Əliyev Ə.
Hollandiyada Azərbaycanla
bağlı 3 sənədli film nümayiş etdirilmişdir
Hollandiyada fəaliyyət
göstərən Benilüks Azərbaycanlıları Konqresinin
(BAK) mətbuat xidmətindən bildirmişlər ki, iyulun
29-da qurumun Rotterdam şəhərindəki qərargahında
bu ölkədə yaşayıb yaradan azərbaycanlı
rejissor Ramiz Hindarxlının (Əliyevin) çəkdiyi
"Azərbaycan: dünən və bu gün",
"Azadlığa gedən yol", "Vətən
mənə oğul desə..." sənədli filmləri
nümayiş etdirilmişdir. Tamaşaçıların -
yerli ictimaiyyətin nümayəndələrinin, Hollandiyada
yaşayan soydaşlarımızın və türk diasporu
təmsilçilərinin xahişi ilə filmlərin
nümayişi bir neçə dəfə təkrar
edilmişdir.
Eldar Quliyevin ssenarisi əsasında çəkilmiş "Azərbaycan:
dünən və bu gün" filmində Sovetlər dövründən milli azadlıq hərəkatının
başlandığı dövrə
qədər ölkəmizdə
baş vermiş hadisələr öz əksini tapmışdır.
"Azadlığa gedən
yol" 1988-ci ilin məlum hadisələrindən
1990-cı ilin "Qara Yanvar" faciəsinədək olan dövrü əhatə edir. Tanınmış yazıçımız
İsi Məlikzadənin ssenarisi əsasında yaradılmış
"Vətən mənə oğul desə..." filmində
isə işğalçılıq siyasəti yeridən
erməni hərbçilərinin mühasirəsinə
düşmüş azərbaycanlı
döyüşçüləri xilas etmək
üçün özünü düşmən tankının altına ataraq
partlatmış, onlarca döyüş yoldaşının
həyatını xilas etmiş və vətənimizin
ərazi bütövlüyü uğrunda həlak olmuş
Milli Qəhrəman Etibar İsmayılovun həyat və
döyüş yolundan söz açılır.
Sonda rejissor R.Hindarxlı ona həmişə dəstək vermiş və belə bir tədbirin keçirilməsinə yaxından köməklik göstərmiş Dünya Azərbaycanlıları Konqresinə minnətdarlığını bildirmişdir.
Xatırladaq ki, holland kinematoqrafçıları filmlərə xüsusi maraq göstərmişlər. Yaxın vaxtlarda həmin filmlər DAK-ın dəstəyi ilə holland dilinə tərcümə ediləcəkdir.
Respublika.- 2007.- 2 avqust.- S. 6.