Cabbarlı A.

 

Azərbaycanda turizm inkişaf yolundadır

 

Bu yolu rahat keçmək üçün problemlərin həllinə əsl təsərrüfatçı baxışı, vətəndaş münasibəti gərəkdir


Azərbaycan regionun ən inkişaf etmiş qüdrətli dövləti kimi turizm sahəsində də qazanılan irəliləyişlərlə öyünə bilər.
İndi dövlətimizin bu sahədə yürütdüyü müstəqil siyasət uğur qazanmağa əlverişli şərait yaradır. Əgər 2002-ci ildə ölkəmizə 450 min turist üz tutmuşdusa, 2006-cı ildə bu rəqəm 1 milyonu keçmişdir. Azərbaycanda turizmin inkişafına dair hazırlanan Dövlət Proqramı qarşıdakı 10 ildə bu sahədə nəzərə çarpan bir sıra problemləri həll etməyə imkan verəcək.
Bu il turizmin inkişafı ilə bağlı ölkəmizin müvafiq qurumları bir sıra yaddaqalan addımlar atıblar. Son dörd-beş ayda 10 Beynəlxalq turizm sərgisinin iştirakçısı olan Azərbaycan ABŞ, İtaliya, İspaniya, Gürcüstan, Rusiya, İran, Almaniya, Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrlə əməkdaşlıqdan hərtərəfli bəhrələnməyə səy göstərir. Ümumdünya Turizm Təşkilatının üzvü olan ölkəmizdə fəaliyyət göstərən 260 turist şirkətinin işinin düzgün əlaqələndirilməsi, turizm siyasətinin mövcud standartlara uyğun qurulması Azərbaycana turist axınını gücləndirir. Bu isə özü-özlüyündə bir sıra aktual problemlərin həllinin sürətləndirilməsini zəruri edir.
Hələ 1994-cü ilin sentyabrında beynəlxalq neft müqavilələrinin imzalanması ilə dünyanın bir sıra nüfuzlu sənaye qurumları ilə yanaşı, turizm biznesinin də Azərbaycana üz tutması təbii xarakter aldı. İşgüzar turistlərin ölkəmizə axını xarici neft şirkətində çalışanların qazandığı böyük miqdarda gəlirin bir hissəsinin vətənimizdə qalmaq şansı kimi də yozula bilər. Turizmə qoyulan sərmayənin öz real ifadəsini müasir yolların çəkilişində, aeroportların, dəmir yol və avtobus vağzallarının tikintisində, su təchizatında, ümumən müasir infrastrukturun yaradılmasında tapdığını nəzərə alsaq, ölkəmizin hansı iqtisadi, həm də siyasi dividentlər əldə edəcəyini düşünmək bir o qədər asanlaşar. Azərbaycanda turizmin bir sıra növlərinin inkişafı üçün isə, həm təbii, həm də sosial, siyasi, iqtisadi və intellektual bazanın mövcudluğunu nəzərdən qaçırmaq olmaz.
İndi ölkəmizdə Turizmin İnkişaf Proqramına daxil olan layihələrin gerçəkləşdirilməsi istiqamətində uğurlu addımlar
atılır. Perspektivli işlər kimi ekoturizmə geniş meydan verilməsi, otellərin, turizm mərkəzlərinin tikintisi, xarici investisiyaların əlverişli şərtlərlə ölkəyə cəlb edilməsi və digər mühüm faktorları misal göstərmək olar. Otel tikintisinin illik artım sürətini rəqəmlər də sübut edir. 6 il əvvəl respublikamızda 4 motel və 2 digər təyinatlı obyektlər də daxil olmaqla cəmi 86 mehmanxana işləyirdisə, 2006-cı ildə 143 mehmanxana, 23 motel, 122 müxtəlif təyinatlı obyekt fəaliyyət göstərirdi. Əgər 2001-ci ildə qonaqların və turistlərin rahatlığı üçün yerlərin sayı 9403 idisə, ötən il bu rəqəm 24706-ya çatıb. 2006-cı ildə dövlət büdcəsinə köçürülən vəsaitin 10 milyon manata çatdırılması isə sahənin inkişaf göstəricisi kimi dəyərləndirilə bilər.
Azərbaycanın gözəl təbiəti, əlverişli geopolitik vəziyyəti, qonaqpərvər əhalisi, zəngin mədəni irsi turizmin inkişafına hərtərəfli stimul yaradır. Bu sahədə qabaqcıl ölkələrin qazandığı təcrübənin və sınaqdan çıxmış texnologiyaların tətbiqi, yeni metodologiyalara müraciət, geosiyasi üstünlüklərdən bəhrələnmək məharəti və digər amillər Azərbaycanda turizm sənayesinin sıçrayışına kömək edə biləcək faktorlardandır. Bunun üçün isə xırda məsələlərə və böyük problemlərə əsl təsərrüfatçı baxışı, vətəndaş münasibəti və yanğısı gərəkdir. Bu istək həmişə və hər yerdəmi özünü döğruldur?
Ölkəmizə gələn turistlər, qonaqlar ilk növbədə hər sahədə bir rahatlıq, əlverişli şərait arzulayırlar. Yurdumuza səmtlənən turist marşrutlarının artması bir sıra mühüm amillərlə şərtlənir.
Aeroportdan tutmuş turist mərkəzlərinədək uzanan yolların vəziyyəti, ekoloji durum, yaşayış məntəqələri boyunca göstərilən iaşə, tibbi və mədəni xidmət, yol nişanları, əhali ilə ünsiyyət vasitəsi olan ortaq dil məsələsi və sairə. İnfrastrukturda nəzərə çarpan hər hansı çatışmazlıq turistlərin ölkəmiz haqqındakı təsəvvürünü asanlıqla dəyişə bilər. Bu amillər turizm biznesində xüsusilə nəzərə alınmalıdır. Amma gəlin gözümüz önünə gətirək, turist marşrutları keçən yollar müasir tələblərə cavab verirmi? Hər yerdə komfort axtaran xarici qonağımızın başını nəylə qatasan ki, Allah bilir neçənci dərəcəli yola çevrilmiş magistralın vəziyyətindən xəbərsiz qalsın. Yaxud 4-5 saatlıq yolda hansısa bir rahat ictimai-iaşə obyekti varmı ki, turistlərin müvəqqəti istirahəti üçün isti suyu, çayı, kofesi, südlü sıyığı ilə diqqəti cəlb etsin?! Axı, heç də hamı qup-quru qabırğa kababı xoşlamır. Bəlkə kiminsə ürəyindən milli Azərbaycan xörəkləri, cürbəcür təamlar keçir. Yolboyu sıralanan obyektlərdə isə, kababdan başqa heç bir yemək təklif olunmur. Bu da bir reallıqdır - amma arzuolunan yox.
Bu yazı çapa hazırlanarkən regionlardakı turizm mərkəzlərindəki vəziyyətlə bağlı bölgə müxbirlərinin redaksiyamıza göndərdikləri məlumatlardan istifadə etdik. Keçən il noyabr ayında ölkə başçısı İlham Əliyev Gədəbəy rayonunda olarkən demişdi: "Gədəbəyin çox gözəl təbiəti, çox gözəl iqlimi var. Burada turizmin inkişafı üçün çox böyük işlər görmək olar. Mən hesab edirəm ki, əgər biz bu məsələlər üzərində birlikdə, səmərəli işləsək, qısa müddət ərzində bu gözəl diyar turizm üçün də çox cəlbedici ola bilər". Respublika Prezidentinin tövsiyə və tapşırıqları ilə əlaqədar Slavyanka kəndində - "Bala Narzan" ailəvi istirahət kompleksi yaradıldı, indi isə "Böyük Narzan"da son tamamlama işləri gedir. Rayonda turizmin inkişafı üçün hər cür imkan və şərait var. Ona görə də turizm cığırları getdikcə uca dağlara, şəfalı yaylaqlara, sərin bulaqlara, Qızıl Torpaq bölgəsinə, Şınığa, Qalakəndə, Novosaratovkaya və neçə-neçə digər yerlərə doğru uzanır. Bircə yol məsələsi narahatlıq doğururdu. Respublika Prezidenti bölgədə olarkən göstəriş verdi ki, Şəmkir-Gədəbəy yolu əsaslı surətdə yenidən qurulsun. Deməli, dağlar diyarı Gədəbəydə turizm sürətlə inkişaf edəcək.
Gəncədə də müəyyən işlər görülür. Müasir tələblər səviyyəsində aeroport istifadəyə verilib, şəhərə doğru ikitərəfli yol çəkilib. Elə həmin ərazidə beşulduzlu otel tikilir. Tarixi memarlıq abidələri bərpa olunur, xalqımızın qədim tarixini, milli dəyərləri əks etdirən abidələr ucaldılır. Bütün bunlar turizmin inkişafı üçün xüsusilə önəmlidir. Ancaq ümumilikdə Qərb bölgəsində turizmin vəziyyəti heç də arzuolunan səviyyədə deyil. Görünür bu da bütövlükdə zonanın -xüsusən Qazax, Ağstafa, Tovuz, Xanlar, Goranboy rayonlarının cəbhə bölgəsində yerləşməsi ilə bağlıdır.
Qərb bölgəsi əsasən Göygöl və şəfalı Hacıkəndlə tanınır. Çox təəssüf ki, bu yerlərdə turizmin inkişafı üçün heç bir tədbir görülmür. Neçə vaxtdır ki, Göygöl-Hacıkənd milli parkının yaradılmasının vacibliyindən söhbət gedir, lakin reallaşmaq bilmir. Hamının həvəslə can atdığı Göygöl dövlət qoruğu ərazisində yerləşdiyinə görə ora adamlar buraxılmır. Hacıkənd qəsəbəsi də baxımsızlıq üzündən dağılıb gedir. Bütün yol boyu meşələri Ağsu aşırımında olduğu kimi qanunsuz ticarət obyektləri bürüyüb. Ölkənin ayrı-ayrı regionları üzrə, eləcə də qərb bölgəsində vahid turizm sisteminin, marşrutlarının, istirahət-əyləncə məntəqələrinin təşkili üçün müvafiq proqramın hazırlanması vacibdir.
Şəki-Zaqatala bölgəsi zəngin turizm potensialı ilə seçilir. Böyük Qafqaz silsiləsi, gur sulu çaylar, şəlalələr, zümrüd donlu meşələr, başlıcası qonaqpərvərliyi ilə ad qazanan əhali bu yerlərə turist axınının ilbəil artmasına stimul yaradır. Bəs göstərilən xidmət, kommunal rahatlığı necədir?
Şəkidə fəaliyyət göstərən obyektlərin çoxunda xidmətin səviyyəsi qənaətbəxşdir. Xüsusilə şəhərin mərkəzində müasir standartlara cavab verən "Şəkisaray" mehmanxanasının fəaliyyətini qeyd etmək lazımdır. Doqquzmərtəbəli "Şəki" mehmanxanasının hazırda 15 otağı fəaliyyət göstərir. Lakin bu otaqların vəziyyəti turistləri qane etmir. "Marxal" istirahət mərkəzində yeni kotteclər tikilməkdədir. Mərkəzin rəhbərliyindən bölgə müxbirimizə bildiriblər ki, bu kotteclərin tikintisi başa çatdıqdan sonra köhnə otaqlar tamamilə təmir olunacaq. Bu obyektlərlə yanaşı, Şəki şəhərində 45-ə yaxın ev yerli və xarici turistlərə icarəyə verilir. Bununla belə Şəki şəhərinin ərazisində heç bir turizm obyektinin reklam lövhələri və ya göstəricilərinə rast gəlinmir. Bununla bağlı obyekt rəhbərlərinə tövsiyələr verilmişdir. Bu günədək Şəki Turizm İnformasiya Mərkəzinə direktor təyin olunmaması bu qurumun fəaliyyətini məhdudlaşdırır.
Şəki şəhərindən 30 kilometr aralıda Fazlı kəndində yerləşən "Tərəbaşı Nekropolu və yaşayış yeri" tarixi abidəsi eramızdan əvvəl VII əsrdən bizim eramızın
II-III əsrlərinə aid edilir. Abidədən həmin dövrlərə məxsus insan qəbrləri, dəfn mərasimini əks etdirən əşyalar aşkar olunmuşdur. Turizim obyekti kimi, yerli və xarici qonaqların marağına səbəb olacaq Nekropolun təmir olunması, yeni eksponatların aşkarlanması, abidənin yerləşdiyi Fazlı kəndinə gedən yolun təmiri xeyli vəsait tələb edir. Xatırladaq ki, bu ilin aprel ayında Almaniya və Avstriyadan gələn nümayəndə heyətləri də Şəkidə həmin abidə ilə tanış olmuş, Nekropolun tarixi ilə maraqlanmışlar.
Zaqatala, Qəbələ, Qax, Oğuz və İsmayıllı rayonlarında da xarici turistləri maraqlandıran tarixi memarlıq abidələri kifayət qədərdir. Bu yerlərin təbiəti, coğrafi mövqeyi turizmin inkişafı üçün çox əlverişlidir. Sadəcə yerli icra strukturlarının, iş adamlarının, bələdiyyələrin birgə, məqsədyönlü fəaliyyəti gərəkdir ki, ölkəyə gələn turist axınının istiqamətini bu bölgəyə də yönəltmək mümkün olsun.
Bütün bunlar öz yerində. Müxbirlərimiz və redaksiyamıza müraciət edən oxucularımız bir mühüm məsələni də xüsusi vurğulayırlar ki, bölgələrdə fəaliyyət göstərən turizm mərkəzləri, istirahət ocaqları sanki yalnız xaricdən və paytaxtdan gələn imkanlı, varlı-hallı, yaxud vəzifəli insanlar üçün nəzərdə tutulub. Buradakı qiymətlər isə necə deyərlər, adamın üzünə durur. Bu həm yemək-içməyə, həm də gecələməyə, istirahətə aiddir. Qiymətləri kim müəyyənləşdirir, kim tənzimləyir, kim nəzarət edir, məlum deyil. Gəlir vergisi necə, hansı şərtlərlə ödənilir, bu da bilinmir. Tutulan iradlar isə bir qayda olaraq "xoşun gəlmir, gedə bilərsən" komandası ilə, yaxud hansısa imkanlı və nüfuzlu adamın kölgəsinə sığınmaqla müşayiət olunur. Oxucularımız Azərbaycandakı qiymətlərin qonşu Türkiyədəkindən, Şimali Qafqaz və Ukraynadakından artıq olduğundan gileylənirlər. Əlbəttə, bir gecə üçün 50-100 ABŞ dolları civarında haqq ödəmək heç də hər kəsin ürəyindən deyil. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirir ki, bizdə turizm son beş ildə inkişaf edib, təcrübəmiz hələ azdır. Türkiyənin isə bu sahədə zəngin iş üsulu var, ən azı bizdəkindən beş qat artıq. Bizdə obyektlər də hələ azdır. Qiymətlər buna görə yüksəkdir, gələcəkdə yəqin ki, tənzimlənər.
Güman edirik ki, hazırda üzərində iş gedən "Sanatoriya və kurortlar haqqında" qanun layihəsində bu məsələlərin müsbət həlli ilə bağlı fikirlər öz əksini tapacaq. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirir ki, təbiətimizin qorunması, yeni iş yerlərinin açılması, həmyerlilərimizin ölkəmizdə dincəlməsi, gəlirin özümüzə qalması baxımından yeni qanunun qəbulu əvəzedilməz bir addım olacaq. Yeni qanun layihəsinin gələn sessiyada müzakirəyə çıxarılması gözlənilir.
Oxucularımız yaxşı xatırlayırlar, əvvəllər yaz-yay fəsillərində istirahət günləri paytaxtdan çıxan avtobuslar bir kollektivdə çalışan insanları, ailələri, tələbələri təbiətin qoynuna, mənalı istirahət üçün əlverişli şəraiti olan ünvanlara çatdırardılar. İndi çox təəssüf ki, bəzi işbazlar əkin sahələri ilə yanaşı meşələri, çay kənarlarını, vadiləri, ormanları da zəbt ediblər. Hər yeri hasarlayır, malikanə tikir, az qala bulaqları, meşələri, yerin-göyün hamısını özəlləşdirirlər. Ağsu aşırımı başdan-başa kababxanadır. Şamaxıda bulaqlar vardı - Axçalı bulaq, Soyuq bulaq, Novlu bulaq. Çuxuryurd, Nağaraxana kəndlərində, ətraf ərazilərədə, Pirquluda ailəvi istirahət guşələri adama gəl-gəl deyərdi. İndi bu yerlər də özəlləşdirilib. İsmayıllıda, Qəbələdə, Oğuzda, Qaxda, Zaqatala və Balakəndə də eynilə bu cür mənzərənin şahidi olmaq mümkündür. Yerli icra strukturları, bələdiyyələr isə bu tuthatuta, təbiətə konyunktur və utilitar münasibətə sadəcə müşahidəçi kimi baxırlar. Bu faktlar yalnız bir regiona aid olsa da, əslində çox yerlər üçün xarakterikdir.
Azərbaycan bizim hamımızın anamızdır. Analar isə övladının heç birinə fərq qoymaz, varlı, yaxud kasıb olsun, ana üçün hər kəs əzizdir, hər birinə isti qucaq açar. Bəs biz övladlar necə, anamız Azərbaycanın ağuşunda ürəyimiz kimi dincələ, rahatlana bilirikmi?!
Ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən radikal islahatlar yəqin ki, bu sualı müsbət cavablandırmağa imkan verəcək.

Azərbaycan.-2007.-11 avqust.-S.5.