Əhmədov Q.
Beynəlxalq turizm marşrutu Qubadan keçir
Xəbər verildiyi kimi, respublika Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə
hazırlanan "Aleksandr
Düma (Ata) Qafqazda" beynəlxalq mədəniyyət-turizm marşrutu üzrə layihəni Avropa Şurası dəstəkləmişdir.
Avropa İttifaqının
2007-2009-cu illər üçün
nəzərdə tutulan
"Kiyev təşəbbüsü"
regional proqramı çərçivəsində həyata keçiriləcək
layihə Azərbaycan,
Gürcüstan və
Rusiyada turizmin inkişafına yönəldilmişdir.
Layihə 1858-ci ilin payızında Qafqazda olmuş və bu barədə "Qafqaz səfəri" adlı gözəl bir kitab yazmış
böyük fransız
yazıçısı Aleksandr
Dümanın səyahət
marşrutunu dirçəldəcəkdir.
Marşrut Dağıstanın
Qızlar şəhərindən
başlanıb, Quba-Bakı, Bakı-Şamaxı-Şəki istiqamətlərini əhatə
edəcək və Gürcüstanın Poti şəhərində başa
çatacaqdır. Layihənin strategiyası
ixtisaslı bələdçilərin
hazırlanmasını, yazıçının
səyahətləri haqqında
sənədli və animasiya filmlərinin çəkilməsini, informasiya
və suvenir məhsullarının hazırlanmasını,
marşrut boyu mehmanxana və restoranlarının açılmasını
nəzərdə tutur.
Bu münasibətlə
Quba rayon mədəniyyət və
turizm şöbəsinin
təşəbbüsü ilə təxminən 150 il əvvəl bir payız axşamı qubalıların
qonağı olmuş
ədibin gecələdiyi,
istirahət etdiyi ünvanlar dəqiqləşdirilir,
maraq göstərdiyi və istifadə etdiyi predmet və əşyaların suvenir nümunələri hazırlanır.
Ədibin çimdiyi
"Gümbəzli hamam"
təmir edilmişdir.
Xəbər verildiyi kimi,
Aleksandr Dümanın
nəticəsi ulu babasının Rusiya və Qafqaza səfər marşrutu üzrə səyahətə
çıxmış və
4-5 ay əvvəl Qubada olmuşdur. Ədibin nəticəsi
150 il əvvəl ulu babasının keçdiyi "Taclı körpü"də və digər ünvanlarda xatirə şəkli çəkdirmişdir.
Tarixi sənədlər
göstərir ki, A.Düma 1858-ci ilin ikinci yarısından 1859-cu
ilin əvvəlinə
qədər Rusiyada və Qafqazda olmuşdur. Səyahətinə
Peterburqdan başlayan yazıçı Moskva, Nijni-Novqorod, Kazan, Saratov, Həştərxan,
Qızlar, Dərbənd,
Quba, Bakı, Şamaxı, Nuxa və Tiflisdən keçərək Potiyə
gəlmiş, Potidən
İstambula, oradan da Marselə getmişdir. Yazıçı
Vətənə döndükdən
sonra "Rusiyada",
Azərbaycanla bağlı
"Qafqaz səfəri",
"Qar yığını"
və "Sultanetta"
adlı əsərlərini
yazaraq nəşr etdirmişdir. "Qafqaz səfəri" 1859-cu ildə
Parisdə fransızca,
1861-ci ildə Tiflisdə
rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunmuşdur.
Kitabın Azərbaycanla əlaqədar
hissəsində yazıçı
qədim Dərbənd
şəhəri və
orada yaşayan azərbaycanlılardan, Quba,
Bakı, Şamaxı,
Nuxa şəhərlərinin
tarixi abidələrindən,
mədəniyyət və
adət-ənənələrimizdən,
bazarlarımızdan, Azərbaycan
ipəyindən, silahlarımızdan,
zərgərlərimizin misilsiz
əl işlərindən,
kabab, cızbız, plov və digər
milli Azərbaycan xörəklərindən, Şamaxıda
şahinlə qırqovul
ovundan, Nuxada qoç döyüşündən,
qara zurnanın müşayiəti ilə
pəhləvanlarımızın güləşindən, rəqslərimizdən,
Sumqayıt yaxınlığında azərbaycanlıların
onu duz-çörəklə
qarşılamalarından, Şamaxıda
Mahmud bəyin evində təşkil olunmuş musiqi məclisindən, Suraxanıda
qonaq qalmağından,
Natəvan və başqa tarixi şəxslərlə görüşlərindən
ürək dolusu danışır. O, Azərbaycanın
təbiətindən və
insanlarından məftunluqla
söz açır, Xəzər, Kür, Samur, Qudyalçay və Şahdağ barədə fikirlərini
ilhamla qələmə
alır.
Yazıçı azərbaycanlıların
həssas, səmimi, qayğıkeş, ağıllı,
qonaqpərvər, mehriban,
sözübütöv, dəyanətli,
mərd, qədd-qamətli, gözəl olduqlarını xüsusi
qeyd edir. A.Düma göstərir ki, elə xalqlar
var ki, öz
əli ilə imza qoyduğu, möhür vurduğu sənəddən də boyun qaçırır. Azərbaycanlılarda isə
kişi sözü var. Onlarla bir
şey barədə sövdələşəndə sənəd, imza, möhür tələb etmək lazım deyil. Azərbaycanlı verdiyi sözdən heç vaxt dönməz. Maraqlıdır
ki, kitabın həm fransızca, həm də ingiliscə nəşrində
kişi, xəncər,
papaq, börk, karvansara, peşkəş,
başmaq, batman, arxalıq, qonaq, şişlik və sair sözlər Azərbaycan dilində olduğu kimi verilmişdir. Azərbaycan
bazarı yazıçını
heyran etmişdir:
"Gördüyüm küllü
miqdarda bazarların içərisində üçü
mənim ən çox xoşuma gəlib. Mən Tiflis bazarını da müstəsna etmirəm. Bunlardan biri Dərbənd, biri Bakı və biri də
Nuxa bazarıdır...
Bu qənaətə gəldim ki, bazar Şərq şəhərlərinin ürəyidir.
Hərəkət də,
həyat da ordadır".
Bəşəriyyətin beşiyi
adlandırdığı Qafqaz,
xüsusən də Azərbaycan, onun təbiəti və insanları yazıçının
ürəyində dərin
iz buraxmış,
"Nə olaydı mənə bir də bu yerlərə
gəlmək qismət
olaydı!" demişdir.
El-obamızın ab-havasına, bol suyuna, təbii
mənzərələrinə məftun olan yazıçı heyranlığını
gizlətmir və Azərbaycandan ayrılarkən
bu ayrılığa təəssüflənir.
Aleksandr Düma Qubada və Dərbənddə olarkən
ondan düz 26 il əvvəl bu yerləri böyük hörmət və heyranlıqla gəzib öyrənmiş
görkəmli dekabrist
yazıçı Aleksandr
Bestujev-Marlinskini (1797-1837) xatırlayır.
Məlum olduğu kimi, 7 il Qafqazda,
əsasən qədim
Dərbənd və Quba şəhərlərində
olmuş A.Bestujev - Marlinski Azərbaycanı
"yer üzünün
cənnəti" adlandırmış
və onu "başqa yerdə axtarmayın, o, burada, Azərbaycandadır"
demişdir. Azərbaycanın təbiətinə və onun sadə,
azadlıqsevər insanlarına
vurulmuş "İsgəndər
bəy" (Dərbənd
camaatı onu bu adla çağırırmış)
M.F.Axundov və A.A.Bakıxanovla dostluq etmiş, sadə xalq arasında özünə çoxlu
dost, tanış və hörmət qazanmışdır. Azərbaycan
dilini mükəmməl
öyrənmişdir.
A.Bestujev-Marlinsikinin Azərbaycan həyatına
və xüsusən Qubaya həsr olunmuş povestləri, oçerkləri, yol qeydləri, memuar xarakterli əsərləri
yüz əlli ildən çoxdur ki, təkrar-təkrar nəşr edilir və oxucuların hər yeni nəslinin səmimi rəğbətini
qazanır. "Qafqaz povestləri" silsiləsinə daxil olan "Ammalat bəy", "Molla Nur" əsərlərində,
"Xəzərlə ayrılıq",
"Quba yolu",
"Qonaqkəndi keçməklə
Dağıstandan Şirvana
dağ yolu", "Köhnə Şamaxı yolunda sonuncu stansiya", "Topçu
stansiyasından Qutqaşenə
keçid", "Almalı
stansiyasından Muğanlı
postuna qədərki yol" oçerklərində üsyankar xalq qəhrəmanlarının
yaddaqalan obrazları yaradılır. Azərbaycan,
onun təbiəti, şəhərləri, tarixi
abidələri, el məişəti, yerli adət-ənənələri
barədə maraqlı
məlumat verilir.
Quba qədim qonaqpərvərlik ənənələrini
bu gün də yaşadır və inkişaf etdirir. Rayonda müasir standartlara cavab verən turist xidmət obyektləri ilbəil artır. Quba rayon mədəniyyət
və turizm şöbəsinin müdiri
Elxan Məhərrəmov
söhbət əsnasında
bildirdi ki, hazırda rayonda turizmin inkişafı əsasən üç istiqamətdə fəaliyyət
göstərir: Quba-Təngəaltı-Xaltan,
Quba-Qəçrəş-Minarə, Quba-Cek-Xınalıq. Göstərilən marşrutlar üzrə xidmət obyektlərində
təmizlik və abadlıq işləri aparılmış, yollar təmir edilmiş, zəruri ekoloji tədbirlər görülmüşdür.
Hazırda rayonda mövcud
olan 160-dan çox tarix, mədəniyyət,
memarlıq, arxeoloji abidə turistlərə nümayiş etdirilir.
Quba rayonu ərazisinin əksər hissəsini meşələr təşkil
edir. Yay mövsümündə rayona gələn turistlərin çox hissəsi meşə ərazisində istirahət
edir. Odur ki, meşə
və meşə ətrafı ərazilərə
xüsusi diqqət yetirilir, ətraf tullantılardan təmizlənir.
Rayonda turizmin yüksək səviyyədə inkişaf
etdirilməsi, turistlərə
göstərilən xidmətin
səviyyəsini qaldırmaq
məqsədi ilə turist xidməti obyektlərində çalışan
işçilərin ixtisas
hazırlığına xüsusi
diqqət yetirilir.
Bu il "Uzunmeşə",
"Cənnət bağı",
"Quba" və
"Balbulaq" istirahət
zonalarında turistlərə
əlavə xidmətlər
təşkil olunmuşdur.
Burada və Quba idman
olimpiya kompleksində istirahət edən turistlər idman meydançalarından və
hovuzlardan gen-bol istifadə edirlər.
Rayonda turist xidməti obyektlərində çalışanlar
üçün mütəxəssislərin
iştirakı ilə
seminar-treninqlər keçirilmişdir.
Bunun nəticəsidir ki, rayona istirahət və səyahətə gələnlərin sayı
ilbəil artır.
Turizm sektorunun inkişafı
rayon rəhbərliyi tərəfindən
iqtisadiyyatın öncül
istiqamətlərindən biri
kimi müəyyənləşdirilmişdir.
Sahənin hərtərəfli inkişafı, rayonun turizm imicinin yüksəldilməsi məqsədi
ilə yeni istirahət obyektlərinin
infrastruktur şəbəkəsi
təkmilləşdirilir. Hazırda bütün mehmanxana obyektləri lisenziyalaşdırılır,
onlara "ulduz" dərəcəsi göstərilməklə
sertifikatlar verilir.
Xidmət yüksəldikcə, bölgəyə gələn
turistlərin sayı ilbəil artır və mütəxəssislərin
fikrincə, yaxın illərdə onların sayının milyon nəfərə çatacağı
gözlənilir.
Azərbaycan.-2007.- 8 avqust.-S.6.