Daniyorov S.
Müstəqilliyimizin
ilk illərindən ölkəmizdə millətlərin birliyi
və dostluğunun möhkəmləndirilməsinə
xüsusi önəm verilir. Özbəkistanda
hazırda 130-dək etnik qrup sülh
və əmin-amanlıq şəraitində
yaşayaraq ümumi evimizin inkişafında öz xidmətini göstərir. Ölkədə
onlarla milli mədəniyyət mərkəzi
yaradılıb. Onların
sırasında ən
irilərindən biri də Özbəkistan Azərbaycan Mədəniyyət
Mərkəzlərinin Assosiasiyasıdır.
Bu gün Azərbaycan diasporu təqribən 40 min nəfər təşkil edir. Azərbaycanlıların bütün bölgələrdə
yaşadıqları nəzərə
alınaraq Assosiasiya tərkibində beş regional şöbə fəaliyyət göstərir
- Səmərqənddə, Buxarada, Fərqanədə,
Sırdərya və Daşkənd vilayətlərində.
1989-cu ildən "Qardaşlıq"
Azərbaycan mədəniyyət mərkəzi Daşkənddə fəaliyyətdədir.
Mərkəzin əsas
məqsədi tarixi vətənlə, habelə
Özbəkistanın ictimai
təşkilatları və
digər milli mərkəzlərlə əlaqə
saxlamaqdan ibarətdir.
"Assosiasiyamız çalışır
ki, milli mədəniyyətimizi, adət-ənənələrimizi, dilimizi qoruyaraq
onları yeni nəsillərə çatdıraq"
deyən idarə heyətinin sədri Akif Ağatalıbovun sözlərinə görə,
Özbəkistanda yaşayan
azərbaycanlılar digər
millətlər kimi çiyin-çiyinə ölkənin inkişafı
naminə çalışırlar.
Hər kəs çalışır ki,
övladlarını xoşbəxt
böyütsün. Özbəklərlə
azərbaycanlılar arasındakı
münasibətlərin tarixi
böyük İpək
yolu illərinə gedib çıxır. O vaxtlar səyyahların karvanları ölkələrimiz
ərazisindən keçirdi,
sənətkar mallarının,
şair şerlərinin,
musiqinin mübadiləsi
baş verirdi, təbii ki, əlaqələr yaranırdı,
mədəniyyətlərlə tanışlıq baş verirdi.
Bizi dilimizin, mədəniyyət
və dinimizin birliyi yaxınlaşdırır.
1992-ci ildən Özbəkistan
Prezidentinin təşəbbüsü
ilə respublika Millətlərarası Mədəniyyət
Mərkəzinin binasında
müxtəlif millətlərin
nümayəndələri toplaşır
ki, onların arasında azərbaycanlılar
da var. Qardaşlarımızın bizlərlə bölüşdükləri
çox şey var. Özbəklər Nizami Gəncəvi, Məhəmməd Füzuli,
İmadəddin Nəsimi,
Səməd Vurğun,
Bəxtiyar Vahabzadə
kimi şairlərin əsərlərini böyük
rəğbətlə oxuyurlar.
Məhz bu dəyərlər də yeni nəsillə indiki arasında əsas əlaqələndirici
bənd qismində çıxış edir.
"Azərbaycanlıların başlıca qürur mənbəyi "Azərbaycan
evi" mədəniyyət
mərkəzinin binasıdır.
Binanın yanında özbək sənətkarlar
tərəfindən YUNESKO-nun
dünya mədəniyyəti
incisi kimi qəbul etdiyi Qız qalasının oxşarı ucaldılıb.
Azərbaycanlı gənclərin
ənənəvi görüş
yeri kimi Nizami Gəncəvinin heykəlinin ətrafı da məşhurdur. Bu heykəl dahi Azərbaycan şairinin adını daşıyan Daşkənd
Dövlət Pedaqoji Universitetinin yaxınlığında
qoyulub", - deyə Akif bizimlə söhbətində bildirir.
Yeri gəlmişkən
qeyd edək ki, Özbəkistanda ölkənin elm və mədəniyyətinə,
incəsənətinə ömürlərini
həsr edən azərbaycanlılar az deyil. Kimya elmləri doktoru,
professor Zeynulla Quliyevi və Mikrobiologiya İnstitutunun əməkdaşı, elmlər
doktoru Südabə Məmmədovanı çoxları
yaxşı tanıyır.
Əlişir Nəvai
adına Dövlət
Akademik Teatrının
rejissoru professor Firudin Səfərovun səhnələşdirdiyi əsərlər
özünün orijinallığı,
təkrarsızlığı və gözəlliyi ilə tamaşaçılar arasında
çox populyardır.
Milyonların sevimlisi,
Azərbaycan və Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanı da unuda bilmərik. O, mənəvi gözəlliyin,
səmimilik və əsl istedadın simvoludur, iki xalq arasında münasibətlərin yaxınlaşmasına
misilsiz xidmət göstərən parlaq nümunədir.
Bu il məşhur
özbək yazıçısı
Maqsud Şeyxzadənin
100 illiyi qeyd olunur. Bu, həm azərbaycanlılar,
həm də özbəklər üçün
ikiqat əlamətdar hadisədir. Çünki
o, azərbaycanlı olaraq özbək xalqının yüksək
hörmətini qazanmağa
müvəffəq olmuşdur.
Özbəkistanın müstəqilliyinin
16-cı ildönümü
ərəfəsində respublikada
yaşayan azərbaycanlılar ən müxtəlif sahələrin
inkişafında öz
xidmətlərini göstərirlər.
Eyni zamanda, özlərinin unikal mədəniyyətlərini də
mühafizə edərək
gələcək nəsillərə
ötürürlər. Bu
isə Özbəkistanda
sabitlik, çiçəklənmə
və millətlərarası
dostluğun əsaslarından
biridir.
"Xalq sözü"
(Özbəkistan) qəzetinin
əməkdaşı, xüsusi
olaraq
Azərbaycan.-2007.-18 avqust.-S.6.