Nəcəfxanlı Ə.

 

Cənub bölgəsi turizm məkanına çevrilir

 

Hazırda burada yay istirahətinin qızğın vaxtıdır
Ölkəmizin iqtisadi dirçəlişi bir çox sahələrin, o cümlədən mədəniyyət və turizmin inkişafına güclü təkan verir. Bölgələrimizdə beynəlxalq standartlara uyğun turizm bazası formalaşır. İş adamları da turizm infrastrukturunun yaradılmasına maraq göstərirlər. Artıq 6 ildir ki, Azərbaycan Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul edilib. Turizmin inkişafı üzrə ilk Dövlət Proqramı (2002-2005-ci illər) uğurla tətbiq olunub. Hazırda on illik növbəti belə proqram həyata keçirilməkdədir. Regionların inkişafı Dövlət Proqramında isə 30-a qədər bənd turizm obyektlərinin tikilməsinə həsr edilib.
Cənub bölgəsinin turizm imkanları xüsusilə genişdir. Zəngin flora və fauna, istirahət üçün yaradılan hərtərəfli şərait turistlərə “gəl-gəl” deyir. Ötən ilin oktyabrında Lerikə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev yenicə tikilmiş turizm-istirahət mərkəzinə də gəlib. Dövlətimizin başçısı mərkəzlə yaxından tanış olub, turizm həvəskarlarına dəyərli tövsiyələr verib. Turizmin inkişafı üçün mövcud olan şəraitdən daha səmərəli istifadə etməyin zəruriliyini vurğulayıb: “Lerik rayonunun çox gözəl imkanları var, çox gözəl təbiətə malik məkandır. Bundan səmərəli istifadə etməliyik. Turizmin inkişafına çox böyük diqqət göstərilməlidir”. İndi leriklilər Prezidentin bu göstərişini uğurla yerinə yetirirlər. Rayonun yeni rəhbərliyi turizmin genişlənməsinə diqqətini, qayğısını əsirgəmir.
Lənkəran-Lerik magistral yolunda neçə-neçə yeni turizm obyekti tikilib. Dövlət Proqramında 50 nəfərlik “Uzunömürlülər diyarı” turizm mərkəzinin də tikilməsi nəzərdə tutulub...
Marşrutlar maraq doğurur
Bu il turizm mövsümü ərəfəsində Lənkəranda turizm informasiya mərkəzinin açılması sosial davranış növü və gəlirli xidmət sahəsi kimi böyük perspektivlər vəd edən turizmə ciddi münasibətdən soraq verir. Lənkəran Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vasif Fərzullayev deyir ki, ölkəmizin qonaqlarının bölgəyə marağı böyükdür. Təmiz iqlim şəraitinə, zəngin təbii sərvətlərə, nadir tarixi və mədəniyyət abidələrinə malik Lənkəran şimal və şərqdən Xəzər dənizi, qərbdənTalış sıra dağları ilə əhatə olunub. “Cənub mirvarisi” adlanan Lənkəranda “Qala”, “Qızıl tac”, “Dalğa” otelləri, “Palıdlı sahil”, “Bəşəri”, “Xanbulan” turizm-istirahət mərkəzləri, Haftoni qəsəbəsində təbii isti su pansionatı, milli park, qoruq fəaliyyət göstərir. Turizm marşrutları boyunca yollar səliqəsi və təmizliyi ilə diqqət çəkir. Bu obyektlərin müxtəlif turizm şirkətləri ilə müqavilələri var. “Xanbulan” mərkəzinin “Lənkəran bu gün” 6 saatlıq, 100 km-lik, “Talış dağları qoynunda” 9 saatlıq, 120 km-lik avtomobillə , “Hirkan” milli parkına 6 saatlıq piyada ekskursiya marşrutları daimidir. Belə marşrutlar “Qala” oteli və “Palıdlı sahil” istirahət mərkəzi tərəfindən də təşkil olunur. “Qala”nın və Mamusta qonaq evinin kompyuter, bilyard zalları, üzgüçülük hovuzları daim turistlərin xidmətindədir.
Lənkəranın turizm marşrutlarına daxil olan abidələrdən “Şeyx Zahid” türbəsində, tarix-diyarşünaslıq muzeyində, xalq sənətkarlığı şəhərciyində, “Xəlifə” türbəsində təmir-bərpa işləri yüksək zövqlə görülüb. “Dairəvi qala” (Zindan) memarlıq abidəsində layihə üzrə geniş bərpa işləri davam etdirilir. Turizmin təbliği məqsədilə abidə və marşrut obyektlərinin bukletləri və xəritələr hazırlanır. Dulusçuluq, həsirtoxuma və xalçaçılıq məhsulları turistlərə, digər qonaqlara təqdim edilir. Maraqlıdır ki, Avstriyadan gəlmiş mütəxəssislər Sutəmurdov sahil zolağında turizm obyekti tikmək istəyi ilə əraziyə baxış keçiriblər. Bölgədə turizmin inkişafı perspektivləri tükənməzdir. Ona görə də Lənkəran Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə tədbirlər planında bələdçilərin hazırlanması üçün kursların təşkili nəzərdə tutulub. Xatırladaq ki, ötən il nazirlik tərəfindən ofisiantlar üçün təşkil olunmuş kursda yeddi lənkəranlı da iştirak edərək sertifikat alıb.
Lənkəranda istirahət edən Türkiyə vətəndaşı İlknur SOYLU bu yerlərdən heyranlığını gizlətmədi:
-  Bir həftədir ki, buradayıq. Xəzərin sahili, meşələr əsrarəngiz təsir bağışlayır. Yerli adamlar, xidmətimizdə duranlar öz mehribanlıqları ilə qəlbimizi ələ alıblar. Görməli yerlər çoxdur. Vaxtımız şən keçir. Sizin mətbəxin təamları misilsizdir. Yalnız turizm təşviqatı Türkiyədə olandan bir qədər zəifdir. Əsası odur ki, qısa vaxtda turizmi xeyli irəli apara bilmisiniz. Bizim Antalya, Bodrum kimi yerlərdə turizmin tarixi var, oralara yüz minlərlə müsafir gəlir. İnanıram ki, tezliklə Azərbaycanın gözəl guşələri, həmçinin Lənkəran da beynəlxalq turizm mərkəzinə çevriləcək. Hava limanı, dəniz limanı tikilib qurtarandan sonra buraya axın güclənəcək.
Üzü dağlara-dağlara...
Masallıda turizm sektorunun genişlənməsi günün reallığıdır.
Hazırda bu rayonda istirahət mövsümünün qızğın çağıdır. Rayon mərkəzindən üzü dağlara getdikcə neçə-neçə müasir istirahət guşəsi ilə rastlaşırsan. Yaşıllıqlar qoynunda qərar tutmuş “Gülüstan” istirahət mərkəzi bu il Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi lisenziya almış iki obyektdən biridir. Qəriblər kəndinin yaxınlığında yerləşir. “Gülüstan”ın kottec tipli 24 nəfərlik yaşayış yeri var. Hər cür kommunal şərait yaradılıb. Sahibkar Kamran Ağammədovun dediyinə görə, buranı 5 il öncə Moskvada yaşayan yaxın qohumlarının maliyyə dəstəyi ilə yaradıblar. Əvvəllər adi restorandan heç nəyi ilə fərqlənmirdi. Tədricən genişləndi, turizm elementləri ilə zənginləşdirildi. Burada qalanlardan əlavə, bir neçə saatlığa dincəlməyə gələnlər də nəzərə alınsa, gün ərzində 100-ə qədər qonağa xidmət göstərilir. Sadə idman qurğuları, yelləncəklər, voleybol meydançası, peyk antennası və sair ailəvi və qrup halında istirahət edənlərin rahatlığını tam təmin edir. “Gülüstan”ın su quyusu, bulaqları, sərinliyi, axşam çal-çağırı xüsusilə xoşagələndir. Burada xidmətin səviyyəsi hamını razı salır. Elə ideal səliqə-sahman var ki, heyran qalmamaq olmur. Ləzzətli samovar çayı içə-içə bizimlə söhbət edən moskvalı həkim İrina Oleqovna dedi ki, təbiət bu yerlərdən heç nəyini əsirgəməyib. Gözəllik adamı az qalır şair etsin. Quşların səsi, həzin mehdə titrəşən enliyarpaq ağacların sərinliyi, adamların maksimum qayğısı bizi sevindirir. Bir-birindən dadlı, çeşidli ev yeməkləri, kabablar, ləvəngilər bir möcüzədir. Sizin aşpazlar sanki məxsusi bir kulinariya akademiyasını bitirmişlər, yüksək zövqləri, geniş fantaziyaları var. “Gülüstan”ın xidmət personalı da, rəhbərliyi də hər vəchlə qonaqları razı salmağa çalışır və buna nail ola bilirlər. Hələ bir neçə gün də burada qalıb əsl turist zövqü yaşadığımdan məmnunam. Bizim qrupun bütün üzvləri də hədsiz razıdırlar, səhər-axşam elə hey “Gülüstan” istirahət mərkəzini, Masallını tərifləyir, heyranlıqlarını bildirirlər.
“Gülüstan”da açıq təbiətdə təşkil olunan banketlər qonaqların daha çox xoşuna gəlir. Burada çalışanlar yüksək mədəniyyətləri, həssas münasibətləri, şirin dilləri ilə könülləri şad edirlər. Onlar fərq qoymurlar ki, qonaq xaricdən gəlib, yaxud Azərbaycan vətəndaşıdır. Hamıya eyni səviyyədə yüksək qulluq göstərirlər, hamını razı salırlar. Masallıdakı dostlarımdan biri fəxrlə deyir ki, məhz “Gülüstan”, “Fatimeyi-Zəhra” sanatoriyası kimi obyektlər nümunəvi xidmətləri ilə rayonumuzun imicini daha da artırıb. Buraya güclü axının olması təsadüfi deyil. Təbiət gözəllikləri də rol oynayır, turizmə yaradılan şərait də.
Minbir dərdin dərmanı
İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasına gedirik.
Bir ay öncə də burada olmuşduq. Bu dəfə kotteclərdən müalicə vannalarına aparan yeni pilləkənlərin artıq işə salındığını gördük. Gözəl daş məhəccərlər dibçək gülləri ilə bəzədilib. Genişlik yoxuşun çətinliyini hiss elətdirmir. Dayanıb nəfəs dərmək, qarşı dağa, Viləşin vadisinə tamaşa etmək mümkündür. Buradakı amfiteatr tipli meydançadan baxanda göz önündə böyük və misilsiz bir mənzərə canlanır.
Sanatoriyaya yollanışla gələnlərin hamısı hərtərəfli qayğı ilə əhatə olunur. Tibb xidməti yüksəkdir. Kompyuter müayinəsi, fizioterapiya və massaj, iynə terapiyası peşəkar səviyyədə olması ilə inam yaradır. Dincəlmək, əylənmək üçün də “Fatimeyi-Zəhra”da hər cür şərait var. Səhər vannasını qəbul edənlər bir qədər sonra avtobusla Yardımlıya -  Təkdam şəlaləsinə ekskursiyaya yola salındı.
Sanatoriyanın sahibi, tanınmış iş adamı İldırım Allahyarov müalicə sularının əhəmiyyətindən həmişəki kimi həvəslə söz açır. Vanna korpusunun yenidən qurulması, sanitariya və gigiyena tələblərinin ciddi gözlənilməsi, tibb xidmətinin yüksəldilməsi üçün görülən tədbirləri diqqətə çatdırır:
-  Əldə etdiyimiz gəlirin əksər hissəsi abadlıq-quruculuq işlərinə sərf olunur. Əvvəllər işimizə qısqanc yanaşanlar da vardı. Amma ötən il Qəzənfər Ağayev rayonumuza icra başçısı təyin olunandan sonra onun dəstəyi və xeyir-duası ilə işləri daha da canlandırmışıq. Özü dəfələrlə burada olub, bizə qol-qanad verib, tövsiyələrini əsirgəməyib. Doğma rayonumuzun inkişafı naminə biz də əlimizdən gələni edirik, bundan şərəf duyuruq. Adamların göstərilən xidmətdən razı qaldığını görəndə özümüzü xoşbəxt hiss edirik. Fərəhli haldır ki, İstisuya Azərbaycanın bütün guşələrindən -  Naxçıvandan, Qazaxdan, aran zonasından gələnlərin ardı-arası kəsilmir. Burada nail olduqlarımız ölkəmizdə sahibkarlığa yaradılan yüksək şəraitin nəticəsidir.
İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyası birdən-birə bu səviyyəyə çatmayıb. Çoxlu vəsait qoyulub, alın təri axıdılıb, bürokratik əngəllər yenilib, nəhayət, dövlət qayğısından bəhrələnmək imkanı qazanılıb. Regional inkişaf Dövlət Proqramında İstisu sanatoriyasının da əsaslı təmiri nəzərdə tutulub və icra edilib. Az vaxtda Masallı rayonu rəhbərliyinin yaxından köməyi ilə bu yöndə xeyli iş görülüb, 60 yeni istirahət evi tikilib. Burada yollanışla müalicə alanlardan başqa, Masallı İstisuyunun sorağını eşidib görməyə gələnlər də az deyil. Hamıya diqqət göstərilir, mehriban münasibət bəslənir. Ziyarətçilər bir qayda olaraq misilsiz şəfa ocağından daha yaxşı sağlıq durumu ilə, daha xoş təəssüratla ayrılırlar. Minbir dərdin dərmanı da buradadır, əsl insanpərvərlik də, möcüzəli gözəlliklər də.
Türistlərin ürək sözləri
Əslən Göyçə mahalından olan el ağsaqqalı Hacı Zəki İSLAM İstisuya 2-ci dəfə gəldiyini söyləyir:
-  Ötən il Masallı İstisuyundan, buradakı xidmətdən elə razı qaldım ki, ilhama gələrək bu barədə şeir yazdım, qəzetdə çap elətdirdim. Bu vannaların əvəzi yoxdur. Hacı İldırımla dostları əsl möcüzə yaradıblar, torpağın qəlbinin hərarətinə -  isti suya öz qəlblərinin hərarətini də qatıblar. Onlar həm müalicəvi sulardan, həm də bu yerlərin gözəlliklərindən bəhrələnib zövq almağımıza imkan yaradıblar. Eşq olsun bu mərama, bu zəhmətkeşliyə!
Qurban HƏSƏNOV, Bakının Nərimanov rayonundakı 212 saylı məktəbin direktoru:
-  Çox razıyam. Çay kənarında, Viləşin buz suyunun lap qonşuluğunda da isti sular qaynayır. Möcüzəli təzaddır. Hələ Yanar dağı demirəm, Yardımlı şəlaləsini, diş göynədən bulaqları demirəm. Ana təbiət addımbaşı adamın könlünü oxşayır. Sanatoriyada isə sanki seçmə personal toplanıb, adama “can” deyib qulluğunda dururlar. Halal olsun!
Musa CƏFƏROV, təqaüdçü:
-  Ətək-ətək pul xərcləyib xaricə getməyin yeri yoxdur. Burdakı təbii müalicənin təsiri əvəzolunmazdır. Xidmət heyətinin işi isə, doğrudan da, tərifəlayiqdir. Hacı İldırımgil qulluğunda doğma balalarım kimi dururlar. Allah zəhmətlərini itirməsin.
Yunis XƏLƏFOV, Ağcabədi sakini, əmək veteranı:
-  Düz 39 il müxtəlif sanatoriyaları gəzmişəm. İstisu heç nə ilə geri qalmır, hələ desən, üstünlükləri var. Bura həm sanatoriyadır, həm də əsl kurort. Turist marşrutları ilə bizi Lənkərana, Lerikə, Yardımlıya, Astaraya aparıblar. Hər şərait var. İstəyirsən, meşəni gəz, istəyirsən at sür, qarmaqla balıq tut, muzeylərə bax. Heç bir məhdudiyyət yoxdur. Löyün-löyün qazan xörəkləri bişirilir, mer-meyvə, tərəvəz, təzə süd-qatıq... nə desən verirlər adama. Evlərdə isti və soyuq su, işıq daimidir, kanalizasiya sistemi var. Hər şey bizim can rahatlığımız üçün nəzərdə tutulub.
Zöhrab QULİYEV, İmişli sakini:
-  İlk dəfə 1958-ci ildə valideynlərimlə buraya gəlmişəm. Elə o vaxtdan Masallı İnstisuyunun daimi qonağı oluram. İnkişaf böyükdür, son illər buralar daha gözəl olub.
İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyası"nın yerləşdiyi Qəriblər kəndinin sakini Minaf QAFAROV da söhbətə qoşulur:
-  Gözümü açandan gördüyüm yerlərdir. Bir vaxt baxımsızlıqdan yararsız hala düşmüşdü İstisu. İndi, maşallah, gül-çiçəyə qərq olub. Bu vannalardan təmizlik yağır, xidmət fərəh doğurur. Razı çöhrələri gördükcə fəxr edirəm. Axı, yaxşı nə varsa, bizim adımızla, Qəriblər kəndi ilə, Masallı rayonu ilə bağlıdır...
Ecazkar gözəllik
Yardımlı da təbii-coğrafi şəraitinə görə bölgədə turizmin inkişafı üçün əlverişli rayondur.
Zəngin meşələri, təbii su mənbələri, qədim abidələri ilə öyünə bilər. Burada ölkə və yerli əhəmiyyətli 92 abidə var. Rayon tarix-diyarşünaslıq muzeyi hər zaman turistlərdə maraq doğurur.
Təkdam şəlaləsi Yardımlının vizit kartı sayılır. Buraya hər tərəfdən çoxsaylı ziyarətçilər gəlir. Özünü hündür qayalardan atan bu “gur hörüklü gözəl”in tamaşasından doymaq olmur. Şəlalənin lap başlanğıcına qədər çıxmaq adamdan hünər istəyir. Sərinliyi və səsi ecazkar təsir bağışlayır. Burada özəl turizm obyekti fəaliyyət göstərir.
“Deman” tətil köyü 25 nəfərlikdir. Müasir üslubda tikilib, qonaq-qarasız günü olmur. Sifarişlə gəlib dincələnlərin rahatlığı üçün istənilən şərait yaradılıb. Bu mövsümdə rayonda 650 turist olub. Təbiətin gözəlliklərindən zövq alıb, tarixi yerlərlə, muzeylərlə tanışlıqdan razı qalıblar. Yardımlıda turizmin inkişaf perspektivləri ilə bağlı xüsusi proqram hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Şöbə müdiri Ayaz Əliyev deyir ki, daha 6 yerdə yeni turizm obyekti tikmək planlaşdırılır. Ostayır kəndi yaxınlığındakı Məceyir adlı sahədə, Arus kəndinin Bağ adlı sahəsində, Şəfəqli kəndinin ətrafında, həmçinin Masallı-Yardımlı magistral yolu boyunca yeni, müasir istirahət mərkəzləri salınacaq.
Ucqar bölgədə əsl turizm hələ “körpəlik” çağını yaşayır. İnam var ki, turist marşrutlarına salınacaq “Dəvə karvanı”, “Əmbüs”, təbii buzxana, Alar mağarasu, Abidərdə türbəsi, Qız qalası kimi qədim abidələr, Perimbel kəndindəki “Göznarı” bulaq kompleksi, Peştəsər kəndindəki təbii mineral su mənbəyi, Deman kəndinin ərazisindəki tarixi yerlər qonaqlarda çox böyük maraq doğuracaq. İndilər həmin yerlərə gedib çıxmaq bir qədər çətindir. Çünki kənd yolları lazımi vəziyyətdə deyil.
Bundan başqa, Yardımlıda dağ turizmi, yaşıl turizm növlərinin inkişaf perspektivi də genişdir. Lazımi şərait və infrastruktur yaradılacağı təqdirdə buna nail olmaq mümkündür.

Xalq qəzeti.-2007.- 7 avqust.-S.4.