Azərbaycanlı rəssam İstanbulda keçirilən müsabiqədə ikinci olub

 

Azərbaycanlı rəssam Rafiq Əzizov İstanbut peyzajları üzrə keçirilən müsabiqədə ikinci yeri tutub. APA-nın xəbərinə görə, İstanbuldakı Üsküdar bələdiyyəsinin təşkil etdiyi "Dolmabağça sarayından Üsküdar mənzərələri" adlı yarışda Yedditəpə Universitetinin müəllimi R.Əzizov 1200 ABŞ dolları həcmində ikincilik mükafatı alıb. Açıq havada mənzərə tabloları yaradan rəssamlar əsərlərini türk peyzajının görkəmli ustası Hoca Ali Rzanın xatirəsinə həsr ediblər. Beynəlxalq səviyyədə təşkil edilən bu rəsm yarışında 21 ölkədən sənətkarlar işlirak edib. Müsabiqə barədə APA-ya məlumat verən R.Əzizov 15 ildir yaşadığı İstanbulda peyzaj janrında bir çox əsərlər yaratmasına baxmayaraq, Hoca Ali Rzanın xatirəsinə həsr edilmiş müsabiqənin onu çox həyəcanlandırdığını vurğulayıb. Buna səbəb onun Hoca Ali Rzanı özünün sənət müəllimlərindən biri kimi hesab etməsidir. Qeyd edək ki, avqustun 23-də Mustafa Kamal Atatürkün yeni əlifbaya keçmək barədə qərarı açıqlamasının ildönümü münasibətilə Təkirdağ şəhərindəki hərbi qarnizonda açılan sərgidə R.Əzizovun Atatürk portretləri də tamaşaçılara nümayiş etdirilib.

 

Yeni Azərbaycan.- 2007.- 28 avqust.- S. 12.