Azərbaycan rejissorunun filmi
Moskvada Eldar Ryazanovun yubiley
şənliklərində göstərilmişdir
Tanınmış
Azərbaycan rejissoru, xalq artisti Vaqif Mustafayevin "Milli
bomba" filmi Moskvada görkəmli Rusiya rejissoru, dramaturqu
və ssenariçisi Eldar Ryazanovun anadan olmasının 80 illiyinə
həsr olunmuş tədbirlər
çərçivəsində nümayiş etdirilmişdir.
V.Mustafayevin və xalq yazıçısı Elçinin
ssenarisi əsasında çəkilmiş filmin nümayişi
"Xudojestvennı" kinoteatrında təşkil edilən
retrospektiv "Ryazanov və şagirdləri" proqramına
daxil olunmuşdu. Baxış başa çatandan sonra Kino
evində keçirilən gecədə çıxış
edən Eldar Ryazanov öz yetirmələri, o
cümlədən 1982-85-ci illərdə onun emalatxanasında
ikiillik Ali ssenariçilər və rejissorlar kursunda oxumuş
Vaqif Mustafayev haqqında xeyli xoş sözlər demişdir.
Xatırladaq ki, 2004-cü
ildə çəkilmiş film elə həmin il MDB
ölkələrinin və Baltikyanı ölkələrin
"XXI əsrin yeni kinosu" Birinci beynəlxalq Avrasiya
kinofestivalında və V Rusiya açıq komediya filmləri
festivalında Qran-pri mükafatlarına layiq
görülmüşdür.
Vaqif Mustafayev demişdir
ki, onun üçün təmizlik, alicənablıq və
yüksək peşəkarlıq etalonu olan Eldar Ryazanov kimi
korifeyin yubiley tədbirinə dəvət almaq hazırda
yüksəliş dövrü yaşayan Azərbaycan
mədəniyyətinin xidmətlərinin tanınması
deməkdir.
Respublika.- 2007.- 30 avqust.- S. 2.