"UNESKO-nun missiyasını qarşılamağa hazırıq"

 

Əbülfəs Qarayev: "Əminəm ki, nə vaxtsa Suşaya turistlərin aparılmasına nail olacağıq"

 

UNESCO-nun faktaraşdırıcı missiyasının Azərbaycan və Ermənistan ərazilərinə səfərinin baş tutacağı tarix hələ müəyyənləşməyib. Bu barədə məlumat verən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev faktaraşdırıcı missiyanın gəlişinin artıq qərara alındığını deyib.

"Biz bu missiyanı qarşılamağa hazırıq-", - deyən Əbülfəs Qarayev bildirib ki, o, UNESCO-nun baş direktor müavini ilə əlaqə saxlayır. "Mehriban Əliyeva da bir neçə dəfə baş katib Matsuura ilə bu məsələni danışıb. Biz hazır olduğumuzu bildirmişik. Çünki biz haqlı olduğumuzu bilirik".

"Bu gün Dağlıq Qarabağa Azərbaycandan turistlərin aparılması qeyri-mümkündür. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrinin və Ümumdünya Turizm Təşkilatının tərkibinə daxil olan ölkələrin bizim müraciətimizdən sonra artıq rəsmi olaraq Dağlıq Qarabağa hər hansı turistin göndərilməsindən çəkinirlər. Biz buna nail olmuşuq ildən-ilə mövqelərimiz möhkəmlənəcək. Əminəm ki, nə vaxtsa Şuşaya turistlərin aparılmasına nail olaçağıq.” Bu sözləri də jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm naziri deyib. Ə.Qarayev hər bir müharibə, silahlı münaqişə və inqilabın çoxlu dağıntılar törətdiyini vurğulayıb:

Ermənistanın həmin ərazilərə turist axınlarının çoxalması haqda təbliğat və bəyanatları həqiqəti əks etdirmir. Çünki oraya gedən insanların əksəriyyəti ya orada yaşayanların qohumları, ya da o diasporu təşkil edən insanlardır".

Bu gün Dağlıq Qarabağın tərkibində turizmin inkişafı haqqında danışmağın mümkünsüzlüyünü vurğulayan Ə.Qarayev bunun yalnız Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra mümkün olacağını deyib: "Bundan sonra nazirliyin turizmin inkişaf proqramı çərçivəsində Dağlıq Qarabağda yerləşən təbii və mədəni xəzinəmizin mirvariləri olan yerlər artıq bizim sərəncamımızda olacaq. Bizdə qonşular tərəfindən hansı yerlərdə hansı işlərin aparılması ilə bağlı xüsusi xəritələr var. Yəqin ki, bunun da sonu siyasi qərardan sonra mümkün olacaq".

İşğal altında olan ərazilərdə meşələrin yandırılmasına toxunan nazir bunu ürək ağrıdan fakt kimi qiymətləndirib: "Təbiətin balansını təmin etmək qeyri-mümkündür. Dünya ictimaiyyəti bilməlidir ki, yandırılan meşələrin bərpası əsrlər boyu vaxt tələb edəcək".

 

Ekspress.- 2007.- 23 avqust.- S. 6.