AzərTAc xəbər
verir ki, avqustun 15-də Azərbaycan Prezidenti İlham Əliyev
Dövlət incəsənət muzeyində və
Dövlət Gənc Tamaşaçılar Teatrında
olmuşdur. Dövlətimizin başçısı hər
iki mədəniyyət mərkəzində aparılan
əsaslı təmir-tikinti və yenidənqurma işləri
ilə maraqlanmışdır.
Rüstəm Mustafayev adına Dövlət
incəsənət muzeyində aparılan əsaslı
təmir işləri ilə tanış olan Prezident İlham
Əliyevə məlumat verildi ki, 120 yaşlı bu binada
müxtəlif dövrlərdə ayrı-ayrı idarə
və təşkilatlar yerləşmişdir. 1936-cı
ildə Azərbaycan Dövlət Muzeyinin incəsənət
şöbəsi əsasında yaradılmış muzeydə
çoxlu qiymətli sənət əsərlərinin
yerləşdirilməsi, ekspozisiyanın ildən-ilə
zənginləşdirilməsi bu sənət
məbədinə marağı xeyli artırmışdır.
Lakin zaman keçdikcə təbii aşınmalar nadir
sənət nümunələrinin saxlandığı bu binanın
əsaslı təmirini zərurətə çevirmişdir.
Tarixi dəyərlərimizin və mədəni
sərvətlərimizin qorunmasına xüsusi diqqət və
qayğı göstərən Prezident İlham Əliyev
digər mədəniyyət ocaqları ilə yanaşı bu
muzeyin də bərpası barədə göstəriş
vermişdir.
Binada təmir-bərpa işlərini Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə “Azəraqrartikinti”
Səhmdar Cəmiyyəti aparır. “RA architect Ltd”
müəssisəsində hazırlanmış layihəyə
əsasən binanın bütün mühəndis-texniki
qurğuları əsaslı surətdə yenidən
qurulmuşdur. Birinci və ikinci korpuslar arasında yeni bina
tikilir. İnşaatçılar ilk növbədə
özülləri, həmçinin daxili və xarici
divarları metal konstruksiyalar və beton məmulatı ilə
bərkidirlər. Binanın fasadı isə 1987 kvadratmetr
sahəsi olan əvvəlki görünüşünü
saxlamaqla, üzlük daşlarla üzlənir.
Layihəçilər bərpa zamanı fasadın
tərtibatına xüsusi diqqət yetirmişlər.
Mərtəbələrin köhnə döşəməsi
sökülərək, monolit dəmir-beton
plitələrlə əvəz olunmuşdur. Otaqların
arakəsmələri əvvəlki formada saxlanılmaqla,
yenidən qurulmuşdur.
Prezident İlham Əliyevə məlumat verildi ki, muzeyin
ekspozisiyasının daha cəlbedici görünməsi
üçün milli arxitektura nümunələrindən
istifadə olunacaqdır.
Həmin gün Prezident İlham Əliyev Dövlət Gənc
Tamaşaçılar Teatrının binasında aparılan əsaslı
təmir və yenidənqurma işləri ilə də
tanış olmuşdur.
Qeyd edək ki, dövlətimizin başçısının
Sərəncamına əsasən əsaslı təmir olunan
çoxsaylı tarixi abidələr, monumental binalar, maddi
mədəniyyət ocaqları sırasında bu teatrın
binası da vardır.
Ölkəmizin rəhbərinin “Azərbaycan teatr
sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19
fevral tarixli Sərəncamı ilə digər
mədəniyyət ocaqları kimi, bu teatrın binası da
yüksək səviyyədə təmir olunur.
Teatr binasında aparılan əsaslı təmir və
bərpa işləri ilə tanış olan Prezident İlham
Əliyevə məlumat verildi ki, inzibati bina, tamaşa salonu
və səhnə tamamilə yenidən qurulacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti
tərəfindən əsaslı təmir olunan binanın
bütün sanitariya qovşaqları, elektrik və su
xətləri, istilik və soyutma sistemləri tamamilə
yeniləşdirilmişdir. Dekorasiya və qrim otaqları
müasir üslubda tərtib olunmuşdur. Binada
quraşdırılmış müasir elektrik
avadanlığı Avropanın tanınmış şirkətlərindən
alınıb gətirilmişdir. Teatrda ayrıca avtomat telefon
stansiyası da olacaqdır. Altı kameradan ibarət
videoçəkiliş sistemi tamaşaların lentə
alınmasına, həmçinin canlı yayımına
əlverişli imkan yaradacaqdır. Bu yenilik Bakının teatr
və konsert salonlarında ilk dəfə Dövlət Gənc
Tamaşaçılar Teatrında tətbiq olunur.
Xalq qəzeti.-2007.- 16 avqust.-S.2.