Çexiyada film festivalında 10 Azərbaycan filmi
nümayiş etdirilib
Bu il iyulun 20-29-da
Çexiyanın Uherske Hradişte şəhərində
keçirilən beynəlxalq film festivalında 10 Azərbaycan
filmi nümayiş etdirilib. Azər-Çex Cəmiyyətinin
sədri Elşən Nəzərovun APA-ya verdiyi məlumatına
görə, film festivalında ilk dəfə bu sayda
Azərbaycan filmləri təmsil olunub. Nümayiş
etdirilən filmlər arasında "Şərikli
çörək", "Nəsimi", "Bir cənub
şəhərində", "Üç qız",
"Əlvida, cənub şəhəri" və digər
filmlər yer alıb. Tamaşaçılar və münsiflər
heyəti həm klassik, həm də yeni çəkilmiş
Azərbaycan filmlərini yüksək
qiymətləndiriblər. Tədbirdə rejissorlar
Rüstəm İbrahimbəyov, Murad İbrahimbəyov və
Oleq Səfərəliyev iştirak ediblər.
Festival ərəfəsində
Qafqaz gecəsi də keçirilib. Azər-Çex Cəmiyyəti Azərbaycanın
bu ölkədəki səfirliyi ilə birlikdə tədbir çərçivəsində Azərbaycan gecəsi təşkil edərək,
milli mətbəximizin
nümunələrini qonaqlara
təqdim edib. Müxtəlif ölkə
diplomatlarının və
çoxlu sayda jurnalistin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan
mətbəxinin təqdimatı
Ermənistan səfirinin
narazılığına səbəb olub. Buna baxmayaraq, festivalın iştirakçıları və Çexiyanın Xarici İşlər Nazirliyinin əməkdaşları milli xörəklərimizi
və cəmiyyətin
hazırladığı proqramı
yüksək qiymətləndirib.
Kaspi.- 2007.- 3 avqust.- S.
17.