Əliqızı Z.

 

Mövlana nuru ilə Tanrıya doğru

 

Şairə Fəridə Hacıyeva bu yolu ən düzgün yol sayır

 

Fəridə Hacıyeva. 1953-cü ildə Sumqayıtda anadan olub. Əvvəllcə N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunu, sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. Azərbaycan-Rumıniya Mədəni Əlaqələr Birliyinin üzvüdür. Məhsəti Gəncəvi adına fəxri diplomla təltif olunub. "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatları laureatıdır. Hazırda M.F.Axundov kitabxanasında bölmə müdiri işləyir.

 

- Fəridə xanım, yaradıcılığa nə vaxt başlamısınız?

- Mən deyərdim ki, elə 12-13 yaşlarımdan başlamışam. Bu, bir uşaq həvəsiydi, gələcəkdə belə bir işlə məşğul olacağım, başqa sözlə, şair olacağım o zamanlar əlbəttə, ağlıma belə gəlməzdi. Mən o dövrdə özüm üçün yazırdım. İlk şerimi isə Səməd Vurğunun 60 illiyinə həsr etmişəm. Bundan sonra yazmağa başlamışam.

- Sizin vətənpərvərlik mövzusu ilə bağlı şeirləriniz daha çoxdur.

- Bəli, Vətən mənim canım-qanımdır. İnsana Vətəni qədər əziz nə ola bilər? Bizə məktəb illərində öyrədirdilər ki, Vətən - Anadır. Bu necə də düzgün deyimdi. Doğrudan da, Vətənsiz insan elə anasız uşağa bənzəyir. Bu da məlumdur ki, uşaq anadan yetim qalır...

- Siz Sumqayıtda anadan olmusunuz. Ancaq bütövlükdə Vətənə, onun tapdaq altda qalmış torpağına, şəhid olmuş oğullarına həsr etdiyiniz şeirlərinizdə sanki göz yaşı tökürsünüz...

- Göz yaşı tökmək bizə yaraşmır. Ancaq mən nə edim? Mən qadınam, anayam və nəhayət, duyğulu bir insanam. Çox vaxt üzümü Tanrıya tuturam. Deyirəm, Allahım, elə et ki, düşmən qarşısında aciz qalmayaq. Oda-alova dönüb doğmadan-doğma olan yurdumuzu xain düşmənin mənfur caynağından xilas edək...

- Vətən məfhumu nədir axı, o nəyi ifadə edir?

- O nəyi ifadə etmir ki?! Kəkotulu, yovşanlı dağlar, düzlər Vətən deyilmi? Allı-güllü yamaclar Vətən deyilmi? Ay işığında bərq vuran Həkərim, bumbuz kəhrizlərim nədir bəs? Vətən yeyilib-içilmir axı, Vətən sevilir!

- Sizin "Bağışla, Vətən, bağışla" adlı bir şeiriniz var: Vətəniniz qarşısında diz çöküb yalvarırsınız ki, sizi - bizi bağışlasın.

- Mən özümü gözükölgəli, xəcalətli hiss edirəm Vətənimin qarşısında. Onun qarşısında baş əyirəm. Mən onu qoruya bilməyənlərdənəm. Mən özümü körpələri pərən-pərən düşüb ağlar qalan, gözü yollardan yığışmayan çarəsiz bir ana kimi hiss edirəm. Günün qürub çağında üzümü əsir ellərə tutub bayatı çağırıram...

- Fəridə xanım, sizin "Qaytaram Tanrı sevgisin" adlı bir kitabınız isə bütövlükdə Cəlaləddin Rumiyə həsr edilib. Kitabın əvvəlində yazırsınız: "Qaytaram Tanrı sevgisin" adlı kitabı əsrlər boyu nuruyla könüllərə sevgi bəxş edən, çəmən qoxulu çiçəklərin sirlərini, gözəlliyin dənəciklərini duymaq üçün yol göstərən əfəndimiz, ağamız Cəlaləddin Rumi Hz.Mövlanaya ithaf edirəm". Sizdə bu ruh haradandır?

- Əvvəlcə bunu qeyd edim ki, mən "Mövlana və mövləvilik" simpoziumuna dəvət almışdım. Orada iştirak etməyimlə fəxr edirəm. Orada hətta Mövlananın nəslinin bir nümayəndəsi ilə də görüşmüşdük. İnsanların iç dünyasını 800 il öz parlaq nuruna qərq edən, ürəklərdə xoş duyğular bitirən, kiçikdən böyüyə qədər sevgi adlı möhtəşəm hiss-həyacanın incəliyini könüllərə hopduran Hz.Mövlana məni qüdrəti, böyüklüyü ilə özünə çəkir. İllər, əsrlər ötdükcə Ağamız, Sultanımız Hz.Mövlananın böyüklüyü, ucalığı Yer üzünün ən qiymətli, cilalanmış daş-qaşından üstün görünür.

Artıq 800 ildir ki, bütün türk dünyası Hz.Mövlana zəkasının işığından nur alır, bu zəkanın nurunda mənən rahatlığını tapır. Onun miras qoyduğu lətif sözlər, kamil fikirlər, ən qüdrətli mənanı kəsb edir.

Mənə elə gəlir ki, günəş, ay, ulduzlar öz nurunu itirməyən kimi, Mövlana böyüklüyünün işığı da öz şöləsini itirməyəcək. Və biz ruhən bu işığa bağlıyıq, bu işığı tutub gedirik...

- "Adını çəkməyə bir şey istərəm,

Eşqin atəşidir canıma düşüb". Yəqin ki, bu eşq adi eşq deyil.

- Əlbəttə! Hz.Mövlana elə bir varlıq, elə bir parlaq günəşdir ki, onun yaydığı qızılı tellər könüllərə gözəllik bəxş edir. Onun əsərlərinin sehri insanların həyat məktəbinə çevrilir. Mövlanasevərlər "Məsnəvi"nin hikmətindən, "Divani Kəbirin" coşqulu mövzusundan bəhrələnərək yüz illərdir ki, mənən təmizlənə-təmizlənə gedirlər.

- Mövlananı bütünlüklə anlamaq mümkündürmü?

- Xeyr! Onu bilmək və anlamaq bəs etməz. Onu duymaq gərəkdir. Yüz illərlə onun yolunun işığı ilə gedən insanlar Hz.Mövlana gözəlliyinin ümmanına baş vuraraq incilər toplayır, könüllərdən-könüllərə çatdırırlar.

- Sizin "Səma rəqsi" adlı bir şeiriniz var. Bilmək istərdik; bu nə rəqsdir, belə?

- Hz.Mövlanadan bu günə gəlib çıxan bir müqəddəs rəqs var ki, ona Səma rəqsi deyərlər. Bu oyun öz gözəlliyi ilə insanı ehtizaza gətirir. Səma rəqsində olan incəlik, dolğunluq, qüdrət insanın varlığını büsbütün ağuşuna alır. Gözəllik adlı bir aləmə düşürsən. Bir çox yüngül rəqslərdən fərqli olaraq, Səma rəqsinin aliliyini ruhən duyursan. Belə nurla dolu, dolğun, incə ruhlu Səma rəqsini bizə miras qoyan Hz.Mövlanaya borcluyuq.

- Mövlananın "Məsnəvi-Şərif"indən aldığınız ruhi qida nədir?

- "Mənəvi-Şərif"də insan tərbiyəsinin, könül paklığının ucalığından söz açılır. Burada insan qəlbinin incəliyi o qədər özəlliklə təhlil olunur ki, bu məktəbi öyrənənlər sevgiylə bəhrələnirlər. "Məsnəvi"də oxuduğumuz nəsihət ruhlu hekayətlər insanı vəcdə gətirir. Mənim onun əsərlərindən aldığım ruhi-mənəvi qida əvəzolunmazdır. Mövlana əsərlərinin böyüklüyü ondadır ki, onun tilsiminə düşən kəs tanrıya ucalan gözəlliklərdən, alilikdən əl çəkə bilməz. Məhz bu hünərinə görə, Hz.Mövlana Böyük Türk İslam təsəvvüfçüsü, məna ərlərinin öndəri, aşiqlərin sərvəri və könüllər sultanı adlandırılıb.

- Bilmək olarmı, Hz.Mövlanaya olan bu tükənməz sevgi nədəndir?

- Hz.Mövlana haqqında cildlərlə kitablar, həyat və yaradıcılığı ilə bağlı çoxlu elmi əsərlər yazılıb. Bəziləri bu sahədə tədqiqat aparmaqla elmi titullara yiyələniblər. Mənim isə bu müqəddəs insana sevgim başqadır.

Bu təmənnasız sevginin yolu o qədər mənalıdır ki, bu incə yolu gedə-gedə haqq yoluna çatmağın gözəlliyini dərk edirsən. Bu yolun əzabını, ağrısını, əlvanlığını, paklığını olduğu kimi qəbul edirsən. Qəlbinin səsini ney səsinin saf, təmiz tellərində kökləyirsən. Tanrının eşidə biləcəyi ney sədaları altında gediləcək yol insanlığın özüdür. Artıq bir neçə ildir ki, kimsədən xəbərsiz, gözəgörünməz bir xəyal kimi əlimdə əsam Sultanım Hz.Mövlananın izinə düşüb onun qurub yaratdığı insan bağçasına doğru bütün gözəlliklərdən pay ala-ala gedirəm. Və inanıram ki, bu yolun ölməzliyini, gözəlliyini qoruyan müridlər nəsil-nəsil artacaq, kamilliyin zirvəsinə ucalacaqlar. Qoy Tanrım bu yolun yolçularına kömək olsun!

- Siz Rumın şairi Mixay Emineskonun şeirlərini tərcümə etmisiniz. Bu işi öz təşəbbüsünüzlə etmisiniz, yoxsa?..

- Yox, mən bunu öz təşəbbüsümlə etməmişəm. Azərbaycanda Azərbaycan-Rumın Mədəni Əlaqələr Birliyi var. Rumıniyada da Azərbaycan-Rumın Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Bunların ikisinin də missiyası eynidir. Mən həmin cəmiyyətin təşəbbüsü ilə bir ziyalı kimi oraya dəvət olundum. Mən onların tanınmış şairi olan Mixay Emineskunun şeirlərini tərcümə etmişdim və həmin şeirlər mətbuatda çap olunmuşdu. Sonra onların səfiri mənə dedi ki, şairin kitabını tərcümə edib çap eləyək. Sözün düzü, əvvəl ehtiyat elədim. Mən fikirləşirdim ki, tərcümə yaxşı səviyyədə alınmaya da bilər. Lakin onlar bildirdilər ki, ayrı-ayrı şeirlərin tərcüməsi xoşlarına gəlib. Mən şairin həyat və yaradıcılığı ilə tanış oldum. Yalnız bundan sonra tərcümə etməyə başladım. Kitab çap olundu. Bizim kitabxanada Rumıniya səfirliyi kitabın təqdimatını keçirdi. Sonra məni Rumıniyanın Kostansiya şəhərinə dəvət etdilər. Orada da kitabın təqdimatı keçirildi.

- Fəridə xanım, bir kitabxana işçisi kimi, öz işinizi sevirsinizmi?

- Əlbəttə, bura özü bir məbədgahdır, mən 18 yaşımdan burada işləyirəm. Yaradıcı insan olasan, daim kitabların arasında olasan, bu işi necə sevməmək olar? Burada gündəlik mütaliəmiz olur. İlk növbədə bir rəhbər kimi, qəzet və yurnalları özüm nəzərdən keçirməliyəm. Sonra oxucuların ixtiyarına verilir. Kitabxanada ən aktual bölmələrdən biri dövri mətbuatdır. Onun oxucusu hər zaman olur. Humanitar elm zalı, texniki elm zalı və s. ixtisaslı zallar var. Buranın isə oxucuları bütün sahələri əhatə edir. Ona görə də, bu şöbənin işi ağırdır. Oxucularımızın əsas hissəsini isə tələbələr təşkil edir. Lakin hazırda tətil olduğundan, tələbə gözə dəymir.

- Çox zaman gənclərin mütaliə ilə məşğul olmadığından giley-güzar eşidirik. Həm yaradıcı insan, həm də bir kitabxanaçı olaraq, bunun səbəbini necə izah edərdiniz?

- Mən deyərdim ki, daim mütaliə ilə məşğul olan gənclərimiz var. Amma bu məşğuliyyət hazırda azalıb. Əvvəllər elə hallar olurdu ki, mənim yadıma gəlir, bir kitabı cəmi iki günlüyə alıb oxuyurduq. Bir gün yoldaşım, o bir gün isə mən gecəni yatmayıb oxuyurduq. Kitablardan müsbət eneryi alırdın. İnsan özünü tərbiyələndirirdi.

Hazırda mütaliənin bir növ arxa plana keçməsi iqtisadi çətinliklərlə bağlıdır. Əvvəl iş və maaş vardı, indi yaxşı yaşamaq istəyirsənsə, bütün gününü işə sərf etməlisən və mütaliəyə vaxt qalmır. Video, kompyuter də belə yayılmamışdı. Əsas maraq kitaba idi. İnsan oradan bilik alırdı və kitab bilik mənbəyi idi. Doğrudur, bu fikir indi də öz əhəmiyyətini itirməyib, lakin bilik mənbələri necə deyərlər, artıb...

 

Kaspi.-2007.-31 avqust.-S.22.