Cəvahir

 

Moskvalı rəssamın Azərbaycan sərgisi

 

İçərişəhərdə yerləşən «Abşeron» rəsm qalereyası növbəti sərgisini Lalə Həsənovanın yaradıcılığına həsr edib. Bu barədə qəzetimizə qalereyanın direktoru Eldəniz İbrahimov məlumat verib. Sərgidə 31 əsər-qrafika və rəngkarlıq nümunələri nümayiş etdirilir.

Öyrəndik ki, Lalə Həsənova Moskvada yaşayan soydaşımızdır. Onun cəmi 13 yaşı var. Yeniyetmə rəssam ilk sərgisini Bakıda-valideynlərinin vətənində keçirir. Qalereyanın direktoru deyir ki, peşəkar rəssamlar belə Lalənin yaradıcı təxəyyülünə həsəd apara bilər: «Lalə daha çox nağılları («Rus nağılı»), (Ağ qu quşunun nağılı) sevir, amma bununla belə, gerçəklikləri də unutmur, ətrafında nə görürsə, çəkir. «İçərişəhər», «Saat və dərman şüşəsilə natürmort» kimi kompozisiyalar tamaşaçını real həyata qaytarır». Direktor qeyd etdi ki, sərgidə Lalənin köhnə Bakıya dair iki rəsm əsəri təqdim olunub; «İçərişəhər» və «İçərişəhərdə 58 saylı bina».

Lalənin daha çox natürmort janrına üstünlük verdiyini deyən qalereyanın direktoru yeniyetmə rəssamın bu janrda maraqlı kompozisiyalar qurduğunu söylədi.

Xatırladaq ki, Lalə Abşeron rəsm qalereyasında sərgisi təşkil olunan yeganə moskvalı rəssam deyil. Ötən ilin yayında da qalereyada soydaşımız Maya Qurbanovanın sərgisi təşkil olunmuşdu.

 

Mərkəz.- 2007.- 21 avqust.- S. 11.