Mehdixanlı T.

 

nətkar ömrünün yadigarları

 

Qədirbilən xalqımız tarixi şəxsiyyətləri unutmur, onları ehtiramla xatırlayır, adları hörmətlə çəkilir, xatirələrinə abidələr ucaldılır. Təsadüfi deyil ki, bu gün Bakı heykəllər şəhəri kimi tanınır. Həmin abidələri yaradanların hər birinə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev



Ulu öndərin diqqətinə layiq olanlardan biri də keçmiş SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, ötən əsrin 70-ci illərində respublika Rəssamlar İttifaqının sədri işləmiş, xalq rəssamı, məşhur heykəltəraş Tokay Məmmədovdur.
O, 80 il əvvəl Bakıda dünyaya göz açmış, həmyaşıdları kimi, yaşadığı dövrün çox müsibət faciələrini görmüşdü.
Bu günlərdə Tokay Məmmədovun tələbə yoldaşı, görkəmli tişə ustası, neçə-neçə abidənin müəllifi, xalq rəssamı, respublika Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovla görüşdük.
O, həmkarı haqqında kövrələ-kövrələ danışdı:
- Tokayla Bakıda, müharibə illərində tanış olmuşduq. Ön cəbhədən qayıdanların doğmaları gizlincə sevinirdilər. Çünki qayıtmayanlar, "qara kağız" alanlar da vardıE Bizi sənət seçimimiz, amalımız yaxınlaşdırdı. Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq Memarlıq İnstitutuna qəbul olunduq.
Dərslərimizi əla oxuyurduq. Təkliflərimiz, eskizlərimiz maraqla qarşılanırdı. Olduqca tələbkar müəllimlərimiz vardı. Onlar hər bir heykəli tarixin salnaməsinə bənzədirdilər. Tokayın ilk əl işləri kiçik abidələr, portretlər, büstlər barelyeflərdən ibarət idi. Onun "Partizan Mixaylo" büstünün eskizini görən müəllim İvanov soruşdu: "Sən cəbhədə olmusan?" Tokay qısa, amma mənalı cavab verdi: "Şərt o deyil ki, əlinə silah götürüb düşmənlə üz-üzə döyüşəsən. Bəlkə arxa cəbhə daha dəhşətli, qorxuncdur. Mehdinin üzündəki sərtlik işğalçılara nifrətin, ifadəli baxışları isə qələbə təntənəsinə işarədir". Müəllim eşitdiyi cavabdan yəqin məmnun qaldığı üçün daha danışmadı.
Tokayın poeziyaya qədərsiz məhəbbəti vardı. Səməd Vurğunun yaradıcılığını əzbər bilirdi. Tez-tez sevimli şairin misralarını pıçıldayardı: "İxtiyar dağların döşündə meşə, qayalar yüksəlib baxır keçmişə". Bu sevgiylə o, həssas duyumlu şairin əzəmətli, möhtəşəm abidəsini yaratdı. Xalq şairi Hüseyn Arif deyərdi ki, hər dəfə Səməd Vurğunun heykəlini görəndə düşünürəm ki, o, yenə səfərə hazırlaşır. Səməd Vurğunun monumental abidəsini T.Məmmədov böyük məhəbbətlə işləmişdi.
Tokayla birgə dahi Füzulinin əzəmətli abidəsini yaratdıq. Onun Üzeyir Hacıbəyovun tunc üzərində işlədiyi portretinə etinasız baxmaq mümkün deyil. Obrazın baxışı, ümumi görünüşü orijinaldır. İlk anda diqqəti çəkən elementlər tədricən poetikləşir, musiqi notlarına, qammalarına, ifaçı zəngulələrinə çevrilir. Üzeyir bəyin işıqlı obrazını böyük ustalıqla təsvir edən dostum bu əsəri ilə dahi sənətkara ikinci ömür verib.
Tokay həmkarlarının, tanışlarının sevinclərinə ürəkdən fərəhlənərdi. Rəssamlar İttifaqının sədri işləyəndə neçə gəncə qayğı göstərdi. Onların əsərlərinin fərdi sərgilərini təşkil etdi, emalatxana almalarına şərait yaratdı. Otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq, yaratdığı "Nəsimi" (İ.Zeynalovla birgə) monumental abidəsinin açılış mərasimini xatırlayıram. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev müəllifləri təbrik edib onlara uzun ömür, yaradıcılıqlarında uğurlar arzuladı. Tədbirin səhəri günü xəbər tutduq ki, Heydər Əliyevin qayğısı sayəsində Tokay "Şöhrət ordeni" layiq görülüb.
Tokay əgər təkcə "Nizami Gəncəvi" abidəsini yaratsaydı, onun adı yenə tarixə yazılardı. Hər dəfə bu heykəli görəndə elə bilirəm ki, canlıdır. İndicə dil açıb danışacaq. Mərhum dostumun "Məşədi Əzizbəyov" heykəli dünya heykəltəraşlıq sənətinin ən baxımlı nümunələrindən sayılır. Abidə orijinallığı ilə seçilir...
Məşhur heykəltəraş, istedadlı tişə ustası Tokay Məmmədov xeyli müddətdir ki, aramızda yoxdur. Lakin yaratdığı monumental abidələri, büstləri, barelyefləri sənətkarın mənalı ömür yaşadığının yadigarları kimi baxılır, sevilir. Həmkarları, dost-tanışları onun 80 illik yubileyinə hazırlaşırlar. Ömər Eldarov həmkarı haqqında dedi: "Tokay unudulmazlıq qazanıb. O, həmişə bizimlədir".

Azərbaycan.-2007.-3 avqust.-S.7.