Rzalı R.
Uğurlarımız da görəcəyimiz işlər
də çoxdur
Dünən
"Novosti" Beynəlxalq Mətbuat Mərkəzində
respublika Mədəniyyət və Turizm Nazirliyinin 2007-ci ilin
altı aylıq fəaliyyətinə və yeni teatr
mövsümünün açılışına həsr
olunmuş mətbuat konfransı keçirildi.
Nazir Əbülfəs Qarayev dedi: "İlin
əvvəlində birillik iş planı hazırlayıb
təsdiq etmişdik. Lakin ötən müddətdə
respublika Prezidenti İlham Əliyev mədəniyyət və
turizm sahəsinin inkişafı ilə bağlı bir sıra
dövlət əhəmiyyətli sənəd
imzalamışdır. Dövlət rəhbərinin qəbul
etdiyi qərarlar əsasən milli-mədəni irsimizin və
memarlıq abidələrinin qorunması, parkların
salınması, muzeylərin və kitabxana işinin
yaxşılaşdırılması və
mədəniyyətin mühüm sahələrinin
inkişafı barədədir. Biz vaxt itirmədən bu
qərarları icra etməliyik.
Nazir bildirdi ki, altı ay ərzində təkcə Bakıda
yox, ölkənin digər rayon və
şəhərlərində də müxtəlif
tədbirlər həyata keçirilib. "Bir sıra
nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərində
də iştirak etmişik. Artıq dünyanın elə bir
yeri yoxdur ki, orada keçirilən tədbirlərdə
Azərbaycanın mədəniyyət və
incəsənət nümayəndələri iştirak
etməsin. Ən böyük uğurlarımızdan biri
ölkə Prezidenti İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın gərgin əməyi
nəticəsində Qobustan tarixi-bədii qoruğunun Dünya
Mədəni İrs Siyahısına daxil olmasıdır.
Artıq Qobustan qoruğu bəşəri əhəmiyyət
daşıyır, təkcə Azərbaycanın deyil,
dünyanın mədəni sərvəti hesab olunur. Başqa
bir uğurumuz müasir rəssamlıq məktəbini
təmsil edən bir neçə azərbaycanlı gəncin
Venetsiyada keçirilən rəssamlıq sərgisinə
qatılması ilə bağlıdır. Azərbaycan ilk
dəfədir ki, bu tədbirə qatılmışdır. Bu
gün də bizim orada pavilyonumuz açıqdır. Orada
Azərbaycan rəssamlarının əsərləri
nümayiş olunur. Üçüncü uğurumuz da beynəlxalq
tədbirə ilk dəfə qatılmağımızla
bağlıdır. Caz festivalında Azərbaycan ilk
dəfə idi ki, iştirak edirdi. Başqa uğurlarımız
da çoxdur. Azərbaycan Simfonik Orkestri və Opera Orkestri
beynəlxalq tədbirlərdə iştirak edir".
Nazir Ə.Qarayev bildirdi ki, bu yaxınlarda Almaniyada
keçirilən festivalda Azərbaycandan dəvət
olunmuş kollektiv əsas heyətlə çıxış
edirdi. Rauf Abdullayevin rəhbərlik etdiyi Dövlət Simfonik
Orkestri İtaliyada keçirilən çox nüfuzlu
beynəlxalq festivalda iştirak edib.
Görüləcək işlərdən danışan nazir
Ə.Qarayev qeyd etdi ki, oktyabrın 3-də Moskva
şəhərinin Bakıda mədəniyyət
günləri keçiriləcək. Avropada keçirilən
"Avrovijn" müsabiqəsinin ölkəmizdə
yayımlanmasına gəlincə, artıq müqavilə
imzalanıb və bu mötəbər tədbir İctimai
Televiziya kanalı vasitəsilə reallaşacaq. Teatrın
mövsümünün açılışına toxunan
nazir qeyd etdi ki, teatr və konsert mövsümünün
açılışına ciddi hazırlıq
görülür: "Azərbaycanın hər yerində
teatr yeni mövsümün açılışına
hazırlaşır. Qərara gəlmişik ki, teatr mövsümünün
açılışı hər il sentyabrın 15-də
keçirilsin. Bu il də teatr mövsümünün
açılışı Akademik Milli Dram Teatrının
qarşısında keçiriləcək. Muzey və kitabxana
işinin yaxşılaşdırılması
istiqamətində də bir sıra görüləsi
işlər nəzərdə tutulub".
Konfransın sonunda nazir Ə.Qarayev jurnalistləri
maraqlandıran sualları cavablandırdı.
Azərbaycan.-2007.-30 avqust.-S.2.