Aktrisanın
kino sahəsində debütü
Bəsti Cəfərova: Tanrım
mənə həm sənət, həm də analıq sevincini
yaşamağı bəxş edib"
Bildiyiniz kimi, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə xalq artisti,
rejissor Oqtay Mirqasımovun "Günaydın,
mələyim" filminin
çəkilişləri davam
etdirilir. Tammetrajlı
filmə respublikanın
tanınmış aktoyrları
dəvət almışlar.
Belə ki, xalq artisti Fuad
Poladov, Rasim Balayev, Telman Adıgözəlov, aktyorlardan
Ayan Mirqasımova, Şamil Süleymanov və başqaları filmdə əsas rolları yaradacaqlar. Adları qeyd olunan akytorlarla yanaşı, respublikanın
xalq artisti Bəsti Cəfərova da filmdə aparıcı rollardan birinə dəvət almışdır.Filmin çəkilişləri ilə
bağlı aktrisa ilə əlaqə saxlayıb ondan yaratdığı obrazla bağlı müəyyən
məlumatlar əldə
etdik: "İlk olaraq vurğulayım ki, bu film
mənim kino sahəsində debütümdür.
Gələn il yaradıcılıq fəaliyyətimin
30 ili tamam olur. Bu müddət
ərzində heç
bir filmə çəkilməmişəm. Təbii ki, bu, aktrisa üçün
arzuolunmaz bir haldır. Bu mənada ki, fəaliyyətimin ən qaynar, gözəl dövründə hər hansı bir filmdə obraz yaratmaq mənim arzularımdan biri idi. Respublikanın tanınmış və çox nüfuzlu rejissorları ilə birgə yaradıcılıq
fəaliyyətim olsa da, hansısa səbəblərə görə
kino sahəsində nailiyyətlər əldə
etmək imkanım olmayıb. "Günaydın,
mələyim" filmində
öz sənətimə
uyğun olan bir obrazı yaratmaq mənə həvalə olunmuşdur.
Bu, tetrın aparıcı aktrisası Sahibə xanım obrazıdır. Filmin əsas ideyası
Qarabağ döyüşlərindən
və onun ağır nəticələrindən
bəhs olunmasıdır.
Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri
ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş
edilən mənəvi
dəyərlərin insan
həyatındakı rolu
qabardılır. Filmdə
mənim tərəf-müqabilim elə həmkarımdır. Aktrisa
obrazını isə
Ayan Mirqasımova oynayır. Sahibə rolunun, yəni mənim qəhrəmanımın
sonu faciəli sonluqla bitir. Xarici görkəmi çox parlaq olan aktrisanın səhnə fəaliyyəti
onu əhatə edən şəxslər tərəfindən birmənalı
qarşılanmır. Bu
mənada ki, sənətin inkişafı
naminə çalışan
Sahibə xanımı
ətrafdakılar despot
bir şəxs kimi qiymətləndirir, onunla çox zaman hesablaşmırlar. Sahibə xanımın həyat yaşantıları
onu aqressiv olmağa gətirib çıxarır ki, sonda aktrisanın səhhətində çox
ciddi problem yaranır. Xəstə yatdığı anlarda uzun müddət onunla səhnə münaqişələri yaşayan
aktrisa Sahibə xanıma mütəmadi olaraq baş çəkir, onun səhhəti ilə maraqlanır.
Qeyd etdiyim
kimi, bu obraz mənim kino sahəsində ilk işimdir. Filmin rejissoru çəkilişlərdən
çox razı qalmışdı. Qəhrəmanımın
mənəvi, psixoloji
məqamlarını qabarıq
bir şəkildə ifadə etdiyinə görə, rejissor obrazın uğurlu alındığını söyləyir.
Özüm də bir aktrisa kimi
çəkilişlərdən çox razı qalmışam. Çəkilişlərin
əsas hissəsi Musiqili Komediya Teatrında aparılmışdır.
Mənim yaradıcılıq
bioqrafiyamda çox böyük yaradıcı
şəxslərin imzası
var. Sənət müəllimim Ədil İsgəndərov olub. Akademik Milli Dram Teatrına isə Tofiq Kazımov dəvət edib. Kino sahəsində
da ilk addımım
Oqtay Mirqasımov kimi rejissorla başladığından, özümü
sənət aləmində
çox xoşbəxt
sayıram. Kino sənəti bizim sahənin bir qoludur. Düşünürəm
ki, aktrisanın fəaliyyəti bu sahədə paralel inkişafda olmalıdır.
Teatr səhnəsində lirik, psixoloji, faciəvi obrazlar yaradan bir aktrisanın kino sahəsindən kənarda qalması təvazökarlıqdan uzaq
da olsa, deyim ki, çox
ağrıdıcıdır. 10 ilə yaxındır ki, çalışdığım
teatrda sırf faciə əsərlərinin
baş qəhrəmanı
kimi çıxış
edirəm. İstər
estetik, istərsə də sənətkarlıq
baxımından, müəyyən
keyfiyyətlər yaradıcılığımda
öz əksini tapmışdır. Xurşidbanu
Natəvan, Afina şahzadəsi, Afət kimi obrazlar yaradan
aktrisa artıq sənətin hər mürəkkəbliyini görmüş
və səhnədə
obrazlarının həyatlarını
yaşamışdır. Bunu
deməkdə məqsədim
odur ki, aktrisadan gənclik dövründə lazımi
bir şəkildə istifadə olunmalıdır.
Teatrda ən ağır, gərgin rollar oynayan bir aktristanın filmlərə çəkilməyə
mənəvi haqqı
var. Heç zaman sənətimə xəyanət etməmişəm.
Çünki bu sənətə sevgim böyükdür.
"Günaydın, mələyim" filminin təqdimatı bu ilin sonuna qədər
keçiriləcəkdir. Artıq
çəkilişlər sona
yetmiş, yaxın günlərdə film dublyaj olunacaq. Sənətdə də, həyatda da uğurlarımı qazanmışam.
Ulduz həyatı yaşamasam da, teatrda ən yüksək maaşla təmin olunmuşam. Hətta neçə illərdir ki, Prezident təqaüdü alıram.
Həyatda aktrisa
üçün sənətlə
yanaşı, ana olmaq da ən
vacib məsələlərdən
biridir. Artıq qızımın 12 yaşı
var. Tanrım mənə həm sənət, həm də analıq sevincini yaşamaq bəxş edib".
Səs.-2007.-7
avqust.-S.12.