Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan
dilində nəşr
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" 2004-cü il
12 yanvar tarixli və "2005-2006-cı illərdə
Azərbaycan dilində
latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının
təsdiq edilməsi haqqında" 2004-cü il
27 dekabr tarixli sərəncamlarına uyğun
olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərləri kütləvi
tirajla nəşr olunaraq ölkənin bütün kitabxana şəbəkəsinə hədiyyə
edilmişdir. Hər
iki sərəncam üzrə Azərbaycan və dünya ədəbiyyatı, eləcə
də lüğət
və ensiklopediyalar silsiləsindən ümumi
tirajı 9 milyondan artıq kitab kitabxanalara göndərilərək
oxucuların ixtiyarına
verilmişdir. Proses indi də davam
etməkdədir. Bu nəşrlər sayəsində
gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və elmi ədəbiyyata
ehtiyacının ödənilməsi
istiqamətində mühüm
işlər görülmüşdür.
Lakin həmin kitabların satışının
nəzərdə tutulmaması
və kitab həvəskarlarının öz
şəxsi kitabxanalarını
latın qrafikasında
nəfis şəkildə
çap olunmuş ədəbiyyat nümunələri
ilə zənginləşdirmək
tələbatı onların
ayrıca olaraq nəşri zərurətini
meydana çıxarmışdır.
Müasir Azərbaycan
oxucularının dünya
ədəbiyyatına olan
mənəvi tələbatını
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan və dünya ədəbiyyatı
nümayəndələrinin əsərlərindən ibarət
150 cildlik "Dünya
ədəbiyyatı kitabxanası"
nəfis tərtibatla nəşr edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının
və Azərbaycan Yazıçılar Birliyinin
tövsiyələrini nəzərə
almaqla bu sərəncamın 1-ci bəndində
qeyd olunan "Dünya ədəbiyyatı kitabxanası"nın nəşri ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin.
3. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 avqust 2007-ci il
Azərbaycan.-2007.- 25 avqust.-S.4.