"Hoqqabazlar" filmi hazırdır
Emin Mırabdullayev: Deyirlər ki, bizdə yaxşı
aktyorlar yoxdur, yalandır, var
Xeyli müddət əvvəl
Emin Mirabdullayevin film çəkməsi barədə
məlumat vermişdik. Yəqin Emini çoxları istedadlı
klipmeyker kimi tanıyırlar. Ancaq sənətə
gələndə o, film çəkmək arzusunda olub.
Nəhayət ki, Eminin bu arzusu reallaşıb və Elmar
Dəcəlin ssenarisi əsasında film çəkmək
təklifi alıb.
Filmin
çəkilişləri bir müddət əvvəl
başlasa da, artıq rejissorun sözlərinə görə,
çəkilişlər tam bitib. Filmin
iş prosesində ilkin adı "Halal pullar" adlansa da, sonda
qərara gəlinib ki, adıçəkilən
ekran əsəri
"Hoqqabazlar" adlansın.
Emin Mirabdullayevin "Şərq"ə verdiyi məlumata görə, filmin çəkilişləri artıq
tam bitib. Səsləndirmə işləri
də artıq başa çatıb. Filmin operator yükü Kənan Məmmədovun üzərinə
düşüb. Filmin
bəstəkarları isə
Rəşad Haşımov
və Ənvər Sadıqovdur. Adıçəkilən
ekran əsərinin səs rejissoru kimi Teymur Kərimov
çalışıb. Filmin
ssenarisi, ideya xətti barədə bir müddət öncə Emin Mirabdullayev "Şərq"in oxucularına məlumat vermişdi. Bir daha xatırladaq
ki, film sosial mövzuda olan bir çox
problemləri özündə
təcəssüm etdirir,
madiyyatın, pulun cəmiyyətdə nə
qədər önəmli
olduğu, paraya görə mənəviyyatın bəzən
itirilməsinin mümkünlüyü
özünü göstərir.
Rejissorun sözlərinə
görə, bu ciddi mövzuya müraciət edərkən
onların məqsədi
tamaşaçını yalnız
düşündürərək yükləmək niyyəti
deyil. Onlar satirik mövzuda çəkilən bu filmdə tamaşaçının
bir qədər satirik formada problemə yanaşmasını
təmin ediblər. Düşünmək imkanı
olan tamaşaçı
problemlərin çözümünü
yüklənərək həll etmir, sadəcə,
gülüşlə qəbul edərək
münasibətə yanaşmaq imkanı əldə edir. Emin
Mirabdullayevin sözlərinə görə, filmdə çox
professional yaradıcı heyət çalışıb.
"Hoqqabazlar"da əsas rolları Ramiz Əzizbəyli, Nuriyyə
Əhmədova, Arif Quliyev, Rəfael İsgəndərov,
tanınmış şoumen Murad Dadaşov, keçmiş
"KVN"-çi Bəhram və digərləri
çəkiliblər. Emin Mirabdullayev çəkiliş
meydançasında bəzi aktyorların onu heyrətləndirdiyini
də gizlətmədi: "Deyirlər ki, bizdə yaxşı
aktyorlar yoxdur, yalandır, var. Bu filmdə mən Azərbaycanın
güclü aktyor potensialı olduğuna bir daha əmin oldum. Professional
aktyorları demirəm, filmdə Murad Dadaşovun
oynadığı obraza baxanda mənimlə
razılaşarsmız ki, bu insanda nə qədər aktyor istedadı,
bazası mövcuddur. İş prosesində mən bir daha onun
sənətə vurğun insan olduğuna əmin oldum. Bu insan
gözəl istedada malik olmaqla yanaşı, özünə,
sənətinə, o cümlədən
qarşısındakılara məsuliyyətlə yanaşa
bilir. İnanın ki, əgər səhər Murad Dadaşovun
çəkiliş meydançasında olması
gərəkli idisə, o gecə saat 3-də mənə
zəng vurub soruşurdu ki, Emin, sabah, mən nə
etməliyəm, nə lazımdır, nə
məsləhət görərdin? Deyirdim ki, ay Murad, yat. Səhər çəkiliş
meydançasında bunları
bilərsən. Məsələ burasındadır ki, bu insanın özünə qarşı
tələbkarlığı, sənətinə qarşı
məsuliyyəti var. O qədər
professional aktyor potensialına
malikdir ki, sanki illərdir kamera qarşısında rol yaradıb. Nuriyyə Əhmədova da
professional aktrisa kimi çox xoşuma gəldi. Hələ Rəfaeldən danışmıram.
Rəfael indiyə qədər
bir çox obrazları yaratsa da, tamaşaçı onu bu filmdə
bəlkə də fərqli bir ampluada görə biləcək. Filmin çəkilişindən
böyük zövq aldım. Çünki burada professional aktyor
heyəti ilə yanaşı, dostlarımla
birgə çalışırdım".
Xatırladaq ki, filmin təqdimat
mərasiminin Yaşıl
Teatrda keçirilməsi
nəzərdə tutulub. Çox güman
ki, sentyabr ayında "Hoqqabazlar"ın
premyerası böyük
rezonans doğuracaq.
Bundan əlavə, Emin Mirabdullayev bəzi sənətçilərə
də mesaj göndərdi: "Nədənsə,
müğənnilər elə
hesab edir ki, mən daha
klip çəkmirəm.
Ona görə də film çəkilişindən
sonra heç kim mənə
müraciət etmir. Düzdür,
film çəkmək mənim
ən böyük arzum olub və
düşünürəm ki, rejissor üçün
film çəkmək istəyinin
reallaşması böyük
uğurdur. Ancaq biz Azərbaycanda
yaşadığımız üçün müəyyən
reallıqlarlarla barışmalıyıq.
Məsələ burasındadır ki, mənim maddi durumum üçün
klip çəkməyə
də ehtiyacım var.
Bildirmək istəyirəm
ki, klip çəkmək təklifi
olsa, yenə də klipmeyker kimi çalışmağı
düşünürəm. Film çəkmək isə tamamilə başqa bir istiqamət, sahədir.
Burada gələcəkdə də
özümü göstərmək
niyyətindəyəm. Yeri gəlmişkən onu da qeyd edim
ki, "Hoqqabazlar"ı
təhvil verdikdən sonra yeni bir
layihə üzərində
çalışmağa başlayacam.
Sözsüz ki, eyni yaradıcı heyətlə.
Onu da qeyd edim
ki, bu layihəni
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırmağı planlaşdırmışıq.
Nazirliyin
sifarişi ilə növbəti bir ekran əsəri hazırlanacaq. Bu barədə payız aylarında ətraflı məlumat vermək mümkündür".
Şərq.- 2007.- 17 avqust.- S. 11.