərin və digər təbliğat xarakterli materialların daha da keyfiyyətli və daha da çox hazırlanmasının vacibliyini diqqətə çatdırdı. Məlumdur ki, bu təbliğat ölkəmizə daha çox turistin cəlb olunması deməkdir.

Kino şöbəsinin müdiri Cahangir Məmmədov son illər kino sahəsindəki inkişafdan bəhs edərək konkret misallar söylədi, istehsalda olan filmlərin istehsal prosesləri və təqdimatı keçirilən filmlərin səviyyəsindən danışdı. Eyni zamanda müsabiqələr, festivallar, kinoteatrların təmiri və s. mövzulara toxundu. Filmfondda və Mozalan studiyasında aparılan kadr islahatlarından sonra bu müəssisələrin fəaliyyətindəki irəliləyişdən bəhs etdi. Nazir də kino ilə bağlı maraqlı faktlara toxundu: "Keçirdiyimiz ssenari müsabiqəsi bəzi adamların narazılğına səbəb olub. Şəxsən məndən də, şöbənin işçilərindən də inciyənlər var. Biz heç vaxt güzəştə getməyəcəyik. Ssenarini yaradıcı şura seçir. Müasir düşüncəli, gerçəkliyi göstərən ssenarilər olmalıdır. Təəssüf ki, bizə bu cür ssenarilər çox az təqdim olunur. Bu gün Azərbaycanda ssenarist kadrların hazırlanmasına ciddi ehtiyac var".

İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov təmir-tikinti işlərinə ayrılan vəsaitin ilbəil artığını söylədi. Bildirdi ki, bu rəqəm 2006-ci ildə 12 milyon manat idisə, bu il 5 dəfə artaraq 60 milyona çatıb. 2008-ci ildə təmir-tikinti işlərinə 200 milyon manat vəsait ayrılacağını qeyd etdi. Yaxın gələcək üçün rəqəmin 700 milyona yaxınlaşacağı gözlənilir.

Vəsaitin öz təyinatı üzrə səmərəli xərcləndiyini söyləyən Ruslan müəllim söylədi ki, təkcə Bakıda deyil, Şəki, Quba, Hacıqabul, Xızı, Lənkəran və başqa bölgələrdə mədəniyyət və turizm obyektləri tikilib və tikilir. Bakıda Muğam Mərkəzinin tikintisi başlanıb, artıq oktyabrda isə Xalça Muzeyinin tikintisi başlanacaq. Bundan əlavə, Lənkəranda böyük bir turizm kompleksi yaradılır, Giləzi və Nargin adalarında isə bu yöndə işlər aparılır. Təmir, tikinti və bərpa işlərinə xarici mütəxəssislərlə yanaşı əcnəbi şirkətlər də cəlb olunur.

Nazir Ə.Qarayev ölkədə aparılan təmir-tikinti işləri ilə bağlı 2 məsələni xüsusi olaraq diqqətə çatdırdı:

Birincisi, bərpa işlərini vaxtında və keyfiyyətlə başa çatdırmaq.

Ə.Qarayev: "Biz nazirliyin rəhbərliyi olaraq təmir-tikinti obyektlərini həftədə iki dəfə gəzirik. Ancaq siz, bu işə birbaşa cavabdeh olanlar hər gün təmir və tikinti gedən yerlərlə əlaqə saxlamalısınız. Xüsusən ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Sarayın yenidənqurma işlərinə dəqiq nəzarət etməlisiniz. Çünki bu saray nazirliyin fəaliyyətinin əsas ölçüsü olacaq".

İkinci vacib məsələ kimi nazir investisiya və texniki proqramlar şöbəsinin nəzdində tikinti və layihələrə nəzarət edən xüsusi bölmənin yaradılmasını qeyd etdi. Bu bölmə həm də tikinti üçün sərmayə qoyanlara yaxından kömək etməlidir.

Ə.Qarayev onu da bildirdi ki, sözügedən şöbənin işi olduqca gərgindir.

Nazir ölkədə tikilən bütün mədəniyyət və turizm obyektlərinin Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçməsinin vacibliyini də diqqətə çatdırdı.

Sonra kollegiya üzvlərindən Cəmilə Səttarova, Cəfər Qiyasi, Həsənağa Qurbanov, Sahib Həsənov çıxış edərək Mədəniyyət və Turizm Nazirliyinin son 6 aydakı fəaliyyətini yüksək qiymətləndirdilər və növbəti 6 ay üçün təkliflərini söylədilər. Nazir səslənən fikirlərin nəzərə alınacağını bildirdi.

Kollegiyanın digər üzvü, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəhs olunan mövzulara daha ətraflı toxunaraq bildirdi ki, teatrların repertuar problemi ilə yanaşı həm də kadr problemi var: Teatrlarımızda baş rejissor yoxdur, peşəkar inzibatçılar yoxdur. Bu il hörmətli nazirimiz Əbütfəs Qarayev məsələ qaldırandan sonra nəhayət ki, tələbələrin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi məsələsi müzakirə olundu. Hazırda bu məsələ həyata keçmək üzrədir. Teatrlarımızın binası təmirdən sonra yeni mövsüm üçün açılacaq. Yaxşı repertuar yoxdur..."

Ə.Vəliyev ümumən dramaturgiya probleminə toxunaraq bildirdi ki, bu gün yaxşı dramaturq, bir-iki nəfər istisna olunmaqla, demək olar ki, yoxdur. Bu da təbii ki, teatrların repertuarına öz mənfi təsirini göstərir.

Nazir müavini gənc rejissorlarla işin uğurlu nəticələrindən danışdı və bu cür tədbirlərin davam etdirilməsini məsləhət gördü. Eyni zamanda bölgələrdə kadr çatışmazlığını diqqətə çatdıraraq bildirdi ki, rayonlara işçi göndərmək çox çətindir. Çünki sənət bu adamların minimum ehtiyaclarını belə ödəmir.

Ə.Vəliyev teatrlarda islahatlar aparılmasının zəruriliyini də diqqətə çatdırdı: "Özünü doğrultmayan teatrların fəaliyyətinə ehtiyac yoxdur. Özümüzü aldatmağın nə mənası var. Məncə, biz bu cür obyektlərin bağlanmasından və ya birləşdirilməsindən çəkinməməliyik. Dövlət Teatrlarının sayının azalması, Bələdiyyə teatrlarının sayının artması gələcək iş planına bu məsələ də daxil edilməlidir".

Nazir müavini abidələrin yenidən siyahıya alınması məsələsinə və kino sahəsindəki yeniliklərə də toxundu. O, 7 filmin istehsalatda olduğunu, 1 filmin isə bu yaxınlarda istehsalata buraxılacağını söylədi. Eyni zamanda qeyd etdi ki, bəhs olunan problemlərə baxmayaraq Mədəniyyət və Turizm Nazirliyinin ümumi iş tempi qənaətbəxşdir və yaxın gələcək üçün qarşıdakı problemlərin əksəriyyəti həll olunacaq.

Sonda Mədəniyyət və Turizm naziri bir daha çıxış edərək ötən kollegiyalarda qərara alınan bəzi məsələlərin həyata keçirilməməsi ilə bağlı kəskin iradlarını bildirdi və qeyd etdi ki, öz iş fəaliyyətində kollegiya qərarlarına hörmət etməyən şəxs demək ki, işinin öhdəsindən gələ bilmir.

Nazir bütün aparat işçilərini btr daha məsuliyyətli olmağa çağırdı.

 

Kino+.- 2007.- 31 avqust.- S. 4.