Aktyor sənətindən yaranan
ştrixlər
Rasim
Balayev təkrarsız
obrazlar qalereyasının
yaradıcısıdır
Azərbaycan
kino sənətinin ustad sənətkarları sırasında
hamının isminə böyük məhəbbətlə
yanaşdığı bir aktyorun imzası var. O, respublikanın xalq artisti Rasim Balayevdir.
Aktyorluq sənətinə
başladığı zamandan
bu günə qədər qeyri-adi bacarığı aktyorluq
imkanları ilə sənət tarixinə məxsusi adını həkk edə bilmişdir. Bu, onun aktyorluq sənətinə bağlılığından,
eləcə də böyük istedad sahibi olmasından irəli gələn amildir. Rasim Balayev 1970-ci illərdən
başlayaraq, Azərbaycan
kino sənətində
çalışmış və 40 ilə yaxın bir dövr ərzində müxtəlif mövzularda
olan filmlərdə baş rolun ifaçısına çevrilmişdir.
Rasim Balayev 1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Mədəniyyət və
İncəsənət Universiteti)
aktyorluq fakültəsini
bitirmişdir. 1972-ci ildən
başlayaraq "Azərbaycanfilm"
kinostudiyasında əsas
rolların ifaçısı
çox kimi şaxəli yaradıcılığını
davam etdirmişdir.
Rejissor Həsən Seyidbəylinin 1973-cü ildə
çəkdiyi "Nəsimi"
filmində əsas rol ona həvalə
edilmişdir. Belə ki, gənc bir
aktyor üçün
Azərbaycan ictimai fikir tarixində müstəsna yer tutan bir şairin
həyat və yaradıcılıq yolunu
kino aləmində canlandırmaq Rasim Balayevə tapşırılmışdır.
Görünür, gənc bir aktyora
belə bir obrazı yaratmaq etimadı onun sənətkarlıq xüsusiyyətlərinin
tez bir zamanda
üzə çıxmasından
irəli gəlmişdir.
Filmin ssenari müəllimi İsa Hüseynov, məhz əsərin baş qəhrəmanına məxsus
olan cizgiləri Rasim Balayevin simasında tapa bilmiş, belə bir tarixi şəxsiyyəti
bədiiləşdirərək, geniş bir auditoriyaya təqdim etməyə qərar vermişdir. Həqiqətən
də, film çox uğurlu alınmış, hətta
1974-cü ildə keçirilən
VII ümumittifaq festivalında
ən yaxşı kişi rolu ifasına görə birinci mükafata layiq görülmüşdür.
Kino sənəti tarixindən bizə məlumdur ki, həmin illərdə Azərbaycan tarixində şəxsiyyət kimi ad qazanmış simaların obrazlarının
filmlərdə canlandırılmasına
xüsusi diqqət yetirilmişdir. Belə ki, Heydər Əliyevin hakimiyyətdə
olduğu zaman tarixi filmlərin çəkilməsinə xüsusi
yer verilmişdir. Bu baxımdan, çox keçmir ki, "Babək" filmi ekranlaşdırılmağa
başlayır. Bu filmdə də Rasim Balayev əsas
obrazın yaradıcısına
çevrilir.
Rasim Balayevin sənət
tərcümeyi-halına
diqqət yetirdikdə,
görürük ki, onun potensial imkanlarını dövrün
aparıcı rejissorları
tez bir zamanda
görmüş və
çəkilən filmlərdə
lirik, psixoloji qəhrəmanların həyatının
qabarıq şəkildə
əks olunmasını
gənc aktyorun ixtiyarına vermişlər. Bu seçimdə
həqiqətən də
rejissorlar yanılmamışlar.
Ssenari müəllifi,
rejissor və aktyor komponentindən yaranan filmlərdə Rasim Balayev, həqiqətən də,
təkrarsız obrazlar
qalereyasının yaradıcısına
çevrilmişdir. Onunla
tərəf-müqabil
olan aktyorlar da belə bir
sənətkarın jest
və mimikalarından,
aktyorluq məharətindən
razı qalmış,
hətta onun istedadından bəhrələnmişlər.
Bir çox aktyorlar onunla filmlərdə çəkildiklərindən
çox məmnunluq duymuşlar.
Rasim Balayev
təkcə "Azərbaycanfilm"in istehsalı olan filmlərdə çəkilməmiş, eyni
zamanda, dünyanın
müxtəlif ölkələrində
istehsal edilən filmlərə dəvət
almışdır. Təbii
ki, müxtəlif festivallarda nümayiş etdirilən sənət nümunələrində Rasim
Balayevin aktyorluq cizgiləri bir çox rejissorların diqqətindən yan ötməmişdir. Belə ki,
R.Balayev bir çox kinostudiyaların istehsalı olan - "Mosfilm"in "Azadlıq şirin sözdür", Qorki adına kinostudiyanın
"Əli şimşəkli
atlı", "Özbəkfilm"in "Oyanma", Almaniyanın "Defa"
kinostudiyasının "Əgər
Yer kürəsi dəyirmi olsaydı" və s. filmlərdə
çəkilmişdir. Rasim Balayev bu və
ya digər dövlətlərin kinostudiyasına
dəvətlər almaqla
yanaşı, Azərbaycanda
istehsal olunan filmlərin çəkilişinə
də vaxt ayırırdı. O, adlarını
qeyd etdiyimiz baş rolları yaratmaqla yanaşı,
"Ömrün ilk anı", "Qatır Məmməd", "Arxadan
vurulan zərbə",
"Xoşbəxtlik qayğıları",
"İstintaq", "Gözlə məni",
"İlıq dənizdə
buz parçası"
və digər filmlərdə maraqlı obrazlar yaratmışdır.
Azərbaycan kino sənətinin
müxtəlif mərhələlərində
Rasim Balayev özünəməxsus ifa
tərzi ilə bir-birindən fərqli xarakterli obrazlar yaradaraq, tarixi dövrləri əhatə etməklə
yanaşı, müasir
həyatımızın da
ahəngini orijinal bir şəkildə qəhrəmanının timsalında
əks etdirmişdir.
Belə ki, Azərbaycanda müstəqillik əldə
olunandan sonra istehsal olunan filmlərdə Rasim Balayev bir aktyor
kimi çıxış
etmiş kişi obrazları ilə həyatın müəyyən
məqamlarını ifadə
etmiş və tərəf-müqabilləri
ilə təmasda olaraq sənətindəki
rəngləri, çalarları
yeni yaranan filmlərdə qabarda bilmişdir. Onun müstəqillik dövründə yaratdığı
filmlər sırasında
"Otel otağı",
"Həm ziyarəm,
həm ticarət",
"Nə gözəldir
bu dünya" və s. filmlər
xüsusi yer tutur. Bu filmlər
dövrün çətin
anlarında çəkilsə
də, aktyor üzərinə düşən
məsuliyyəti dərk
etmiş, heç bir problemi nəzərə
almadan aktyor olduğunu kamera qarşısında unutmamışdır.
Bu gün
ömrünün 60-cı
baharına bir addım qaldığı
bir zamanda Rasim Balayev yaradıcılıq
məsuliyyətini daha
da artırmış,
dövlət sifarişi
ilə çəkilən
filmlərdə rol almışdır. Hazırda
aktyor filmlərin çəkilişlərində iştirak edir. Rasim Balayev aktyorluqla
yanaşı, böyük
bir vəzifəni də üzərinə götürmüşdür. O, Azərbaycan Kinematoqrafçılar
İttifaqının birinci
katibi vəzifəsində
çalışmaqla yanaşı,
pedaqoji fəaliyyətini
də davam etdirir. Dünən ad gününü qeyd edən sənətkara uğurlar arzulayaraq, həmişə
beləcə kino sənətində irəlidə
olmasını diləyirik.
Qətiyyətlə deyə
bilərik ki, Rasim Balayev kimi
sənətkarlar, həqiqətən
də, aktyorluq üçün doğulmuş
simalardır.
Səs.-2007.-9
avqust.-S.12.