Ələddinqızı N.

 

Balaca əllərin rənglər aləmi

 

İstedad Tanrı tərəfindən fərdi şəxslərə verilən keyfiyyətdir ki, bu da cəmiyyətin seçilmiş simalarında təzahür edir. Belə varlıqlar yaşadığı həyatda məqsəd istəklərini reallaşdırmaq, müəyyən amala çatmaq istəyi ilə potensial gücünü, qüvvəsini səfərbər edib, özünü fərd kimi təsdiqləməyə, kamillik nümunələri təqdim etməyə cəhd göstərir. Təbii ki, bu proses istedad ilə zəhmətin qovuşacağında öz əksini tapır. Bizim balaca qəhrəmanımız da, Tanrı tərəfindən ona bəxş olunan istedadını təzahür etdirmək üçün potensial gücünündən istifadə etməyə çalışır.
   Bu qəhrəman balaca rəssam 13 yaşlı Nərmin Məmmədovadır. Balaca əlləri ilə fırçanı dilləndirməyi bacaran Nərmin kiçik yaşından rənglərdən istifadə etmiş, bəlkə insan duyğularının kəsb edə bilməyəcək alaqarışıq rəsmləri ilə fikirlərini ifadə etməyə başlamışdır. Dörd yaşından rənglərə müraciət edən Nərmin doqquz ildir ki, sevdiyi sahə ilə məşğul olur. Bu rənglərin möcüzəsində balaca qızcığaz təbiətin canlı nümunələrini, mənzərə, natürmort çəkməklə yanaşı, tanıdığı simaların da əksini kağız üzərinə köçürmüşdür. Hətta, onda maraq doğuran tanınmış sənət xadimlərinin portretini özünəməxsus bir tərzdə əks etdirmişdir. Dünya şöhrəti qazanmış Mona Lizanın da portretini rənglərin dili ilə özünəməxsus bir şəkildə çəkmişdir.
   Gözünü açandan bu sənətlə məşğul olan, hətta məktəbli kimi parta arxasında oturanda belə rənglərindən kənarda qalmayan Nərmin görüb düşündüklərini kağız üzərinə köçürmüşdür. Saf, təmiz təxəyyülü balaca qızcığazın yaddaşına həkk olunan izlərin bədii ifadəsini, məhz rəsmlərində reallaşdırmışdır. Qeyd edim ki, Nərmin Məmmədova müəyyən müddət Moskva şəhərində yaşamış orada üç il rəsm dərnəyində məşğul olmuşdur. Hər zaman müəllimlərini onu əhatə edən insanların onun yaradıcılığına xüsusi diqqəti olmuş, gələcəyinə böyük ümid bəslənmişdir. Nərmin rəsm müsabiqələrində qalib olmuş, fəxri fərmanlarla mükafatlarla təltif edilmişdir.
   Moskva "Kapotnya" Mədəniyyət Sarayında təhsil alan Nərmin yaşıdlarından fərqləndiyi üçün xüsusi mükafata layiq görülmüşdür. 100-dən artıq rəsmi olan balaca rəssam gələcəkdə daha maraqlı əsərlər yaratmaq arzusu ilə yaşayır. Hazırda o, Bakı şəhər Abşeron rayonu 41 saylı orta məktəbdə təhsil alır. Yaradıcılıq fəaliyyətini davam etdirən Nərmin artıq gələcəyin rəssamı olacağına qəti qərar vermişdir. O, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılıq yolunu mənimsəyir, onların işləmə texnikasının üsulu ilə maraqlanaraq, böyük əsərlər yaratmaq məqsədilə yaşayır. Biz , öz növbəmizdə ona uğurlar arzulayır, yaxın gələcəkdə fərdi sərgilərinin keçiriləcəyinə ümid bəsləyirik.
   

Səs.-2007.- 4 avqust.-S.12.